Bu il Orta Dəhlizdən 300 Çin qatarı keçəcək

post-img

2024-cü ilin ötən dövründə Çindən Orta Dəhlizlə yola salınan 210-dan çox blok qatarı qəbul edilib. İlin sonunadək isə blok qatarlarının sayının 300-ü keçəcəyi gözlənilir. Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən (QSC) məlumat verilib. 

Bildirilib ki, “Azərbaycan Dəmir Yolları” QSC və Çin şirkətləri arasında Çin mənşəli yüklərin konteyner blok qatarlarla Bakı–Tbilisi¬–Qars (BTQ) dəmir yolu xətti üzərindən daşınması barədə razılaşma əldə edilib. Məlumatda, həmçinin 7 il əvvəl istifadəyə verilmiş BTQ dəmir yolu xəttinin ötən illər ərzində regional və qlobal yükdaşımalarda Azərbaycanın rolunu əhəmiyyətli dərəcədə gücləndirdiyi vurğulanıb. 

Xatırladaq ki, BTQ-nin tikintisinə 2008-ci ildə başlanılıb və dəmir yolu xətti 2017-ci il oktyabrın 30-dan istismara verilib. 2023-cü il mayın 16-dan yolun Gürcüstan hissəsi təmir-bərpa işləri ilə əlaqədar bağlanılıb. Bu il mayın 20-dən isə dəmir yolu ilə yükdaşıma bərpa edilib. Həmin gün 20 konteynerdən ibarət ilk yük qatarı Abşeron Logistika Mərkəzindən Gürcüstan istiqamətində hərəkətə başlayıb. 

BTQ-nin Gürcüstan hissəsinin təmiri nəticəsində yükdaşımaların həcminin ildə 5 milyon tona çatması, dəmir yolu xəttinin Orta Dəhlizin ən cəlbedici hissəsindən birinə çevirməsi planlaşdırılır.

Qeyd edək ki, BTQ dəmir yolu Asiya və Avropanın dəmir yolu şəbəkələrinin birləşdirilməsini gerçəkləşdirməklə bərabər, həm də 3 ölkə (Azərbaycan–Gürcüstan–Türkiyə), eləcə də Asiya ilə Avropa arasında yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycan, 263 kilometrlik hissəsi Gürcüstan, 79 kilometrlik hissəsi isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, sonrakı mərhələdə 17 milyon ton, bundan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Xatırladaq ki, 2023-cü ildə bu marşrutla 2 milyon 750 min ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 64 faiz çoxdur.

BTQ magistralı boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu getdikcə artır, əməkdaşlıq dərinləşir. Beləliklə, sözügedən marşrut sabitliyə və təhlükəsizliyə xidmət göstərir, ən başlıcası isə Azərbaycanın geosiyasi əhəmiyyətini artırır və respublikamızın inkişafı üçün əlavə imkanlar yaradır. 

Hazırda Orta Dəhlizin ən vacib seqmentlərindən olan BTQ dəmir yolunun modernləşdirilməsi diqqət çərkəzindədir. Bu, Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilir. Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində tikilən BTQ dəmir yolu xətti getdikcə beynəlxalq nəqliyyat şəbəkəsində cəlbediciliyini artırır, Şərqdən Qərbə və əks istiqamətdə yükdaşımalarda bu marşrutdan istifadəyə tələbat davamlı olarq yüksəlir.

Dəmir yolu xəttinin modernləşdirilməsinin əsas məqsədi Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması və yüklərin əhəmiyyətli hissəsinin BTQ dəmir yoluna cəlb edilməsidir. Çünki Çin və Mərkəzi Asiya ölkələrindən quru yolla daşınan yüklərin ən qısa müddətdə Avropaya çatdırılmasında adıçəkilən polad magistralın əhəmiyyəti olduqca böyükdür. Asiyadan gələn yüklərin Azərbaycan üzərindən biraşırımlı əməliyyatla Avropaya daha sürətli çatdırılması həmin xəttin regional nəqliyyat sistemində önəmini daha da gücləndirir. 

Həm geosiyasi, həm də iqtisadi anlamda Azərbaycanın mövqeyinin gücləndirilməsinə xidmət edən bu layihənin əhəmiyyəti hazırkı beynəlxalq şəraitdə özünü daha qabarıq büruzə verir. Ukraynada davam edən müharibə fonunda Qərbin Moskvaya tətbiq etdiyi sanskiyaları və Rusiya ərazisindən yan keçən yeni dəhlizlər axtarışına çıxması Orta Dəhlizin və bu marşrut üzərində yerləşən Azərbaycanın nəqliyyat və logistika imkanlarını getdikcə genişləndirir. 

Yeni qlobal çağırışlar respublikamızın avtomobil yollarının, dəmir yolu infrastrukturunun, eləcə də BTQ marşrutunun əhəmiyyətini artırır. Ötən illərdə həyata keçirilən infrastruktur layihələri sayəsində Azərbaycan hazırda bu çağırışlara ən çox hazır olan ölkələr sırasındadır.

İqtisadiyyat