Azərbaycan Şimal–Cənub Dəhlizinin aparıcı ölkəsidir

post-img

Respublikamızdan İrana daxil olan tranzit yüklərin həcmi 3 dəfə artıb

İranın Yol və Nəqliyyat Təşkilatının tranzit və beynəlxalq nəqliyyat idarəsinin baş direktoru Cavad Hedayəti mediaya açıqlamasında Şimal–Cənub Nəqliyyat Dəhlizi çərçivəsində Astaradan İrana daxil olan tranzit yüklərin həcminin 3 dəfə artdığını bildiıb. Baş direktor, eyni zamanda, belə bir göstəricinin bu beynəlxalq infrastrukturun iqtisadi və ticari baxımdan daha sərfəli məhsulların daşınmasına üstünlük verilməsi ilə əldə edildiyini vurğulayıb.

Onun sözlərinə görə, Rusiya və Hindistan yükdaşımalar və yük nəqliyyatı xərclərini azaltmaq üçün “Fesco” şirkəti ilə marşrut xətti yaradıblar. Bu marşrutda yükdaşıma xərci, təxminən, 4 min dollardır. Yükün çoxu dəniz marşrutu ilə daşındığına görə, xərclər 4 min dollardan aşağı başa gəlir. Buna əsasən, dəniz marşrutu ilə yükdaşıma yük sahibləri üçün daha sərfəlidir.

Cavad Hedayəti qeyd edib ki, Şimal–Cənub Nəqliyyat Dəhlizində hər hansı addım atılarsa, yükdaşıma xərci 4 min dollardan aşağı olmayacaq. Buna əsasən, İran Şimal–Cənub Dəhlizində iqtisadi cəhətdən daha sərfəli yüklərin daşınmasına diqqət yetirməlidir. Bu məsələdə yükün daşınma vaxtı da diqqətdə saxlanılmalıdır.

Bəzi məhsulların, o cümlədən kalium hidroksid və kimyəvi maddələrin sözügedən dəhlizlə daşınması üçün təkliflər var. Daha çox yük konteynerlərinin daşınması və tranzit olunması üzərində işləmək lazımdır.

Xatırladaq ki, 2000-ci il sentyabrın 12-də Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası saziş əsasında Şimal–Cənub Nəqliyyat Dəhlizinin təməli qoyulub. Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə tərəfindən sözügedən sənəd ratifikasiya edilib (Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran İslam Respublikası, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan, Türkiyə, Ukrayna).

Şimal–Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə bağlı müvafiq saziş imzalayan ölkələr qarşısında 2030-cu ilə qədər bu infrastrukturla 30 milyon ton tranzit və ikitərəfli yüklərin daşınması mühüm vəzifə kimi qoyulub. Tərəflərin dəhlizin inkişafı kontekstində öz əraziləri vasitəsilə nəqliyyat və tranzit əməliyyatlarının, habelə prosedurlarının asanlaşdırılması məsələləri ilə məşğul olmaq üçün Birgə İşçi Qrup da yaradılıb.

 

İqtisadiyyat