İqtisadiyyat Nazirliyi, nazirlik yanında kiçik və orta biznesin inkişafı və turizm agentliklərinin təşkilatçılığı ilə ilk dəfə keçirilən, bu gün isə başa çatacaq Halal Biznes və Turizm Forumun məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, müvafiq sahədə təcrübə mübadiləsinə töhfə vermək, respublikamıza xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov forumda çıxış edərək bildirib ki, bu gün istehsalçı və ticarətçilər üçün qida məhsullarının təhlükəsizliyi, istehlakçılara keyfiyyətli ərzaq məhsullarının çatdırılması ən mühüm öhdəlikdir. Bu baxımdan kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, eləcə də ticarəti ilə məşğul olan təsərrüfat subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Əhalinin artan qida ehtiyaclarının qarşılanması, ixrac olunan məhsulların çeşidinin və həcminin artırılması üçün aqrar və emal sənayelərində məhsuldarlığın, keyfiyyətin artırılması zəruri tələblərdən birinə çevrilib.
Zəngin mədəni irsə və çoxəsrlik İslam sivilizasiya tarixinə sahib Azərbaycanın regionda halal sənayenin daha da inkişafı üçün böyük potensiala malik olduğunu vurğulayan nazir əlverişli coğrafi mövqedə yerləşən respublikamızda beynəlxalq mötəbər tədbirlərin keçirilməsi, nəhəng transmilli nəqliyyat layihələrinin icrası nəticəsində ölkəmizin turizm məkanı kimi cəlbediciliyinin daha da artdığını vurğulayıb, son zamanlar müsəlman ölkələrindən çoxsaylı turist axınının halal qida sektorunun inkişafını və halal turizm standartlarının tətbiqini zəruri etdiyini diqqətə çatdırıb.
M.Məmmədov daha sonra deyib: “Halal standartları əsasında emal prosesinin təşkili dəyər zəncirini formalaşdırmaqla fermer və sahibkarların gəlirlərini artıracaq, kənd təsərrüfatı məhsullarına olan tələbatı yüksəldəcək, maliyyə bazarlarını canlandıracaq, ixrac potensialını daha da artıracaq. Bu sahədə dayanıqlı inkişafa nail olmaq üçün dünyada mövcud olan trendlər dəyərləndirilməli, kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı günümüzün çağırışlarına uyğun qurulmalıdır. Kənd təsərrüfatında yüksək məhsuldarlıq və keyfiyyətli məhsul yetişdirmək üçün tarladan süfrəyədək hər bir addıma xüsusi diqqət və innovativ yanaşma tətbiqi zəruridir. Bu baxımdan göstərilən hədəflərə nail olmaqda əsas ağırlıq özəl sektorun üzərinə düşür”.