Türkiyə - Azərbaycan Universitetində infotur keçirilib

post-img

Mayın 6-da Türkiyə-Azərbaycan Universitetində (TAU) infotur keçirilib.

XQ xəbər verir ki, universitetin Tədris şöbəsinin müdiri Günel Teymurova təqdimatla çıxış edərək ali təhsil müəssisəsinin fəaliyyəti, qəbul göstəriciləri və tədris proqramları barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, iki qardaş ölkənin ortaq akademik platforması olan Türkiyə-Azərbaycan Universitetində hazırda ümumilikdə 174 tələbə təhsil alır, cari tədris ili üzrə qəbul olunan tələbələrin sayı 92, ötən il qəbul olunan tələbələrin sayı 82-dir.

Cari tədris ili üzrə Türkiyə-Azərbaycan Universitetinin kompüter mühəndisliyi ixtisasına qəbul üzrə ən yüksək bal 674.3, sənaye mühəndisliyi ixtisasında ən yüksək bal 654.4, qida mühəndisliyi ixtisasında ən yüksək bal 553.6 olub.

Türkiyə-Azərbaycan Universiteti “çətir universitet” modelidir. Azərbaycan tərəfi torpaq, bina, laboratoriya, avadanlıq kimi maliyyə və texniki imkanları təmin edir. Türkiyə tərəfi tədrisin keyfiyyəti, proqramların təşkili, 8 semestrlik tədris planının icrası ilə məşğuldur. Ali təhsil müəssisəsi Türkiyənin 3 aparıcı universitetinin proqramlarını özündə birləşdirir. Burada tədris kompüter mühəndisliyi ixtisasında Orta Doğu Texniki Universitetinin (ODTÜ), sənaye mühəndisliyi ixtisasında İstanbul Texniki Universitetinin (İTÜ), qida mühəndisliyi ixtisasında isə Hacettepe Universitetinin tədris proqramlarına uyğun aparılır. TAU-nun Azərbaycan tərəfdən tərəfdaşı Azərbaycan Texniki Universiteti (AzTU) sayılır.

Türkiyə-Azərbaycan Universitetində təhsil dövlət hesabınadır və tədris ingiliscə həyata keçirilir. TAU tələbələrinin akademik ingilis dili bacarıqları ODTÜ-nün aparıcı mütəxəssisləri tərəfindən inkişaf etdirilir. Proqramları uğurla bitirənlərə həm Türkiyənin, həm də Azərbaycanın beynəlxalq səviyyədə tanınan diplomları təqdim olunur və bu, məzunlara həm yerli, həm də qlobal iş imkanlarına birbaşa çıxış deməkdir.

Sonra Türkiyə-Azərbaycan Universitetinin Kompüter mühəndisliyi proqramının rəhbəri professor Ahmet Coşar, Qida mühəndisliyi proqramının rəhbəri professor Ümran Uyqun, İngilis dili proqramının rəhbəri Mutlu Çalışkan çıxış ediblər. Qeyd olunub ki, Türkiyə-Azərbaycan Universitetində tətbiq edilən beynəlxalq standartlara uyğun tədris proqramları tələbələrə yüksəksəviyyəli nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar qazandırır, onların qlobal əmək bazarında rəqabət qabiliyyətini artırır və gələcək karyera imkanlarını genişləndirir.

Sonda iştirakçılar TAU-nun müasir laboratoriyaları ilə tanış olublar.

Elm