BP bu layihə əsasında Dövlət Neft və İnvestisiya şirkətləri ilə Birgə İştirak Müqaviləsi imzalayıb
BP Cəbrayıl rayonunda 240 MVt-lıq “Şəfəq” Günəş Elektrik Stansiyası (GES) layihəsinin investoru olaraq Dövlət Neft və Azərbaycan İnvestisiya şirkətləri ilə səhmdarlar sazişi imzalayıb, bununla da “Cəbrayıl Solar Limited” (SJSL) adlı yeni birgə müəssisə yaradılıb. Bu müəssisə layihəyə aid birgə investisiya fəaliyyətini həyata keçirəcək.
“BP-Azerbaijan” şirkətindən verilən məlumata görə, bundan əvvəl səhmdarlar sazişi üzrə danışıqlara başlamaq məqsədilə ötən ilin sentyabrında eyni tərəflər arasında qoşulma sazişi imzalanmışdı. “Şəfəq” layihəsində “Virtual enerji ötürmə mexanizmi” adlanan yeni kommersiya modelindən ilk dəfə istifadə olunacağı gözlənilir. Həyata keçəcəyi təqdirdə bu mexanizm layihənin Cəbrayıl rayonunda istehsal edəcəyi günəş enerjisinin ölkənin elektrik enerjisi şəbəkəsinin operatoru olan “Azərenerji”yə həmin yerdə çatdırılmasını, “Azərenerji”nin isə sonra eyni həcmdə elektrik enerjisini Səngəçal terminalına verməsini təmin edəcək. Bu da, öz növbəsində, terminalın həmin bərpaolunan elektrik enerjisindən öz ehtiyacı üçün istifadə etməsinə imkan verəcək.
Səhmdarlar sazişini SJSL adından BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda maliyyə məsələləri üzrə vitse-prezidenti Kolin Allan, SJSL-də səhmdar şirkət kimi BP adından BP-nin günəş enerjisi və quruda külək enerjisi üzrə vitse-prezidenti Noelia Marivela Alvarez, Dövlət Neft Şirkəti adından bu qurumun prezidenti Rövşən Nəcəf və AİŞ-in icraçı direktoru Ülvi Mansurov imzalayıblar.
Mərasimdə çıxış edən Kolin Allan deyib: “Biz Dövlət Neft və Azərbaycan İnvestisiya şirkətlərini yeni tərəfdaşlarımız kimi belə bir mühüm potensial layihədə bizə qoşulmasından çox məmnunuq. Birgə işimiz layihənin icrasını sürətləndirəcək və Dövlət Neft Şirkəti, eləcə də Azərbaycan hökuməti ilə əməkdaşlığımızın yeni bir mərhələyə daxil olmasını şərtləndirəcək. İndi biz Səngəçal terminalının karbonsuzlaşdırılması və Xəzər regionunda əməliyyat emissiyalarının azaldılması üçün çalışdığımız bir vaxtda əsl innovativ bir yanaşmanı dəstəkləmək üçün hər bir tərəfdaşın dərin təcrübəsini bir araya gətirə bilərik”.
Dövlət Neft Şirkəti ilə BP arasında uzun illərdir ki, davam edən qarşılıqlı səmərəli əməkdaşlıqda yeni səhifə açıldığını bildirən qurumun rəhbəri Rövşən Nəcəf 30 il öncə “Əsrin müqaviləsi”nin imzalanması ilə başlayan bu əlaqələrin bu gün də uğurla davam etdirildiyini vurğulayıb: “Əminəm ki, birgə fəaliyyət nəticəsində Cəbrayıl rayonunda “Şəfəq” layihəsinin uğurlu icrası Azərbaycanın bərpaolunan enerji potensialının inkişafında mühüm rol oynamaqla yanaşı, işğalçıdan təmizlənən ərazilərin “yaşıl” enerji zonasına çevrilməsi istiqamətində görülən genişmiqyaslı işlərə mühüm töhfə verəcək”.
AİŞ-in icraçı direktoru Ülvi Mansurov isə bu layihənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində rəhbərlik etdiyi qurumun əsas investisiya layihəsi olduğunu, mühüm strateji önəm daşıdığını, eyni zamanda, “Şəfəq” GES-in ölkəmizin 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payının 30 faizədək artırılması məqsədini dəstəkləməklə yanaşı, Cəbrayıl regionunun iqtisadi inkişafına böyük töhfə verəcəyini diqqətə çatdırıb.
Yeri gəlmişkən, xatırladaq ki, səhmdarlar sazişi müəyyən kommersiya və tənzimləyici şərtlər yerinə yetirildikdən sonra qüvvəyə minəcək. Bundan sonra isə SJSL səhmdarlarının iştirak payları belə olacaq: bp – 50,01 faiz, SOCAR – 39,99 faiz və AİŞ – 10 faiz.
