İki ölkə arasında ticarət dövriyyəsi 12 milyard dollara çatıb
Diplomatik münasibətlərin qurulduğu 24 il ərzində Azərbaycan ilə İtaliya arasında əlaqələr davamlı şəkildə genişlənib və dərinləşib. Bu əməkdaşlıq Xəzərdən Aralıq dənizinə qədər uzanan strateji tərəfdaşlıq müstəvisini formalaşdırıb. Bakı ilə Roma arasında 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair imzalanan iki bəyannamə ölkələr arasındakı əməkdaşlığın yol xəritəsini müəyyən edib.
İtaliya Avropanın böyük dövlətləri və G7 üzvləri arasında ölkəmizlə strateji tərəfdaşlıq sənədi imzalayan ilk dövlətdir. 2020-ci ilin fevralında Roma şəhərində Azərbaycan Prezidenti və İtaliyanın Nazirlər Şurasının sədri tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” iki ölkə arasında ən yüksək səviyyəli siyasi sənəd hesab olunur. Hazırda bu sənəd ölkələr arasında münasibət, çoxsaylı biznes anlaşmaları nəinki neft-qaz sektorunda, eləcə də iqtisadiyyatın başqa sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə təkan verir.
Mayın 4-də Ciorcia Meloninin Ermənistanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısından sonra Azərbaycana səfər etməsi İtaliyanın Azərbaycana verdiyi önəmin göstəricisidir. Prezident İlham Əliyev bu səfərin Azərbaycan-İtaliya dostluq münasibətlərinin inkişafına növbəti töhfə verəcəyini vurğulayıb. Dövlət başçısı bildirib: “Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərinməzmunlu olmasından xəbər verir. Hər kəs bilir ki, Siz bu gün Ermənistanda idiniz. Ermənistanda öz proqramınızı bitirib Azərbaycana gəlmək bizim üçün xüsusi məna daşıyır, çox böyük rəmzi məna daşıyır, eyni zamanda, Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür”.
Qeyd edək ki, bu gün Azərbaycan və İtaliya arasında siyasi və iqtisadi əlaqələr yüksək səviyyədədir. İtaliya Azərbaycanın 1 nömrəli ticarət tərəfdaşıdır. 2025-ci ildə Azərbaycanla İtaliya arasında ticarət əməliyyatlarının həcmi 11,860 milyard ABŞ dolları təşkil edib ki, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 469,5 milyon ABŞ dolları çoxdur. Hesabat dövründə İtaliya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 24 faizi həcmində olub. Beləliklə də İtaliya hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında ilk pillədə qərarlaşıb.
Təkcə bu ilin yanvar–mart aylarında isə Bakı ilə Roma arasında ticarət əməliyyatlarının həcmi 2,604 milyard ABŞ dolları təşkil edib. Hesabat dövründə İtaliya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 27,69 faizi həcmində olub. Bununla da sözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında birinci yerdə qərarlaşıb. Hesabat dövründə Azərbaycandan İtaliyaya 2,489 milyard dollarlıq məhsul ixracı qeydə alınıb. Dövr ərzində Azərbaycandan İtaliyaya ixrac əməliyyatlarının 29,9 milyon dollarlıq hissəsini qeyri-neft məhsulları təşkil edib.
İki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri energetika sahəsidir. Azərbaycan İtaliyanın neft və qaz təchizatında aparıcı tərəfdaşlardan biri olmaqla ikinci sırada qərarlaşır. Eyni zamanda, statistik göstəricilər İtaliyanın Azərbaycan üçün həm neft, həm də qaz ixracında əsas bazarlardan biri olduğunu göstərir. Ötən il Azərbaycandan İtaliyaya 6,7 milyard ABŞ dolları dəyərində 13,1 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. Bu göstərici ilə İtaliya hesabat ilində Azərbaycanın ən böyük neft məhsulları alıcısı olub.
İtaliya Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin reallaşmasında mühüm rollardan birinə malikdir. Bu ölkə boru kəmərinin son təyinat nöqtəsi olmaqla yanaşı, layihənin maliyyələşdirilməsi, texniki icrası və Avropa enerji bazarına inteqrasiyası prosesində fəal iştirak edir. TAP vasitəsilə Azərbaycan qazı birbaşa İtaliya bazarına daxil olaraq, ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və mənbələrin şaxələndirilməsinə əhəmiyyətli töhfə verir.
Keçən il Azərbaycandan İtaliyaya 4,565 milyard ABŞ dolları dəyərində 9,604 milyard kubmetr təbii qaz ixrac edilib. Bundan əlavə, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan İtaliyaya 563,2 milyon ABŞ dolları dəyərində 1,494 milyard kubmetr təbii qaz ixrac edilib.
İki ölkə arasında qarşılıqlı investisiya qoyuluşlarında da artım müşahidə edilir. İtaliya Azərbaycan üçün yalnız enerji ixrac bazarı deyil, eyni zamanda, mühüm investisiya istiqamətidir. Ciorcia Meloni hökuməti dövründə iqtisadi sabitliyin qorunması və struktur islahatların davam etdirilməsi bu ölkəni kapital üçün cəlbedici edib. Azərbaycan Dövlət Neft Fondunun İtaliyaya yönəltdiyi təxminən 3 milyard dollarlıq sərmayə isə bu marağın praktik təzahürü kimi çıxış edir və ikitərəfli iqtisadi münasibətlərin institusional əsaslarını gücləndirir. Azərbaycan 2025-ci il ərzində İtaliya iqtisadiyyatına 125,1 milyon dollar sərmayə qoyub ki, bu, əvvəlki ildəki göstərici ilə müqayisədə 52,7 milyon dollar və ya 1,7 dəfə çoxdur. Birbaşa xarici investisiyaların ümumi həcmində Azərbaycandan İtaliyaya yatırılan investisiyaların xüsusi çəkisi 4,9 faiz təşkil edib. Hesabat ilində İtaliyanın Azərbaycana birbaşa investisiyalarının həcmi 21,956 milyon ABŞ dolları təşkil edib.
Sonda qeyd edək ki, İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyəti uzunmüddətli tərəfdaşlıq ənənəsinə söykənir və bu əməkdaşlıq illər ərzində davamlı şəkildə genişlənib. Hazırda ölkədə İtaliya kapitallı 130-a yaxın şirkətin fəaliyyət göstərməsi iqtisadi əlaqələrin miqyasını və dərinliyini aydın şəkildə göstərir. Bu şirkətlər energetika, tikinti, mühəndislik, logistika və sənaye kimi müxtəlif sahələrdə aktiv iştirak edərək Azərbaycanın iqtisadi inkişafına töhfə verir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında İtaliya şirkətlərinin fəallığı diqqət çəkir. Bu ərazilərdə onların iştirakı ilə 20-dən çox layihə artıq icra olunub və ya hazırda həyata keçirilir.
Qarabağ və Şərqi Zəngəzurda, eləcə də Mingəçevirdə həyata keçirilən strateji layihələrdə İtaliya şirkətlərinin iştirakı ilə yanaşı, memarlıq və dizayn istiqamətində də sıx əməkdaşlıq formalaşıb. Zəfər muzeylərinin memarlıq konsepsiyalarının hazırlanmasında İtaliya dizayn məktəbinin iştirakı bu tərəfdaşlığın humanitar və mədəni ölçülərini də ön plana çıxarır. Bu amil Azərbaycan-İtaliya münasibətlərinin təkcə iqtisadi deyil, eyni zamanda, dəyərlər və mədəniyyət üzərində qurulan çoxşaxəli əməkdaşlıq modeli olduğunu göstərir.
Musa BAĞIRLI
XQ

