Ölkənin kənd büdcəsi böyüyür

post-img

Gələn il bu sahəyə 1 milyard 172 milyon manat ayrılması nəzərdə tutulur

2025-ci ilin dövlət büdcəsində kənd təsərrüfatına 1 milyard 172 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. 2021-ci illə müqayisədə bu, 29 faizə yaxın artım deməkdir.

Maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin iclasında daha sonra bildirib ki, kənd təsərrüfatı xərclərinin 45 faizi və yaxud 528 milyon manatı ölkənin ərzaq təhlükəsizliyi tədbirlərinin maliyyə təminatına sərf ediləcək. Cari illə müqayisədə bu, 5 faiz artım deməkdir.

Nazir torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasından bəhs edərkən bildirib ki, kənd təsərrüfatına ayrılan xərclərin 43,6 faizi və yaxud 511 milyon manatı müasir suvarma üsullarının tətbiqinə, subartezian quyularının saxlanılmasına və digər meliorasiya tədbirlərinə yönəldiləcək. Cari illə müqayisədə bu göstərici 2,2 faiz çoxdur.

Kənd təsərrüfatının inkişafı məqsədilə digər tədbirlərə isə 133 milyon manat vəsait ayrılacaq. Bura baytarlığın gücləndirilməsi, kənd təsərrüfatı heyvanlarının, bitkilərin sığortalanması və aqrar sahənin maddi-texnik təminatın möhkəmləndirilməsi kimi tədbirlər daxildir.

İqtisadiyyat