Türkiyə şirkəti Ağdamda

post-img

İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, Türkiyə kapitallı “Birlik Deri” MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib. Bununla da rezidentlərin sayı 28-ə yüksəlib. 

Şirkətin sənaye parkının 3,5 hektar ərazisində dəri və dəri məmulatlarının istehsalı layihəsinin icrası nəzərdə tutulub. Eyni zamanda, investisiya dəyəri 20,8 milyon manat olan layihə çərçivəsində 250-dən çox yeni iş yerinin yaradılması planlaşdırılıb. İtaliya, Türkiyə, Cənubi Koreya kimi qabaqcıl ölkələrin texnologiyalarından istifadə ediləcək müəssisədə istehsal olunacaq məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da nəzərdə tutulub.

Qeyd edək ki, Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 260 milyon manat olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. 

İndiyədək parka 92 milyon manatdan çox investisiya yatırılıb, 370-dən artıq iş yeri yaradılıb, 2300-ə yaxın iş yerinin açılması isə qarşıya mühüm vəzifə kimi qoyulub.

Azərbaycan Prezidentinin 28 may 2021-ci il tarixli fərmanı ilə yaradılan və 190 hektar ərazini əhatə edən sənaye parkında tikinti materiallarının hazırlanması, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, soyuducu kameraların istehsalı müəyyənləşdirilib.

 

İqtisadiyyat