Şuşadan Xankəndinə “işıq körpüsü”

post-img

2023-cü ilin sentyabr ayında antiterror əməliyyatı keçirilərkən ölkə başçısının tapşırığına uyğun olaraq “Azərenerji” ASC-nin xüsusi qrupu operativ işə başladı və yeni anker dayaqlar quraşdırılmaqla cəmi 4 gün müddətində “Şuşa” yarımstansiyasından Xankəndi, eləcə də ətraf ərazilərə ilkin olaraq enerji verilməsi təmin edildi. Lakin separatçıların nəzarətində olan zaman 110 kilovoltluq xətlər və mövcud “Xankəndi” yarımstansiyası istismar müddətini çoxdan başa vurduğundan tez-tez qəza açılmaları baş verir, uzunmüddətli fasilələr yaranırdı.

Məhz buna görə də cari ilin yazından başlayaraq “Azərenerji” Şuşa şəhərindən Xankəndiyə ən çətin dağlıq və meşəlik relyefdə 110 kV-luq ikidövrəli “Xankəndi-1”, “Xankəndi-2” yüksək gərginlikli ötürmə xəttinin çəkilməsinə start verib. Artıq ümumi uzunluğu 11 kilometr olan hava xəttinin çəkilməsi işi yekunlaşıb və 1,8 kilometr məsafədə yeraltı kabel xəttinin çəkilməsi işi aparılır.

Hazırda Xankəndi şəhərində müasir şəhər şəbəkəsi modelinə uyğun 110, 35, 10 kilovoltluq qapalı tipli yarımstansiyanın tikintisinə başlanılıb. Artıq tikinti işlərinin böyük hissəsi görülüb. “AzərEnerji”nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin sözlərinə görə, “Xankəndi” yarımstansiyası işğaldan azad edilən ərazilərdə 110 kV-luq gərginlik sinfi üzrə tikilən ilk qapalı tipli yarımstansiyadır. Belə ki, burada kabel zirzəmisindən tutmuş 110, 35, 10 kilovoltluq paylayıcı qurğulara, o cümlədən 2 ədəd 63 MVA transformatorlara qədər bütün avadanlıqlar məhz binanın daxilində yerləşdiriləcək.

Yarımstansiyanın qapalı tipdə tikilməsi daha az yer tutmasına, avadanlıqların uzunmüddətli istismarına, müasir standartlara uyğun estetik görünüşünə, təhlükəsizliyinə və digər amillərə görə daha əlverişlidir. Yeni yarımstansiyada müasir tipli yanğından mühafizə sistemindən tutmuş, kiber təhlükəsizliyə qədər bütün tətbiqlər quraşdırılacaq. Qeyd edək ki, “Xankəndi” yarımstansiyasının ərazisində həm də anbar, qazanxana, maşın mexanizmlərinin təmir sahəsi və başqa yardımçı binalar da tikilıir. “Xankəndi” yarımstansiyasında işlərin yaxın aylarda yekunlaşdırılması planlaşdırılır.

İqtisadiyyat