“Bakı Gəmiqayırma Zavodu” MMC ilə Qazaxıstanın “Samruk-Kazına” ASC-nin tərkibinə daxil olan “KTZ Express Shipping” şirkəti arasında gəmiqayırma sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb. Sənədə əsasən müəssisədə müasir beynəlxalq standartlara uyğun iki ədəd quru yük gəmisi inşası olunacaq.
“AZCON Holding”in icraçı direktoru Şahin Babayev beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsini şirkətin prioritet istiqamətlərindən biri kimi dəyərləndirərək deyib: “Layihə həm texnoloji imkanların nümayişi, həm də Azərbaycanın gəmiqayırma sənayesinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Əminik ki, bu əməkdaşlıq yeni uğurlu layihələr üçün möhkəm zəmin yaradacaq”.
“Samruk-Kazına” ASC İdarə Heyətinin sədri Nurlan Jakupov isə qeyd edib ki, dəniz infrastrukturunun inkişafı Qazaxıstanın tranzit potensialının genişləndirilməsi istiqamətində aparılan sistemli işlərin davamıdır: “Qazaxıstan Dəmir Yolu” SC-nin öz donanmasının formalaşdırılması Transxəzər marşrutunun dayanıqlılığını artırır, yükdaşıma imkanlarını genişləndirir və beynəlxalq tərəfdaşların cəlbi üçün əlavə şərait yaradır. Əməkdaşlıq Orta dəhliz üzrə yük axınının artdığı bir dövrdə xüsusi aktuallıq kəsb edir. Beynəlxalq sifarişlərin çoxalması fonunda layihə yerli gəmiqayırma sənayesinin inkişafını sürətləndirməklə yanaşı, zavodun istehsal gücünün artırılmasına və rəqabət qabiliyyətinin möhkəmlənməsinə xidmət edəcək”.
Bununla da beynəlxalq sifarişlər əsasında inşa olunan gəmilərin sayı 4-ə çatacaq ki, bu da zavodun qlobal bazarda artan nüfuzunun və etibarlı tərəfdaş kimi mövqeyinin göstəricisidir.
“Bakı Gəmiqayırma Zavodu” MMC İdarə Heyətinin sədri Ruslan Talıbov artıq yeni gəmilərin texniki göstəricilərinin müəyyənləşdirildiyini bildirərək deyib ki, layihəyə uyğun olaraq hər bir gəminin ümumi uzunluğu 140,97 metr, eni 16,9 metr, bort hündürlüyü 6,80 metr, suya oturumu dəniz şəraitində 5,56 metr, çay şəraitində isə 3,60 metr olacaq.
Gəmilərin yükgötürmə qabiliyyəti dənizdə, təxminən, 9 min 900 ton, çay şəraitində isə 5 min 57 ton səviyyəsində nəzərdə tutulur. Bununla yanaşı, konteyner tutumu dənizdə 537 TEU, çayda isə 433 TEU təşkil edəcək gəmilərin hər biri 1600 kilovat gücündə olan iki əsas mühərriklə təchiz olunacaq. Onun sözlərinə görə, 11 düyün sürətlə hərəkət edə biləcək gəmilərin tikintisinin müqavilənin imzalanma tarixindən etibarən 28 ay müddətində başa çatdırılması nəzərdə tutulur.
XQ

