Dünya çağdaş aqrar yenilikləri Bakıdan izləyir

post-img

Builki sərgilərdə 45 ölkədən 447 şirkət iştirak edir

Dünən Bakı Ekspo Mərkəzində “Caspian Agro Week” – 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, “InterFood Azerbaijan” – 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi, eləcə də “Horeca Caspian” – 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi öz işinə başlayıb.

Mərasimi giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunda müxtəlif ölkələrdən olan dövlət qurumlarının nümayəndələrinin, beynəlxalq təşkilatların, aqrar sahədə fəaliyyət göstərən şirkətlərin, investorların, fermerlərin iştirakı aqrar sektorun strateji əhəmiyyətini və bu sahədə beynəlxalq əməkdaşlığın genişlənən rolunu bir daha nümayiş etdirir. Qeyd olunub ki, sərgi təkcə məhsul və texnologiyaların nümayişi ilə məhdudlaşmır, sektorun müxtəlif istiqamətlərini əhatə edən forumları, eləcə də ölkədə fəaliyyət göstərən iri ixtisaslaşmış innovativ təsərrüfatlara təşkil olunan səfərləri özündə birləşdirir.

Nazir daha sonra qeyd edib ki, müasir dövrdə kənd təsərrüfatı yalnız iqtisadi fəaliyyət sahəsi deyil, eyni zamanda, ərzaq təhlükəsizliyinin təmin olunması, regionların sosial-iqtisadi inkişafı, məşğulluğun artırılması və ekoloji dayanıqlılığın qorunması baxımından mühüm strateji istiqamətdir. Qlobal iqlim dəyişikliklərinin, təbii resurslardan səmərəli istifadə zərurətinin və artan ərzaq tələbatının aqrar siyasətdə yeni yanaşmaları zəruriləşdirib. Hazırda ölkəmizdə aqrar sektorun inkişafının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu vurğulayan Məcnun Məmmədov deyib: “Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar kənd təsərrüfatının modernləşdirilməsinə, fermerlərin rifahının yüksəldilməsinə və aqrar istehsalın rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Bu istiqamətdə dövlət tərəfindən fermerlərə və sahibkarlara geniş dəstək mexanizmləri tətbiq olunur. Subsidiyaların verilməsi, güzəştli kreditlərin təqdim edilməsi, kənd təsərrüfatı texnikasına əlçatanlığının artırılması, aqrar sığorta sisteminin genişləndirilməsi və innovativ texnologiyaların tətbiqinin təşviqi aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə verir”.

Aqrar sahədə rəqəmsallaşmanın genişləndirilməsinin, “ağıllı kənd təsərrüfatı” həllərinin tətbiqinin, su resurslarından səmərəli istifadənin, torpaq münbitliyinin qorunmasının və ekoloji cəhətdən dayanıqlı istehsal modellərinin təşviqinin ölkəmizdə dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayan nazirin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən aqrar layihələr də ölkəmizin kənd təsərrüfatı strategiyasında xüsusi yer tutur.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ölkəmizdə qida təhlükəsizliyi sahəsində əldə edilən uğurlardan danışıb. Qeyd olunub ki, hazırda Azərbaycan 73 ölkəyə qida və kənd təsərrüfatı məhsulları göndərir. Onun sözlərinə görə, ötən il xarici bazarlara 914 min ton bitkiçilik məhsullarını özündə ehtiva edən məhsullar ixrac olunub: “İxrac elədiyimiz məhsulların göstəriciləri dünyanın istənilən bazarlarında özünə yer tapa bilməlidir. Bu məqsədlə də hazırda ölkədə ən vacib məsələlərdən biri heyvan sağlamlığının təmin olunmasıdır. Azərbaycanın quş qripi və xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad ölkə statusunu əldə etməyi, həmin məhsulların dünyanın bir sıra ölkələrinə ixrac olunmasına gətirib çıxarıb”.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Caspian Agro Week”in kiçik və orta biznes subyektləri üçün yaratdığı imkanlardan bəhs edib, sərgilərin əhəmiyyətini vurğulayıb. Kiçik və orta biznes subyektlərinin satış imkanlarının genişləndirilməsinin məhsul və xidmətlərin tanıdılmasına öz töhfəsini verdiyini diqqətə çatdıran O.Məmmədovun sözlərinə görə, 2018-ci ildən etibarən KOBİA-nın 2 mindən çox kiçik və orta sahibkarlıq subyektlərinin müxtəlif sahələrdə ixtisaslaşmış yerli və xarici sərgilərdə iştirakına dəstək olub.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev deyib ki, bu kimi sərgilər qeyri-neft-qaz sektorunun inkişafına və ixrac imkanlarının genişləndirilməsinə öz töhfəsini verir. “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgiləri kənd təsərrüfatı və qida istehsalı sahələri üzrə məhsulların tanıdılması üçün mühüm platforma rolunu oynadığını bildirən icraçı direktorun sözlərinə görə, bu ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 862 milyon dollar təşkil edib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat builki sərginin aqro-ərzaq sektoru üçün mühüm bir dövrə təsadüf etdiyini vurğulayıb. Onun sözlərinə görə, təchizat zəncirlərindəki problemlər və iqlim dəyişiklikləri fonunda dayanıqlı, innovativ və özünü təmin edən kənd təsərrüfatının əhəmiyyəti daha da artır. FAO rəsmisi deyib ki, sərginin builki proqramı da FAO-nun mandatı və Azərbaycanın prioritetləri ilə uyğunluq təşkil edir.

