Odessadan görünən Gəncə

post-img

“Gəncə-1410,3 kilometr”... Bu istiqamətverici lövhə bilirsiniz harada quraşdırılıb? Odessada, düz şəhərin mərkəzində, meriyanın qarşısında. Başqa sözlə, həmin meriyanın qarşısından Gəncə meriyasına (şəhər icra hakimiyyəti) olan məsafə məhz bu qədərdir.

...Bu yaxınlarda Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə Gəncə şəhərinin adının Odessanın mərkəzində yerləşən dünya şəhərlərinin məsafə nişanı göstərilən məkanına əlavə edilməsi təsadüfi deyil.

Odessa və Gəncə qardaşlaşmış şəhərlərdir, onların arasında ikitərəfli əməkdaşlıq var və 2018-ci ilin dekabrın 17-də Ukrayna Prezidenti V.Zelenskinin ölkəmizə səfəri zamanı bununla bağlı “Niyyətlər haqqında protokol” imzalanıb. Təbii ki, protokola uyğun olaraq tədbirlər planı hazırlanıb, digər işləri həyata keçirmək də nəzərdə tutulub. Bu müddətdə Ukraynanın hökumət nümayəndələri Gəncəyə səfər edərək Nizami yurdu ilə tanış olub, şəhər icra hakimiyyətində görüşlər keçiriblər, sənaye müəssisələrində olublar. Onlar Azərbaycan Dövlət Aqrar Universitetinə də gediblər və burada təhsil müəssisəsi ilə Odessa Milli Aqrar Universiteti arasında memorandum imzalanıb. Hətta 2021-ci ildə Odessa ilə birbaşa hava reysləri də açılıb. Lakin məlum müharibənin fəsadları yaranmış bu dostluğa, qardaşlığa da, şəhərlərarası əlaqələrə də heç şübhəsiz öz təsirini göstərib.

Bütün bunlara baxmayaraq, Ukraynada, o cümlədən Odessada fəaliyyət göstərən Azərbaycan diasporu təşəbbüs qaldıraraq meriya binasının qarşısındakı göstərici lövhələrin birinə Gəncə adının da əlavə edilməsinə nail olub. Azərbaycanın Ukraynadakı səfirliyinin köməyi və dəstəyi ilə həyata keçirilən bu iş ilk baxışda xırda görünsə də, ilk dəfədir Gəncənin rəsmi adı Odessanın mərkəzində dünyanın bir sıra böyük şəhərlərinin adları arasındadır.

Hər il fevral ayında Odessanın mərkəzi küçələrində “Xocalıya ədalət!” şüarının, Xocalı soyqırımının rəmzi olan “Ana harayı” abidəsinin təsvirinin əks olunduğu bilbordlar yerləşdirilir. Gəncənin ermənilər tərəfindən raket hüçumuna məruz qalmasını əks etdirən şüarlar da vaxtaşırı şəhər sakinlərinin diqqətini cəlb edib.

Bəs Gəncə ilə Odessanı ümumi birləşdirən hansı cəhətlərdir, oxşarlıqlar nədir?

Hələ iyirmi il qabaq Odessada olarkən küçələrin, demək olar ki, hamısında sırayla əkilmiş xan çinarları diqqətimi daha çox cəlb eləmişdi. İnanırsınız, bəlkə də Gəncədən daha çox burada çinar var, uca, qollu-budaqlı, yaşı 200–300 ildən çox olan çinar!

Türk adları addımbaşı qarşına çıxır, “Şah sarayı”, məscidlər göz oxşayır. Gəncəni xatırladır. O da yadımdadır ki, qədim bir binada yerləşən kitabxananın giriş qapısında tikilinin tarixini göstərən lövhədə türk adı yazılmışdı və bu barədə içəri keçərkən yaşı, az qala, 80-ni haqlayan qadına “elə bilirəm, Azərbaycandayam, Gəncədəyəm” deyəndə gülümsəmişdi, az qala, mənə bir saata yaxın sanki mühazirə oxumuşdu, konkret faktlar sadalamışdı, Odessanın tarixini danışmışdı.

Yadımda qalmışdı ki, ruslar 1789-cu ilin sentyabrında gərgin savaşdan sonra Hacıbəy limanını tutublar və iki il sonra şəhər birdəfəlik Rusiyanın hakimiyyəti altına keçib. 6 yanvar 1795-ci ildə isə İkinci Yekaterina Haçıbəy şəhərini Odessa adlandırıb. Yeri gəlmişkən qeyd edim ki, bu işğaldan cəmi 8 il sonra oxşar hadisə Gəncənin də başına gəlib.1786-cı ildən Gəncə şəhərini idarə edən Cavad xan Ziyadoğlu 1804-cü il yanvar ayının 3-dən 4-nə keçən gecə uzun müddət general Pavel Sisianovun başçılığı altında şəhəri mühasirədə saxlayan işğalçı rus qoşunları ilə qanlı döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Gəncənin adı isə dəyişdirilərək Yelezavetpol adlandırılmışdır.

Bir məsələni də qeyd edək ki, indinin özündə də bir çox tarixçilər və tədqiqatçılar Odessanın türk şəhəri olduğunu iddia edir və konkret tarixi faktlar göstərirlər.Yəni 500–600 il əvvəl indiki Odessanın yerində Kacıbəy adlı tatar qəsəbəsi olub. XIV əsrdə litvalılar bu yeri işğal edib və düşməndən qorunmaq üçün onun yanında Hacıbəy adlı bir qala da tikiblər. İki əsr sonra tatarlar qəsəbəni də, qalanı da geri qaytarıblar. 1764-cü ildə türklər limanı qorumaqdan ötrü “Yeni dünya” adı verdikləri yeni bir qala tikiblər. Belə deyirlər ki, burada 300 nəfərlik hərbi qüvvəsi olan türk paşası otururmuş. Bu barədə Odessada nəşr olunan “Odessanın keçmişi və indisi” kitabında ətraflı məlumat var...

Bu oktyabr günlərində də Gəncənin və Odessanın oxşar taleləri diqqəti cəlb edir. Dörd il qabaq Ermənistan ordusu qədim tarixə malik Gəncəni 5 dəfə raket atəşinə tutdu. Nəticədə, 26 müki şəxs – uşaq, qadın, qoca həlak oldu, 200 nəfərə yaxın adam yaralandı, evsiz-eşiksiz qaldı, binalar, sosial obyektlər dağıdıldı, tarixi tikililər yerlə-yeksan oldu. Mənfur qonşuların vəhşi hərəkətlərinin Azərbaycanda, Gəncədə və dünyanın ədalətli ölkələrində pisləndiyi bu oktyabr günlərində Odessaya da raketlər düşür, füsunkar və qədim şəhər dağıdılır, günahsız adamlar həlak olur.

Bəli, Odessanın mərkəzindən Gəncəyə bir yol göstərilir, nişan verilir. Bu yol dostluq, qardaşlıq, həmrəylik yoludur. Bu yol ədalətin zəfər çalacağı yoldur. İnanırıq ki, bu yol göstəricisi elə adi lövhə kimi qalmayacaq. Odessanın mərkəzindən Gəncənin mərkəzinə işlək bir yola çevriləcək və bu yol uzaqda deyil, o, görünür...

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri,
Gəncə







Sosial həyat