Orta əməkhaqqı 5 ildə 40 faiz artıb

post-img

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1009,2 manat (əvvəlki illə müqayisədə 75,4 manat və ya 8,1 faiz, son 5 ilin göstəriciləri ilə müqayisədə isə 301,9 manat, yaxud da 42,7 faiz çox) olub.

2023-cü ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 933,8 manat, 2020-ci ildə 707,3 manat, 2021-ci ildə 732,1 manat, 2022-ci ildə isə 839,4 manat təşkil edib.

Ötən il iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Xatırladaq ki, cari ilin yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1,7 milyon nəfər olub, onlardan 882,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 895,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

İqtisadiyyat