İqlim dəyişikliyinin fermerlər üçün ciddi çağırışlar yaratdığını bildirən nümayəndə deyib: “Buna görə səmərəli su istifadəsi, sağlam torpaqlar, rəqəmsal alətlər və müasir yanaşmalar artıq seçim deyil, zərurətdir. “Caspian Agro Week” innovasiyaların praktik həllərə çevrilməsində mühüm rol oynayır. Azərbaycanda FAO-nun hökumətlə əməkdaşlığı ildən-ilə güclənir. Birgə layihələr çərçivəsində suvarma sistemlərinin təkmilləşdirilməsi, dayanıqlı torpaq və su idarəçiliyi, kooperativlərin gücləndirilməsi və fermerlərin təlimləndirilməsi istiqamətində işlər həyata keçirilir. Bu təşəbbüslər həm məhsuldarlığın artırılmasına, həm də kənd icmalarının inkişafına xidmət edir”.

Mərasimdən sonra sərgi iştirakçıları və qonaqlar VIP tura qoşulublar.

Qeyd edək ki, regionun kənd təsərrüfatı və qida sənayesi üzrə ən böyük sərgiləri olan “Caspian Agro Week” və “InterFood Azerbaijan” müvafiq sahələrdə fəaliyyət göstərən bütün iştirakçıları bir araya toplayan ilin vacib hadisələridir. Ötən illər ərzində sərgilər etibarlı və tanınan milli brend olmaqla yanaşı, dünyanın aparıcı beynəlxalq tədbirləri sırasına daxil olaraq, qlobal sərgi təqvimində layiqli yerini tutub.

Kənd təsərrüfatı və qida sənayesi üzrə regionun ən nüfuzlu tədbirinə və milli brendə çevrilmiş “Caspian Agro Week” və “InterFood Azerbaijan” aqrar-qida sərgiləri bu il 45 ölkədən 447 şirkəti bir araya toplayıb. Mayın 8-dək davam edəcək sərgilərdə tətbiq olunan yeniliklərdən biri də “InterFood Azerbaijan” sərgisi vahid məkanda – Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunda keçirilməsi ilə bağlıdır.

Hər il Azərbaycanın müxtəlif regionlarının ənənəvi olaraq bu fermerləri üçün sərgiyə turlar təşkil olunur. Təşviq edilən təcrübə mübadiləsi istehsalın keyfiyyətinin yüksəldilməsinə və kənd yerlərində yaşayış şəraitinin yaxşılaşdırılmasına kömək edir. Builki sərgidə 51 bölgədən 500-dən çox fermer iştirak edir. Bu da onlara ən son sənaye yenilikləri və beynəlxalq təcrübə ilə tanış olmaq imkanı yaradacaq.

Mirbağır YAQUBZADƏ
XQ



İqtisadiyyat