Azərbaycan Respublikası Dövlət Neft Fondu cari ilin əvvəlindən oktyabrın 1-dək “Şahdəniz” yatağından (qaz və kondensat) 364,465 milyon dollar gəlir əldə edib.
Qeyd edək ki, Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağı 1999-cu ildə kəşf olunub. Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50–500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. Bu yataq dünyanın iri qaz-kondensat yataqlarından biridir. 1999-cu ilin iyununda ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensatdan ibarət olan bu nəhəng yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin uğurla həyata keçirilməsi Azərbaycanı dünyaya qaz ixrac edən ölkə kimi tanıdıb.
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 4 iyun 1996-cı ildə imzalanaraq, həmin ilin oktyabr ayının 17-də qüvvəyə minib. BP şirkəti “Şahdəniz” Birgə Müəssisəsinin operatorudur.