“Səhnə müqəddəs yerdir”

post-img

Bu ifadəni Azərbaycan teatrı korifeylərinin ruhu qarşısında hər gün xəyalən sənət imtahanı verən rejissor, Xalq artisti Firudin Məhərrəmov bizimlə söhbətində işlətdi. Bəxtinə Mehdi Məmmədov, Azər Paşa Nemətov kimi böyük ustadlardan dərs almaq düşən rejissor onların ölməz xatirələrinə sayğısını da dönə-dönə vurğuladı.

– Bir dəfə ustadım Azər Paşa Nemətov mənə dedi ki, biz rejissura üzrə qohumuq: mən Mehdi Məmmədovun tələbəsiyəm, sən də mənim. Xeyli fərəhləndim. Mən özüm də Mehdi Məmmədovun kursunda təhsil almışam. O, institutda bizə teatr nəzəriyyəsini, Azər Paşa müəllimsə rejissor sənəti dərslərini tədris edirdi. Şansıma iki böyük rejissordan dərs almaq düşmüşdü. Daim hər ikisinin ruhunu sevindirməyə çalışıram.

Firudin Məhərrəmov ömrünün yarıdan çoxunu teatrda keçirib. 1997-ci ildən Sumqayıt Dövlət Dram Teatrının baş rejissorudur. Kulturoloq Hafiz Ataxanlının onun həyat və yaradıcılığına həsr etdiyi yeni “Altıncı hücrənin remarkası” kitabında da göstərildiyi kimi, həyatını bu sənət məbədindən kənarda təsəvvür edə bilmir. İndiyədək burada 55, ümumiyyətlə isə, 80 tamaşaya uğurlu quruluş verib, 30-dək səhnələşdirdiyi yubiley təqdimatı olub. Neçə-neçə film ssenarisi yazıb. İllərdir ki, Firudin müəllim Sumqayıtda keçirilən dövlət səviyyəli tədbirlərin ssenari müəllifi və quruluşçu rejissoru kimi də yorulmaz fəaliyyət göstərir.

Sırf sənət uğurlarına gəlincə, dəfələrlə beynəlxalq festivalların qalibi olub. “Tərəqqi”, “Teatr xadimi”, “Sənətkar” medalları ilə, 2 dəfə “Qızıl Dərviş” mükafatı ilə təltif edilib. Eyni zamanda Prezident mükafatçısı olan Xalq artisti yaradıcılığının ən parlaq dövrünü yaşayır.

– Firudin müəllim, bu il Sumqayıtın 75, şəhər teatrında ilk tamaşanın 55, sizin də 65 yaşınız tamam olur. Yubileylər keçilən yola nəzər salmaq baxımından hansı assosiasiya yaradır?

– Fərəh hissi keçirirəm. Bu gözəl şəhərdə, bu doğma teatrda ötən illərimə görə qürur duyuram. Ustadlarımın etimadını doğrultmaq həmişə əsas amalım olub.

– Mehdi Məmmədovla bağlı xatirələrinizi dinləmək istərdik...

– Klassikaya münasibətdə bir qədər mühafizəkar idi. Yadıma gəlir, mən 2-ci kursda Mirzə Cəlilin “Kamança” pyesini Tədris teatrında səhnəyə hazırlayırdım. Düşündüm ki, əsərə əlavələr etsəm, müəllimin xoşuna gələr. Eskiz üzərində ikiyə ayrılan ağac şəkli çəkdim – rusların “Parçala, hökm sür!” siyasətini göstərmək üçün. Mehdi müəllim eskizə baxıb dedi ki, sən Cəlil Məmmədquluzadədən çox bilirsən? Sonra əlavə etdi: “2-ci kurs üçün tezdir, hələlik pyesdən kənara çıxmadan işlə. Araşdır, təhlil et, gör dramaturq bu pyesdə nə demək istəyir”. Beləliklə, mənim yaddaşıma əbədi həkk olundu ki, öncə müəllifi dərindən öyrənmək lazımdır.

Mən 3-cü kursu bitirəndə Rüstəm İbrahimbəyovun “Şirə bənzər” pyesini tamaşaya hazırlayırdım. Tamaşanın bir hissəsinə Mehdi müəllim baxmışdı, rejissor traktovkalarımı bəyənmişdi. Dedi ki, 2-ci hissəni necə quracagın barədə fikirlərini yaz, gətir. Yazıb apardım. Göz gəzdirib dedi ki, bizə gələrsən, çay içə-içə müzakirə edərik. O ərəfədə Mehdi müəllimin xəstəliyi artıq ciddiləşmişdi, evində görüşmək qismət olmadı, dünyasını dəyişdi. Amma yazdıqlarım xoşuna gəlmişdi. Belə xatirələr çoxdur. Mənim üçün çox çalışırdı, təqaüd almagıma kömək göstərirdi...