Xatırladaq ki, “Şəfəq” layihəsi Cəbrayıl rayonunda 240 MVt gücündə dəyişən cərəyanlı günəş elektrik stansiyasının tikilməsini nəzərdə tutur. Azərbaycan Energetika Nazirliyi ilə BP arasında 2021–2022-ci illərdə “Şəfəq” layihəsinin həyata keçirilməsinə dair icra sazişi və ona bir sıra əlavələr imzalanıb. Layihənin ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirinin qiymətləndirilməsi sənədi 2024-cü ildə ictimaiyyətə açıqlanaraq müzakirə edilib və Azərbaycan hökuməti tərəfindən təsdiqlənib.
Cəbrayılda 240 MVt-lıq “Şəfəq” GES tikilməsi məqsədilə BP, Azərbaycan Dövlət Neft Şirkətinə məxsus “SOCAR Green” MMC və İqtisadiyyat Nazrliyinin “Azərbaycan İnvestisiya Şirkəti” arasında imzalanan Birgə İştirak Müqaviləsi ilə bağlı iqtisadiyyat naziri və Dövlət Neft Şirkəti Müşahidə Şurasının sədri Mikayı Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib ki, işğaldan azad edilmiş ərazilərin iqtisadi və “yaşıl” enerji potensialının reallaşdırılması üçün mühüm təşəbbüslər həyata keçirilir. Bu layihə birbaşa xarici investisiya cəlb edilməsi ilə ölkəmizin "yaşıl” keçid hədəfinin dəstəklənməsinə, Cəbrayıl rayonunun iqtisadi inkişafı və günəş enerjisi potensialından istifadə etməklə bölgənin enerji təminatının gücləndirilməsinə, Xəzər dənizi və Səngəçal terminalında karbon emissiyalarının azaldılmasına töhfə verəcək.
İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri
Məlum olduğu kimi, BP şirkəti Azərbaycanın Cəbrayıl rayonunda 240 meqavatlıq günəş elektrik stansiyasının tikintisini nəzərdə tutan “Şəfəq” layihəsinin ilkin yeganə investoru olaraq “SOCAR Green” və Azərbaycan İnvestisiya Şirkəti ilə səhmdarlar sazişi imzalayıb. Sazişə əsasən “Şəfəq (Cəbrayıl) Solar Limited” adlı yeni birgə müəssisə yaradılıb. “Şəfəq” layihəsi ilə bağlı birgə investisiya fəaliyyəti məhz həmin müəssisə tərəfindən həyata keçiriləcək.
Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, günəş elektrik stansiyasının tikintisi üçün Cəbrayıl rayonunun ərazisinin seçilməsi heç də təsadüfi deyil. Aparılan tədqiqatların nəticəsində məlum olub ki, Azərbaycanda günəş enerjisini orta illik zaman çərçivəsində elektrik enerjisinə çevirməyin ən yüksək faydalı iş əmsalı Cəbrayıl rayonunun ərazisinə düşür. BP şirkətinin stansiyanın tikintisi üçün həmin ərazini seçməsi də məhz bu amillə bağlıdır. Yeri gəlmişkən, günəş enerjisindən elektrik enerjisi əldə etmək üçün ən yüksək faydalı iş əmsalı ilə seçilən digər münasib ərazi isə Naxçıvan Muxtar Respublikasıdır.
BP-nin işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində günəş elektrik stansiyasının inşa edilməsi ilə bağlı qərarı özlüyündə çox böyük əhəmiyyət kəsb edir. Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, adətən, dünyada bu sahədə ixtisaslaşmış şirkətlər “yaşıl” enerjiyə öz töhfələrini verirlər. Eyni zamanda, bunun Azərbaycan üçün də əhəmiyyəti olduqca yüksəkdir. Belə ki, Xəzəryanı ölkələr içərisində ilk dəfə məhz Azərbaycanda ən böyük neft və qaz hasilatçısı olan şirkət belə bir təşəbbüslə çıxış edir.
Digər tərəfdən, 2025-ci ilin sonlarında stansiya istismara verildikdən sonra bu, postsovet məkanının ilk ən böyük günəş elektrik stansiyalarından biri kimi tarixə düşəcək. Məlum olduğu kimi, “Şəfəq” Günəş Elektrik Stansiyasının istehsal gücü 240 meqavat təşkil edəcək. Bütövlükdə isə, stansiyada il ərzində, təqribən, 700 milyon kilovat-saat elektrik enerjisinin əldə edilməsi planlaşdırılır ki, bu da kifayət qədər böyük rəqəmdir. Yeri gəlmişkən, Xəzər regionunda ən böyük, eləcə də dünya üzrə ilk beşliyə daxil olan Səngəçal terminalının elektrik təchizatı da tam olaraq “Şəfəq”dən alınan “yaşıl” enerji hesabına ödəniləcək.