“Yaşıl” keçidin taleyini yetərli maliyyə dəstəyi həll edəcək

post-img

Misirli ekspert, Mərkəzi Asiya və Qafqaz üzrə tədqiqatçı Əhməd Abdah Tarabeyk Azərbaycan mediasına müsahibəsində bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin “yaşıl” enerjiyə keçidində, eləcə də bərpaolunan enerjinin inkişafında mühüm rol oynayacaq və “yaşıl” enerjiyə qlobal keçidlə bağlı mühüm qərarlar qəbul ediləcək. Bütün bunlarla yanaşı, Azərbaycan gələcəkdə respublikamızın iqtisadi inkişafına dəstək olacaq “yaşıl” enerjinin Avropaya ixracı ilə bağlı layihənin həyata keçirilməsi üçün əhəmiyyətli tərəfdaşlar cəlb edə biləcək.

Misirli ekspert daha sonra qeyd edib ki, katibliyi Almaniyanın Bonn şəhərində yerləşən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı 1995-ci ildə Berlində ilk sessiyasını keçirib və həmin vaxtdan indiyədək iqlim dəyişikliyinin qarşısının alınması və onun zərərli təsirlərinin aradan qaldırılması üçün dünya ölkələrinin səylərini birləşdirib.

Onun sözlərinə görə, əlverişli coğrafi mövqeyi və böyük iqlim fəallığı ilə fərqlənən Azərbaycan qlobal iqlim konfransının səmərəliliyini gücləndirəcək. Dünya ölkələri yeni maliyyələşdirmə məqsədinə çatmaqda çətinliklərlə üzləşdiyi bir vaxtda Azərbaycan nail olacağına ümid etdiyi konkret planlar da, şübhəsiz ki, gerçəkləşdiriləcək: “Bu, iqlim dəyişikliyinə uyğunlaşmaq üçün daha çox investisiya tələblərinin artması fonunda baş verəcək. Qarşıdan gələn sammitin əsas məqsədi yoxsul ölkələrə iqlim dəyişikliyi ilə mübarizədə kömək etmək üçün zəngin ölkələr tərəfindən ödənilən yeni illik maliyyə hədəfi üzrə razılıq olacaq”.

Mərkəzi Asiya və Qafqaz üzrə tədqiqatçının bu əminliyi təsadüfi sayılmır. Çünki hazırda beynəlxalq aləm təbiət hadisələrindən ciddi narahatlıq keçirir. Məhz elə buna görə də dünya ölkələrində iqlim dəyişikliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri gerçəkləşdirilir, qlobal temperaturun 2100-cü ilə qədər 2ºC altında saxlanılması insanlığın gələcəyinin əsas şərti kimi dəyərləndirirlir. Paris iqlim sazişi ilə razılaşdırılan həmin hədəfi bu gün dünya ölkələri diqqət mərkəzində saxlayır. Bu məqsədi reallaşdırmaq üçün qlobal səviyyədə fəaliyyətlər intensivləşdirilir, hökumətlər, korporasiyalar, qeyri-hökumət təşkilatları, eləcə də fərdi vətəndaşlar səviyyəsində həmin proses dəstəklənir.

Qeyd edək ki, iqlim dəyişikliyinə qarşı səmərəli və davamlı mübarizədə ilkin şərt maliyyələşdirmə probleminin həlli ilə bağlıdır. Dünyanın nüfuzlu şəxslərinin fikirlərində də iqlimlə əlaqədar bütün səylərin dəstəklənməsində maliyyənin mühüm rol oynadığını vurğulnyır, qlobal maliyyə institutlarına məqsəd və fəaliyyətlərində daha da irəliləmək barədə çağırışlar səsləndirilir.

COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev mediaya müsahibəsində bildirib ki, ölkəmiz iqlim konfransına evsahibliyi etməyə hazırlaşdığı ilk günlərdən iqlim dəyişikliyinə qarşı mübarizədə maliyyələşdirmə məsələsini diqqətdə saxlamaqla bərabər, bərpaolunan enerji mənbələrinin payını artırmağı, eləcə də bu sahəyə özəl investisiyalar vasitəsilə “yaşıl” enerji potensialını açmağı öhdəsinə götürüb. Respublikamız, eyni zamanda, 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli prioritetindən birini “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyənləşdirib və bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığa dair imzalanan sənədlərdə ətraf mühit və iqlim məsələlərinə xüsusi yer verib.

