“İqlim dəyişikliyi fonunda dayanıqlı ərzaq təhlükəsizliyi” mövzusunda Bakıda keçirilən konfransda kənd təsərrüfatı naziri Məcnun Məmmədov qeyd edib ki, dünyada iqlim dəyişikliyinin fəsadları getdikcə artır. Mənfi təsirlər kənd təsərrüfatı sektorunda daha qabarıq şəkildə nəzərə çarpır, kəskin quraqlıqla müşahidə olunan, qışı mülayim keçən təsərrüfat mövsümləri yaşanır.
Müşahidələrə görə, havanın orta temperaturu son illərdə 0,8-1,8 dərəcə artıb. Atmosfer yağıntılarının miqdarı isə orta hesabla 8-10 faiz azalıb. Bu da dəmyə əkinçilik ənənələrinə ciddi fəsad törətməklə yanaşı, taxıl bitkilərinin məhsuldarlığının da aşağı düşməsinə səbəb olub.
Nazirin sözlərinə görə, ölkədə iqlim dəyişikliyinin əsas təsirləri su ehtiyatlarının azalması, quraqlıq və temperaturun artması kimi problemləri özündə cəmləşdirir: “Su ehtiyatlarının azalması məhsuldarlığın aşağı düşməsi və fermerlərin qarşılaşdığı problemlərin artması ilə nəticələnir. Xüsusilə pambıq, taxıl və tütün kimi strateji məhsulların istehsalında bu risklər özünü daha qabarıq büruzə verir.
Beynəlxalq hesabatlara əsasən, dünyada su və torpaq resurslarının istehsal imkanları son həddə doğru getməkdədir. Qlobal iqlim dəyişiklikləri, su çatışmazlığı və şoranlaşma böyük torpaq ərazilərinin əkin dövriyyəsindən çıxmasına səbəb olur. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatında son 20 ildə 190 milyon hektardan çox torpaq sahəsinin deqradasiyaya məruz qalaraq sıradan çıxması acınacaqlı fakt kimi ciddi narahatlıq doğurur. Hazırda dünyada ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının inkişafı, məhsuldarlığın artırılması günümüzün ən aktual məsələsidir. Məlumdur ki, kənd təsərrüfatı sektorunun inkişafı torpaq, su və iqlim kimi ətraf mühit amillərindən bilavasitə asılıdır.
Kənd təsərrüfatı naziri bildirib ki, 1991-ci ildə respublikada 1 milyon 346,4 min ton taxıl məhsulları, o cümlədən 889,4 min ton buğda istehsal edilmişdisə, 2023-cü ildə ölkədə 3 milyon 248,6 min ton (2,4 dəfə çox) taxıl, o cümlədən 1 milyon 833,9 min ton buğda (2,1 dəfə çox) istehsal edilib. Bundan əlavə, Azərbaycan keçmiş SSRİ dövründə buğda ilə özünü, təqribən, 30 faiz səviyyəsində təmin edirdisə, hazırda bu göstərici, təqribən, 58 faizə yüksəlib.
Son dövrlər ölkədə kənd təsərrüfatının inkişafı sahəsində formalaşmış potensial, xüsusilə dövlət–özəl tərəfdaşlığı hesabına və müasir texnologiyaların tətbiqinə əsaslanmaqla iri taxılçılıq təsərrüfatlarının yaranması, həmçinin uzun illər ərzində işğal altında qalan torpaqlarımızın azad olunması ölkənin buğda ilə özünütəminetmə səviyyəsinin daha da artırılması üçün yeni hədəflər və yeni imkanlar yaradıb.
Nazir əlavə edib ki, COP29 ərəfəsində təşkil olunan belə bir konfransın mövzusu kənd təsərrüfatı sektorunun əsas çağırışlarından biridir və sözügedən sahədə həyata keçirilən siyasətin düzgün yönləndirilməsi günün əsas tələblərindəndir. Kənd Təsərrüfatı Nazirliyi də dünyada gedən qlobal prosesləri və ölkə prioritetlərini nəzərə alaraq aqrar siyasətin yönəldilməsində səmərəli istifadəni, resursqoruyucu yanaşmaların tətbiqini, ətraf mühitin mühafizəsini və dayanıqlı təsərrüfatçılıq ənənələrinin formalaşmasını diqqət mərkəzində saxlayır. Bütün növ vergi ödəmələrindən azad olan aqrar sektorda fermerlərə dəstək üçün müxtəlif növ subsidiya və kredit mexanizmləri mövcuddur.
Prezident İlham Əliyevin həyata keçirdiyi aqrar islahatlar çərçivəsində ərzaq təhlükəsizliyi məqsədlərinə xidmət edən aqrar sahəyə dövlət dəstəyi mexanizmləri daim təkmilləşdirilir, bu mexanizmlər üzrə müvafiq dəstək tədbirləri genişləndirilir. Azərbaycanda taxıl məhsulları, o cümlədən buğda istehsalının həcmi dövlət müstəqilliyinin əldə olunduğu dövrlə müqayisədə getdikcə yüksəlir.