Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə sentyabrın 2-də açılışı olan Kəlbəcər rayonundakı “İstisu” mineral su zavodunun məhsulları xarici bazarlara çıxarılacaq. Zavodun direktoru Adil Haqverdiyevin mediaya bildirdiyinə görə, artıq bununla bağlı danışıqlar aparılıb, oktyabr ayında ilk ixracın həyata keçiriləcəyi nəzərdə tutulub. Bu da həm müəssisə, həm də ölkə adına qürurverici bir hadisədir.
Direktor bildirib ki, çox qısa zamanda dünya standartlarına uyğun müasir bir zavod inşa edilib, illərlə həsrətində olduğumuz “İstisu” markası yenidən canlandırılıb, xalqımıza təqdim edilib.
Müəssisədə 100 nəfərin işləməsi planlaşdırılır. Hazırda bu rəqəm 75-dir. Onun da 56 nəfəri Kəlbəcər sakinidir. Bu da çox qürurverici haldır ki, sakinlər məskunlaşmadan əvvəl işlə təmin olunublar. Əməkdaşlar arasında şəhid ailələri və müharibə iştirakçıları da var.
Qeyd edək ki, Kəlbəcər rayonunda “İstisu” mineral suyunun istehsalına 1976-cı ildə başlanılıb. Qısa müddətdə həm Azərbaycanda, həm də qonşu ölkələrdə bu su alıcı rəğbəti qazanıb. 1993-2020-ci illərdəki işğal dövründə isə zavodun fəaliyyəti dayandırılıb. 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev “İstisu”yun təməlini qoyub, 2024-cü ildən isə mineral suyun yenidən istehsal edilməsinə başlanılıb.