“Qlobal maliyyə institutları bizim yaşamaq üçün əlverişli planet və yoxsulluqdan azad bir dünya yaratmaq niyyətimizlə bağlı artıq müsbət mesajlar veriblər və onlar iqlimlə bağlı öhdəliklərini konkret fəaliyyətlərlə gücləndirirlər”,– deyə COP29-un prezidenti xatırladıb. Nazir daha sonra iqlim maliyyəsinin daha geniş miqyasda əlçatanlığı üçün genişmiqyaslı tədbirlərin görülməsinin, keçmiş vədlərin yerinə vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın COP29-da sədrliyi ən mühüm mövzuya – iqlimin maliyyələşdirilməsinə həsr olunub. İtki və Zərərlərin Ödənilməsi Beynəlxalq Fondunda sənaye güclərinin inkişaf etməkdə olan ölkələrə yardım göstərməsinə imkan yaratmaq üçün kompensasiya mexanizmi hazırlanıb. Bununla belə, həmin fond indiyədək cəmi 429 milyon ABŞ dolları toplayıb ki, bu da məyyənləşdirilən ölkələrə dəymiş zərərdən xeyli az olub. Buna görə də iqlim maliyyəsinin ədalətli bölüşdürülməsi ilə əlaqədar bütün ümidlər Bakıda keçiriləcək COP29-a yönəlib.

Bu günlərdə Seulda keçirilən konfransda da İtki və Zərərlərin Ödənilməsi Beynəlxalq Fondunun fəaliyyətinə toxunulub. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyinin nümayəndəsi Alanud əl-Həcər Bakıda keçiriləcək COP29-da iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi üçün aydın və ölçülə bilən hədəfin müəyyənləşdiriləcəyinə ümid etdiyini bildirib.

Əl-Həcər, eyni zamanda, İtkilər və Zərər Fondunun təsdiqlənməsi ilə bağlı COP29 sədrliyinə müraciət etdiyini vurğulayaraq deyib: “İtkilər və zərərlərin maliyyələşdirilməsi üçün 792 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılması elan edilib ki, bunun da 100 milyon ABŞ dolları BƏƏ-nin payına düşür. Buna görə də mən deyə bilərəm ki, ölkəm tədbirlər görür. Biz təkcə danışmırıq, həm də konkret addımlar atırıq”.

COP29-un baş danışıqçısı Yalçın Rəfiyevin sözlərinə əsasən, İqlim Maliyyəsi Fondu 1 milyard ABŞ dolları həcmində kapitallaşdırmaq məqsədi daşıyan ilkin fandreyzinq mərhələsi başa çatdıqdan və 10 iştirakçı ölkə səhmdar kimi öhdəlik götürdükdən sonra fəaliyyətə başlayacaq. Fond istiləşməni 1,5°C-yə qədər saxlamaq üçün gələcək nəsil milli səviyyədə müəyyənləşdirilən töhfələrin tələblərinə cavab verməklə dəstəyə ehtiyacı duyulan inkişaf etməkdə olan ölkələrdə iqlim layihələrini hədəf alacaq.

Yeri gəlmişkən, bu inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyinin yaratdığı fəsadlara qarşı daha çox həssaslıq nəzərə çarpır. Bu məqsədlə 2009-cu ildə Danimarkada reallaşan COP15-də inkişaf etmiş ölkələr 2020-ci ilə qədər inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişmələri ilə bağlı problemlərin həlli məqsədilə hər il 100 milyard dollar məbləğində vəsait səfərbər etməyi öhdələrinə götürmüşdülər. Hazırda isə qlobal olaraq, təxminən, 73 ictimai və ya qismən ictimai iqlim fondu mövcuddur. Bu gün onların fəaliyyəti effektiv şəkildə əlaqələndirilmir.

Çərçivə Konvensiyasının çətiri altında olan vəsaitlər kifayət qədər kapitallaşdırılmayıb. Bu fondların 2020-ci ildə müxtəlif layihə və proqramlara, ümumilikdə, 3-4 milyard dollar ödədiyi bildirilib.

 

Ekologiya