2011-ci ildə Amerikada fəaliyyət göstərən Azərbaycan Nyu-York Assosiasiyası Firudin Məhərrəmovu orada Azərbaycan teatrı açmağa dəvət edir. Gedir və az sonra M.F.Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəlişah” əsəri ilə teatrın açılışını edir. Bununla da Amerikada ilk Azərbaycan teatrının əsası qoyulur. Elə həmin ildə o, Amerikada Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilmiş bayram tədbirinin ssenari müəllifi və quruluşçu rejissoru olur. Amma Sumqayıtdan uzaqlarda, qürbətdə qala bilməyən rejissor Vətənə qayıdır.

O, 2012-ci ildə M.F.Axundzadənin 200 illik yubileyi çərçivəsində həmin əsərə yenidən quruluş verib, tamaşa Hindistanda keçirilən ənənəvi Beynəlxalq Teatr Festivalında uğurla oynanılıb və xüsusi diplom alıb. 2018-ci ildə isə Firudin müəllim Turqut Özakmanın “Ocaq” tamaşası ilə Türkiyənin Mersin şəhərində keçirilən teatr festivalında çıxış edərək diploma layiq görülüb.

– Necə düşünürsüz, aktyor hər zamanmı rejissora tabedir, ya ayrıca yaradıcı şəxsdir?

– Mənim müəllimim Tofiq İsmayılovun gözəl bir fikri vardı: “Rejissor və aktyor toxuma milləri kimidir. Bu millərdən biri rejissor, digəri aktyordur. İp də materialdır, əsərdir. Rejissor və aktyor da sanki mil qismində çıxış edərək, bu materialı toxuyurlar, onlardan biri olmasa iplər dagılar. Mən həmişə deyirəm, aktyor yaradıcı şəxsdir”. Çoxu deyir ki, mənə quru taxta verin, ondan aktyor hazırlayım. Ancaq düzgün yanaşma deyil, sən aktyora təkan verirsən. Sübhəsiz ki, dominantlıq rejissordadır, rejissor yol göstərir, hansı cıgırla gedilməli oldugunu təyin edir, ancaq mütləq aktyorla birlikdə çalışır.

-Bəs, bu gün Firudin Məhərrəmov aktyorlardan razıdırmı?

-Bu suala konkret cavab vermək mümkün deyil, elə truppa yoxdur ki, bütün aktyorları mükəmməl olsun. Aktyor maraqlanmalıdır, təhlil etməlidir, sual verməlidir. Nədənsə, bu gün rejissorla birlikdə işləyən, sual verən azdır. Bu gün heç bir teatr deyə bilməz ki, bizdə 100 faiz peşəkar aktyorlar fəaliyyət göstərir. Bu gün Sumqayıt teatrında 10–15 nəfər aktyorun adını çəkə bilərəm ki, onlarla rahat işləmək olur.

– Repertuar seçimində hansı prinsiplərdən çıxış edirsiz?

– Repertuar seçərkən teatrın keçdiyi inkişaf yolu nəzərə alınmalıdır. Teatrın həyatında enmələr-qalxmalar olur: truppa zəifləyir, rolu tapşıracagın aktyor dünyasını dəyişir. Düşünürsən ki, “Maqbet”, “Hamlet” kimi tamaşaları səhnəyə hazırlayacaqsan, ancaq sadalanan problemlərlə qarşılaşdıqda planlar dəyişir. Mən seçdiyim əsərlərin mental dəyərlərimizə yaxın olmasına diqqət yetirirəm. Azərbaycan və dünya dramaturgiyasında elə əsərlər var ki, bu günümüzlə də səsləşir, obrazların hiss-həyəcanlarını özümüzə yaxın bilirik. Belə pyeslər üzərində qurulan tamaşaları seyrçilər də bəyənirlər.

– Yaradıcılığınızda, düşüncələrinizdə ustadlarınızın dəsti-xətti özünü büruzə veribmi?

– Əlbəttə, istər-istəməz belə olur. Azər Paşa müəllim deyirdi ki, tələbə öz yolunu tapana qədər müəllimini təqlid edə bilər. O yerə qədər ki, artıq öz yolunu tapmağı bacarırsan. Mən bu gün də tamaşa hazırlayarkən sanki Mehdi müəllimin, Azər Paşa müəllimin zövqü qarşısında imtahan verirəm. Mehdi Məmmədovun klassik rejissurası ilə Azər Paşa Nemətovun müasir tərzdə oyun qurmaq üslubunu vəhdətdə götürürəm.

– Ömrünüzün 65-ci baharında “Teatr xadimi” qızıl medalına layiq görüldünüz. Düşünürsünüzmü ki, arzuladığınız mövqedəsiniz?

-Nələrsə, hansısa problemlərsə mane olur insana, ancaq müəyyən qədər istədiyimə nail olmuşam. İndi Alber Kamünün “Kaliqula” əsərini tamaşa hazırlamaq istəyirəm. Yəni arzular bitmir.

Aynur HİLALİ,
Əli NƏCƏFXANLI
XQ

Müsahibə