Rusiya–Qərb qarşıdurması günbəgün gərginləşməkdədir. NATO bloku artıq Rusiyaya qarşı hərbi hərəkətlərə keçmək niyyətini gizlətmir, Rusiya isə əlində olan bütün mümkün vasitələrlə, o cümlədən, nüvə silahı ilə özünün təhlükəsizliyini qorumaq əzmində olduğunu bəyan edir. Bu qarşılıqlı ittihamların nə vaxt və necə başa çatacağını təsəvvür etmək çətindir. Hər iki tərəf daşı ətəyindən tökmək istəmir.
Budur, Rusiya öz opponentlərini əmin edir ki, ölkənin təhlükəsizliyini bütün mümkün vasitələrlə təmin etməyə hazırdır və heç kimdə illüziyalar yaranmasın. Moskva onu da bəyan edir ki, nüvə təhdidlərinin qarşısını almaq üzrə dövlət siyasətini yeniləyir. Bu barədə “RİA Novosti”yə müsahibəsində xarici işlər nazirinin müavini Aleksandr Qruşko danışıb.
O qeyd edib ki, “konseptual, siyasi və hərbi-texniki mənada nüvə silahına malik NATO ölkələri, eləcə də özünü nüvə bloku elan etmiş alyans strategiyasında nüvə silahının rolunu artırmağa doğru gedir”. Bu isə bir daha təsdiq edir ki, qarşıdurma yolunu tutan Rusiya deyil, Şimali Atlantika Alyansıdır: “Üstəlik, NATO indi Rusiya ilə potensial silahlı toqquşmaya hazırlaşdıqlarını gizlətmir. Rusiyaya qarşı hərbi əməliyyatların mümkün variantları üzərində daim işlənilir. Qoşunların və silahların Atlantik okeanı üzərindən “şərq cinahına” ötürülməsi üçün logistik marşrutlar sınaqdan keçirilir. Hərbi büdcələr artırılır, iqtisadiyyat hərbiləşdirilir”.
Bununla belə, Rusiya diplomatı ölkəsi ilə NATO arasında gərginliyi azaltmaq üçün açıq dialoqun davam etdiyini bildirib. Onun sözlərinə görə, qaynar xətlər və təcili əlaqə üçün imkanlar var, Rusiya və ABŞ müdafiə nazirləri səviyyəsində dialoq davam edir.
Qruşko hesab edir ki, bununla bərabər, Rusiya ilə NATO arasında hərbi toqquşma riskləri artmaqdadır: “NATO bizə qarşı hibrid müharibə aparır. Alyans ölkələri Ukraynanı getdikcə daha çox uzaqmənzilli silahlarla təmin edir, öz məsləhətçilərini göndərir, əməliyyatların planlaşdırılmasında iştirak edir və kəşfiyyat məlumatları təqdim edir. Bütün bunlar Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşma riskini artırır”.
P.ƏMİRCANOV
XQ