Asiya İnkişaf Bankı (AİB) “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəqəmsal transformasiya layihəsinin həyata keçirilməsi üçün ölkəmizə 47 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiqləyib.
Bu barədə AİB-nin məlumatında bildirilir ki, həmin kredit Azərbaycana dəmir yolu sisteminin rəqəmsallaşdırılmasına, ölkənin dəmir yolu şəbəkələrinin təhlükəsizliyinin, etibarlılığının və səmərəliliyinin artırılmasına kömək edəcək. Layihə ADY-də gedənəsas proseslərin, o cümlədən dəmir yolu nəqliyyatının idarə edilməsi, investisiyanın planlaşdırılması və icrası, müştəri məlumatlarının emalı sisteminin, eləcə də korporativ funksiyaların rəqəmsallaşdırılmasını dəstəkləməyə yönəlib.
AİB-nin Mərkəzi və Qərbi Asiya Regional Departamentinin baş direktoru Yevgeni Jukovun sözlərinə görə, ölkəmizin modernləşdirilmiş və rəqəmsal dəmir yolu sistemi Şərqi və Mərkəzi Asiya iqtisadiyyatlarını Qafqaz və Avropa ilə əlaqələndirməyə, ticarət potensialını maksimum gücləndirməyə müsbət təsir göstərəcək.
Xatırladaq ki, AİB ilə ölkəmiz bu gün birgə biznes əməliyyatları strategiyasını uğurla reallaşdırır. Bu strategiya çərçivəsində bank Azərbaycanla əlaqədar kredit prioritetlərini müəyyənləşdirməyə çalışır. Eyni zamanda, maliyyə qurumu respublikamızla əlaqədar mühüm texniki yardım proqramlarında fəal iştirak edir. Ümumiyyətlə, AİB Azərbaycanla həyata keçirdiyi layihələrdə qarşıya qoyduğu məqsədləri – insanların həyat şəraitinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması, infrastrukturun müasir tələblər səviyyəsinə qaldırılması kimi vəzifələri uğurla yerinə yetirir.
Beynəlxalq maliyyə təşkilatı olan AİB 1966-cı ildə yaradılıb. Əsas məqsədi Asiya məkanında, bütövlükdə Şərq ölkələrində iqtisadiyyatın inkişafına yardım göstərməkdən ibarət olan bankın baş ofisi Filippinin Manila şəhərindədir. AİB-ni maliyyələşdirən 67 üzv-ölkə var ki, onlardan 48-i Asiya və Sakit Okean regionunda yerləşir.