İqlim konfransı ərəfəsində Əqli Mülkiyyət Agentliyi “Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda “dəyirmi masa”keçirilib. Açılış mərasimində qurumun sədri Kamran İmanov əqli mülkiyyətə əsaslanan innovasiyaların “yaşıl” gələcəkdəki rolu və innovasiyalara bu həyati məsələdə dəstək vermək barədə bəhs edib, kollektiv təcrübəyə, ixtiraçılığa və kreativliyə əsaslanaraq insan cəmiyyətinin “yaşıl” gələcək yaratmağa qadir olduğunu bildirib. Müasir dünyada “yaşıl” innovasiya, “yaşıl” texnologiya, “yaşıl” patent, “yaşıl” enerji məsələlərinin önəminə diqqət çəkən agentlik rəhbəri “Qlobal İnnovasiya İndeksi” üzrə hesabatlarda innovasiyaların enerji mənbəyi kimi vacib rolunun vurğulanmasının təsadüfi olmadığını vurğulayıb. Eyni zamanda, dünyada getdikcə güclənən iqlim dəyişikliklərinin, o cümlədən qasırğaların, daşqınların, quraqlıqların, meşə yanğınlarının təsirinin çox aydın hiss olunduğunu diqqətə çatdırıb.
Kamran İmanov deyib: “Yaşıl” gələcəyi arzulayan bəşər cəmiyyətini quranların ilk sıralarında ixtiraçılar və müəlliflər durur. Onlar ənənəvi texnologiyalara daha təmiz alternativlər yaratmaq üzərində çalışan insanlardır. Bu isə onu göstərir ki, davamlı milli innovasiya sistemlərinin yaradılmasına və səmərəli milli əqli mülkiyyət sistemlərinə əlçatanlığın təmin edilməsinə yönəlmiş səylər bundan sonra da davam etdirilməlidir”.
Natiq vurğulayıb ki, COP29-un keçirilməsi və urumun enerji transformasiyasındakı uğurları Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin nəticəsidir: “COP29-un Bakıda keçirilməsi qərarı Azərbaycanın “yaşıl” enerji siyasətinə qlobal dəstəyi ifadə edir, “yaşıl” enerji növlərinin yaradılmasını və “yaşıl” enerjinin dünya bazarlarına nəqlini enerji siyasətinin yeni prioritet istiqaməti kimi göstərir”.
“Dəyirmi masa”nın davamında Kamran İmanovun “Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda təqdimatı dinlənilib. Təqdimatda iqlim dəyişikliyi ilə bağlı ümumi mənzərə, iqlim dəyişiklikləri və dünya miqyasında patent fəaliyyəti, Azərbaycanda patent fəaliyyətinin nəticələri haqqında ətraflı məlumat verilib. Vurğulanıb ki, patent sahəsində Əqli Mülkiyyət Agentliyinin əldə etdiyi yekunlar dövlətimizin başçısının təşəbbüsü ilə aparılan islahatların nəticəsidir.
Agentlik sədri “Qlobal İnnovasiya İndeksi 2024” hesabatında Agentliyin bilavasitə sərəncamında olan göstəricilərin artdığını, patentlərlə bağlı Cənubi Qafqazda liderlik əldə edildiyini diqqətə çatdırıb.
Dəyirmi masada Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, mədəniyyət nazirinin müavini Səadət Yusifova, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev çıxış ediblər.
Onlar iqlim dəyişikliyi ilə mübarizədə təkcə siyasi iradənin deyil, qabaqcıl texnologiyaların da rol oynadığını söyləyiblər, bu baxımdan əqli mülkiyyət hüquqlarının qorunmasının mühüm şərt olduğunu vurğulayıblar. Əqli Mülkiyyət Agentliyinin müvafiq istiqamətdə həyata keçirdiyi tədbirlərə yüksək qiymət verilib.
Daha sonra “dəyirmi masa”da “Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlər”, “Neft qurğularında istifadə olunması üçün ekoloji təmiz örtüklər”, “Bərk məişət tullantılarından üzvi mineral gübrənin alınması üsulu”, “Daşkəsən kobalt filizinin zənginləşmə tullantılarından kobaltın çıxarılması üsulu” mövzularında çıxışlar olub.