Çinlə əməkdaşlığımız yeni mərhələyə yüksəlir

post-img

Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao Çin Xalq Respublikasının yaradılmasının 75 illiyinə həsr olunan tədbirdə bildirib ki, ölkəsi Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan ədalətli qlobal iqlim idarəetmə sisteminin yaradılmasına sadiqdir.

Müvəqqəti işlər vəkili daha sonra deyib: “Ölkələrimiz arasında praktiki əməkdaşlıq dərinləşməkdə davam edir. Bu ilin yanvar–iyul aylarında ikitərəfli ticarət dövriyyəsi illik müqayisədə 21,9 faiz artaraq rekord səviyyəyə çatıb. “Bir kəmər və bir yol” təşəbbüsü Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində koordinasiyanı sürətləndirməyə kömək edir, çünki bu marşrutun cənub hissəsində Azərbaycandan keçən Çin–Avropa dəmir yolu ekspreslərinin sayı sürətlə artır”. Din Tao bildirib ki, Çin və Azərbaycan arasındakı ticarət dövriyyəsi də dinamik artım nümayiş etdirir. Onun sözlərinə görə, Azərbaycan məhsulları Çində getdikcə daha çox tanınır.

Qeyd edək ki, Azərbaycan–Çin münasibətlərinin bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ticari–iqtisadi əlaqələrin inkişafına geniş imkanlar açır. Təbii ki, bu şəraitin davamlı şəkildə formalaşmasına iki ölkə arasında investisiyaların təşviqi və qorunması, habelə ikiqat vergitutmanın qarşısının alınması üzrə imzalanan bir sıra sazişlər, həmçinin texniki-iqtisadi əməkdaşlığa dair sənədlər mühüm önəm daşıyır.

Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Çinlə ölkəmiz arasında son illərdə səmərəli investisiya əməkdaşlığı həyata keçirilib. Respublikamızda Çin investisiyalı 275 şirkət qeydiyyata alınıb. Bundan başqa, Çinin “Huawei” şirkəti Azərbaycanın işğaldan azad edilən ərazilərində “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlayıb.

Çin şirkətlərinin ölkəmizə olan böyük marağı təsadüfi deyil. Çünki son illər ərzində Azərbaycan resursdan asılı iqtisadiyyatdan innovasiya, sahibkarlıq və biliyə əsaslanan sənaye üzərində inkişaf edən iqtisadiyyata uğurla keçid edib. Tətbiq edilən vergi güzəştləri, güzəştli kreditlər, hökumət təşəbbüsləri ilə dəstəklənən əlverişli investisiya mühiti və dövlət–özəl sektor tərəfdaşlığının genişləndirilməsi diqqətdə saxlanılıb. İşğaldan azad edilən ərazilərdə vergi güzəştləri, sosial sığorta müavinətləri, təkmil investisiya təşviqi mexanizmləri, kommunal xidmətlər üzrə güzəştlər, əmək miqrasiyası kvotasının müəyyənləşdirilməsi və sadələşdirilən iş prosedurları ilə bağlı əlverişli şərtlər Çin şirkətlərinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələrə marağını şərtləndirib.

Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşıdır. Ötən il ölkəmizin bu dövlətlə ticarət dövriyyəsi 2021-ci illə müqayisədə 23,5 faiz artaraq 2 milyard 159 milyon ABŞ dolları təşkil edib.

1995-ci ildən indiyədək respublikamıza, ümumilikdə, 920 milyon ABŞ dolları məbləğində birbaşa investisiya yatıran Çin şirkətləri Azərbaycanda sənaye, enerji, infrastruktur, informasiya texnologiyaları, ticarət, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərirlər.

İqtisadiyyat