“İqlim keçidlərində ali təhsilin rolu”

post-img

Bakıda COP29-a həsr olunmuş “İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi”nin dördüncü günü də müzakirə edilən məsələlər baxımından yaddaqalan olub. Həftə çərçivəsində keçirilən beynəlxalq konfransda müxtəlif mövzularda çıxışlar dinlənilib.

ADA Universitetində keçirilən “İqlim keçidlərində ali təhsilin rolu” adlı sessiyada “İqlim dəyişikliyi üzrə Azərbaycan universitetləri şəbəkəsi” mövzusunda müzakirələr aparılıb. COP29-un iqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai giriş nitqi ilə çıxış edərək bildirib ki, iqlim dəyişikliyi sırf texniki məsələ deyil, bilavasitə iqtisadi, sosial ədalət sahəsi ilə bağlantılıdır. O bildirib ki, sabahın işçi qüvvəsinin bu gündən formalaşması çox mühümdür.

Enerji infrastrukturunun, kənd təsərrüfatının artıq yeni kadrlar, bacarıqlar tələb edəcəyini diqqətə çatdıran N. Arpadarainin sözlərinə görə, bu səbəbdən də universitetlər, kolleclər yaxşı mənada bu sahələrdə kadrlar yetişdirməlidir: “Universitetlər yaşayan laboratoriya olmalıdır. Onların bərpaolunan enerji ilə bağlı dedikləri sözdə qalmamalıdır. Biz COP rəhbərliyi olaraq 14 təşəbbüslə çıxış etmişik. Onlardan biri də insan inkişafı ilə bağlıdır. Xüsusilə gələcəkdə uşaqlara və gənclərə növbəti COP-ların təlqin edilməsi çox əhəmiyyətlidir. İqlim dəyişikliyi bütün cəmiyyəti narahat edən məsələ olmalıdır. Universitetlərin bu sahədə rolu çox mühümdür”.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxışında qeyd edib ki, UNİCEF-in 2023-cü il hesabatına əsasən, iqlim fəlakətləri 40 milyon uşağın təhsilinə mənfi təsir göstərir. Paris sazişinin öhdəliklərinin, iqlimlə bağlı vədlərin yerinə yetirilməsinin vacibliyini önə çəkən nazir deyib ki, yaxşı nəticə əldə etmək üçün iqlim maliyyələşdirilməsi gücləndirilməlidir. Nazirin sözlərinə görə, daha yüksək səviyyədə fəaliyyət planı icra edilməli, yekunda şəffaflıq hesabatı təqdim olunmalıdır. Bu məsələdə universitetlərin birgə fəaliyyəti də önəmlidir: “Yaşıl” təhsil sisteminin aşağı siniflərdən tədrisi, öyrədilməsi vacibdir. Hesabata əsasən, iqlim dəyişikliyi ilə bağlı uşaqlar kiçik yaşlarda informasiya ala bilmirlər. Ona görə bu sahədə fəaliyyətin gücləndirilməsi vacibdir”. Bununla yanaşı, nazir bu gün gənclərin iqlim maarifləndirilməsi ilə bağlı fəaliyyətində özlərini doğrultduqlarını vurğulayıb.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək ekoloji şüurun və mədəniyyətin təkcə ali təhsillə formalaşmadığını vurğulayaraq bildirib ki, məktəbəqədər təhsil olacaqlarında, orta məktəblərdə, ali məktəblərdə ekoloji mədəniyyəti, ekoloji şüuru, dünyagörüşünü formalaşdırmaq mümkündür. İnsan kapitalının formalaşmasında ali təhsilin mühüm rol oynadığını diqqətə çatdıran nazir müavininin sözlərinə görə, universitetlərdə ekoloji təhsilin trayektoriyasına yenidən baxmaq və onu gücləndirmək lazımdır.

F.Qurbanov Elm və Təhsil Nazirliyinin uşaqların və gənclərin ekoloji şüurunun formalaşması məqsədilə bir sıra tədbirlər keçirdiyini diqqətə çatdırıb: “Bu günlər “yaşıl” həftə adlandırılıb. Bununla bağlı təhsil müəssisələrində bir çox seminarlar, forumlar keçirilir, sənədli filmlər nümayiş etdirilir. Əsas məqsəd uşaqlarda ekoloji tərbiyə formalaşdırmaqdır”.

Tədbirdə “British Council”ın Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva, Kembric Universitetinin strategiya direktoru Stefan Davidson, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və digər qonaqlar çıxış edərək universitetlərin iqlim problemləri ilə bağlı fəaliyyətdə şəbəkələşməsi, birgə işin qurulması, iqlim dəyişiklikləri ilə əlaqədar gənclərin və uşaqların maarifləndirilməsinin önə çəkilməsi istiqamətində təkliflər səsləndirilib.

Sessiya iştirakçıları beynəlxalq ali təhsil ocaqlarının bu sahədə təcrübələrini diqqətə çatdırıb, mövcud addımların Azərbaycanda tədbiq edilə biləcəyini vurğulayıblar.

İqtisadiyyat