Sosial xəbərlər

post-img

Əmək bazarı hesabatı

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun növbəti iclası keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərlik etdiyi işçi qrupunun rəhbəri, nazir müavini Anar Kərimov, Komissiya katibliyinin rəhbəri, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri Nigar Vahabzadə, işçi qrupunda təmsil olunan hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak etdikləri toplantıda 2024-cü il üçün Fəaliyyət Planının icrası, Dünya Bankı Qrupunun “Business ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı Yol Xəritəsi üzrə ötən il görülmüş işlərə dair təqdimatlar edilib. 

Əmək bazarının inkişaf etdirilməsi, sahə qanunvericiliyinin təkmilləşdirilməsi, fəal proqramların genişləndirilməsi və işçi qüvvəsinin bacarıqlarının artırılması istiqamətlərində atılan addımlar qeyd olunub. Hesabatın müvafiq alt-indikatoru üzrə aparılan diaqnostikanın ilkin nəticələri, 2025-ci ildə qarşıda duran prioritetlərmüzakirə edilib. “Əmək bazarı” işçi qrupunun 2025-ci il üçün Fəaliyyət Planının və 2025-ci il üçün Yol Xəritəsinin layihələri də nəzərdən keçirilib.

Özünüməşğulluğa dəstək

Dövlət Məşğulluq Agentliyi növbəti mərhələdə 9 min 200 işsizin özünüməşğulluq proqramına cəlb olunmasını planlaşdırır.

Proqram iştirakçılarına ilkin olaraq  təlim kursları təşkil olunur, onlara kiçik biznesin təşkili üzrə zəruri bilik və bacarıqlar öyrədilir. Kursları uğurla başa vuran şəxslər seçdikləri iqtisadi fəaliyyət üzrə mal və materiallarla təmin ediləcək, onlara kiçik təsərrüfatlar qurmaqda dəstək veriləcək. İndiyədək 95 mindən çox işsiz və işaxtaran belə proqrama cəlb olunub. 
Xatırladaq ki, Agentlik bu ilin yanvar ayında 27 min 200 şəxsi fəal məşğulluq tədbirləri ilə əhatə edib. Onlardan 8 min 200-ü münasib işlərlə təmin olunub, 577 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. 112 işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 18 min 300 şəxsə peşəyönümü xidmətlər göstərilib. 

880 min ödəniş təyinatı 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüdləri elektron qaydada təyin edir.

Bu il fevralın 1-dək 880 min (o cümlədən pensiya üzrə 142 min, müavinət və təqaüdlər üzrə 738 min) təyinat e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib. Nəticədə, vətəndaşların hüquqları yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan, həmin sosial ödənişlər onlara proaktiv qaydada təyin edilib.
DSMF-nin aylıq büdcəsi 

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri bu ilin yanvar ayında proqnozla müqayisədə 8 faiz və ya 44 milyon manat çox olmaqla 579 milyon manat təşkil edib.

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 11 faiz və ya 44 milyon manat artaraq 443 milyon manat olub.

Ötən ay DSMF-nin xərcləri 574 milyon manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 13 faiz və ya 66 milyon manat çoxdur.

Zərifə HÜSEYNOVA
XQ







Sosial həyat