bp Xəzərdə innovativ texnologiyadan istifadə edərək “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında ilk dəfə olaraq lay təzyiqi şəraitində süxur nümunələri (kern) çıxarılması əməliyyatını uğurla həyata keçirib.
Şirkətdən bildirilib ki, bu, həm də bp-nin qlobal miqyasda yerinə yetirdiyi ilk bu cür əməliyyatdır. Təzyiq altında süxur nümunəsi çıxarılması texnologiyası süxurun içərisindəki mayelərin kənara axmasını və çıxarılan nümunələrin zədələnməsini minimuma endirməklə süxuru laydakı ilkin vəziyyətində olduğu kimi götürməyə imkan verir.
Şirkətin məlumatına görə, çıxarılmış süxur nümunələri müxtəlif laboratoriya yoxlamalarında istifadə olunacaq.
“Məqsəd AÇG yatağının Balaxanı lay dəstində sulaşdırılmış vəziyyətdə olan süxurların hazırda laylarda qalmış neftlə nə dərəcədə dolmuş olması ilə bağlı qeyri-müəyyənlikləri azaltmaqdır. Bu isə öz növbəsində layın neftvermə əmsalının artırılması metodlarına olan ehtiyac, həmçinin həmin metodların növü barədə məlumat əldə etməyə və Balaxanı lay dəstinin gələcək işlənmə variantlarının müəyyənləşdirilməsini və planlaşdırılmasını təkmilləşdirməyə kömək edəcək. Təbii lay təzyiqi altında süxur nümunələri Balaxanı VIII layından götürülüb və bu əməliyyat “Qərbi Azəri” platformasında yeni istifadəyə verilmiş bir quyu vasitəsilə həyata keçirilib. Əməliyyat zamanı süxurdakı bütün mayelər olduğu kimi saxlanmaqla və süxurun ilkin vəziyyəti qorunmaqla tam lay təzyiqli dörd kern nümunəsi uğurla çıxarılıb. Bu nümunələr sahənin analizindən əldə edilmiş məlumatlarla birlikdə əlavə təhlil üçün laboratoriyaya göndərilib. Düşünürük ki, sulaşdırılmış lay süxurundan çıxarılmış nümunələrdən əldə edilən mühüm kern və maye məlumatları bizim laylar haqqında geoloji bilgilərimizi artıracaq və ehtiyatların ən uyğun işlənmə strategiyalarının seçilməsinə kömək edəcək”, - deyə bp-nin yaydığı məlumatda bildirilir.