Ölkənin toxunulmaz xəzinəsi 73,5 milyard manata çatıb
Dövlət Neft Fondundan aldığımız məlumata əsasən, Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 13 faizə yaxın artırıb. Bu il oktyabrın 1-nə respublikamızın strateji valyuta ehtiyatları 73 milyard 493,4 milyon ABŞ dolları təşkil edib. Bunun 83,95 faizi və yaxud 61 milyard 697,6 milyon ABŞ dolları Dövlət Neft Fondunun, 16,05 faizi və yaxud 11 milyard 795,8 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının payına düşüb.
2024-cü ilin III rübündə ölkənin valyuta ehtiyatları 3 milyard 755,2 milyon ABŞ dolları və yaxud 5,4 faiz artıb. Belə ki, Dövlət Neft Fondunun valyuta ehtiyatlarında 3 milyard 697 milyon ABŞ dolları və yaxud 6,4 faiz, Mərkəzi Bankın valyuta ehtiyatlarında isə 58,2 milyon ABŞ dolları və yaxud 0,5 faiz artım olub.
Azərbaycanın son 1 ildə valyuta ehtiyatları 8 milyard 194,1 milyon ABŞ dolları və yaxud 12,55 faiz artıb. İl ərzində Dövlət Neft Fondunun valyuta ehtiyatları 6 milyard 173,6 milyon ABŞ dolları və yaxud 11,1 faiz, Mərkəzi Bankın valyuta ehtiyatları isə 2 milyard 20,5 milyon ABŞ dolları və yaxud 20,6 faiz artım nümayiş etdirib. Dövlət Neft Fondunun vəsaitləri 62 milyard dollara yaxınlaşıb.
Bu il oktyabrın 1-nə Dövlət Neft Fondunun vəsaitləri ilin əvvəlinə nisbətən 10 faiz artaraq 61 milyard 697,6 milyon ABŞ dolları təşkil edib. Məlumata görə, yanvar–sentyabr aylarında fondun büdcə gəlirləri 15 milyard 4 milyon manat, xərcləri isə 9 milyard 634,5 milyon manat olub.
9 ay ərzində fond neft və qaz sazişlərinin həyata keçirilməsindən 9 milyard 424,1 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 8 milyard 641,8 milyon manat, bonus ödənişlərindən 778,2 milyon manat, tranzitdən 0,5 milyon manat, akrhesabı ödənişlərdən isə 3,6 milyon manat gəlir əldə edib. Qurumun vəsaitlərinin idarə olunmasından əldə edilən investisiya gəliri isə 5 milyard 579,9 milyon manat olub.
Hesabat dövründə fond 2024-cü il büdcəsinin icrası çərçivəsində 9 milyard 585,8 milyon manat vəsaiti dövlət büdcəsinə transfert edib, “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 18 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə isə 10,8 milyon manat yönəldib. Bu dövrdə fondun idarə edilməsi ilə bağlı xərcləri 19,9 milyon manat təşkil edib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı qurumun büdcədənkənar gəliri hesabat dövrü üzrə 4 milyard 197,6 milyon manat olub.