Qarabağın bərəkət ünvanı

post-img

Ağcabədi ölkənin taxılçılıq məktəbinə çevrilib

Ölkəmizdə ərzaq təhlükəsizliyinin daxili istehsal hesabına təmin olunması məqsədilə son illərdə genişmiqyaslı tədbirlər həyata keçirilir.

Etibarlı ərzaq təminatında dənli və texniki bitkilərin yetişdirilməsi və tədarükü strateji əhəmiyyət daşıyır.

Belə ki, taxılçılıq əhalinin əsas ərzaq məhsulu sayılan çörəyə və digər un məmulatlarına tələbatını ödəməklə yanaşı, eyni zamanda, quşçuluq və maldarlıq üçün də yem bazası rolunu oynayır. Ona görə də Azərbaycan dövləti tərəfindən regionlarda bu sahənin inkişafı məqsədilə zəruri tədbirlər görülür, mühüm qərarlar qəbul edilir.

Təsərrüfatlarda məhsuldarlığın artırılmasında müasir metodların tətbiqi, yeni suvarma üsullarından geniş istifadə olunması, aqrotexniki qaydalara əməl edilməsi və bu qəbildən olan digər tədbirlər də vacib rol oynayır. Regionlarda taxılçılıq təsərrüfatlarında həyata keçirilən belə tədbirlərin nəticəsidir ki, son illərdə taxıl istehsalında davamlı olaraq artım müşahidə edilir.

Dənli və texniki bitkilərin əkini üçün barlı-bərəkətli torpaqlara malik Ağcabədi rayonunda da taxılçılığın inkişafı daim diqqətdə saxlanılır. Rayon rəhbərliyinin xüsusi yanaşması sayəsində yola saldığımız təsərrüfat ili bu strateji sahədə yeni uğurların əldə edilməsi ilə nəticələnib. Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanovun “Xalq qəzeti”nin Qarabağ bürosuna verdiyi məlumata görə, rayonda 2023–2024-cü təsərrüfat ili üçün taxıl biçini yüksək məhsuldarlıqla yekunlaşıb.

Hesabat dövründə taxıl səpini aparılmış 19 min 997 hektar buğda sahəsindən 95 min 245 ton, 12 min 664 hektar arpa sahəsindən isə 49 min 641 ton məhsul əldə edilib. Buğda sahələrində hər hektar üçün orta məhsuldarlıq 47,6 sentnerə, arpa sahələrində isə 39,2 sentnerə çatıb. Ümumilikdə, ötən il Ağcabədi rayonu üzrə 32 min 662 hektar sahədən 144 min 860 ton məhsul əldə edilib, hər hektar üzrə orta məhsuldarlıq isə 44, 4 sentner olub.

Müqayisə üçün bildirək ki, bundan əvvəlki, yəni 2022–2023-cü ildə rayonda 19 min 514 hektar sahədə buğda əkilmiş və 74 min 211 ton məhsul yığılmış, yəni hər hektardan 47,5 sentner məhsul əldə edilmişdi.

Həmin dövrdə biçin aparılmış 26 min 664 hektar sahədən 120 min 714 ton məhsul toplanılmışdı.

Ağcabədililər yeni təsərrüfat ilinə də böyük ruh yüksəkliyi ilə hazırlaşırlar. Payızlıq əkin işlərinə vaxtında yekun vurulub. Ötən illə müqayisədə daha artıq sahədə buğda və arpa əkini həyata keçirilib, rayon üzrə 2024–2025-ci təsərrüfat ili üçün 20 min 353 hektar buğda və 13 min 266 hektar arpa olmaqla, 33 min 620 hektar sahədə taxıl səpini aparılıb. Bunun 23 min 716 hektarı suvarılan, 9 min 904 hektarı isə dəmyə torpaqlardır.

“Torpaq deyir öldür məni, dirildim səni”. Bu atalarımızın qənaətidir. Bu gün Ağcabədi rayonunda bol məhsul əldə etmək, ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə vermək üçün torpaq sevgi ilə, zəhmətlə becərilir. Babalarımızın “öldür” dedikləri isə, əslində torpağı diriltmək, ona tər qatmaqdır.

Hər kəs yaxşı dərk edir ki, bu gün çəkilən zəhmətin, torpağa atılan toxumların, ona göstərilən qayğının mükafatı bol çörəkdir. Bol çörək isə böyük Səməd Vurğunun dediyi kimi, basılmaz Vətən deməkdir.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri,
Ağcabədi

İqtisadiyyat