Dünən Bakıda Auditorlar Palatasının təşkilatçılığı ilə “Auditor xidməti haqqında” qanunun 30 illiyinə həsr olunmuş “Yaşıl iqtisadiyyat zəminində hesabatlılıq və şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Məclis “yaşıl” iqtisadiyyat şəraitində hesabatlılıq anlayışına yeni yanaşma, maliyyə göstəriciləri ilə yanaşı, qeyri-maliyyə, ekoloji, sosial və digər amilləri özündə ehtiva edən hesabatlılıq, nəzarət sisteminin qurulması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, tətbiqi üzrə fikir mübadiləsi aparmaq və tövsiyələr işləyib hazırlamaq məqsədi daşıyıb.
Konfransda Beynəlxalq Mühasiblər Federasiyası, Avropa Mühasiblər və Auditorlar Federasiyası, İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası kimi nüfuzlu beynəlxalq qurumları, eləcə də Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Özbəkistan, Pakistan, Rusiya və Türkiyəni təmsil edən 30 təşkilatdan 150-yə yaxın nümayəndə iştirak edib.
Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını ziyarət edərək önünə gül dəstələri düzüblər.
Beynəlxalq elmi-praktik konfransı giriş sözü ilə açan Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov tədbirin əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, Azərbaycanda audit son 30 ildə formalaşmağa başlasa da, dövlət başçısının qayğsı sayəsində ölkədə sahibkarlığın inkişafı vüsət alıb. O, auditor fəaliyyətinin də sahibkarlığın bir sahəsi kimi inkişaf etdiyini diqqətə çatdırıb.
Bildirilib ki, qarşıdan gələn COP29-un reallaşması istiqamətində qəbul edilən təkliflərin icrası ilə əlaqədar Azərbaycan auditorları bundan sonra da dövlətimizin yanında olacaq və hesabatlılığın, şəffaflığın təkmilləşdirilməsi sahəsində yeni dövrün çağırışları nəzərə alınmaqla öz vəzifələrini uğurla həyata keçirəcək. Diqqətə çatdırılıb ki, ölkəmizdə beynəlxalq standartlara uyğun auditin, o cümlədən dövlət auditinin zəruri hüquqi bazası yaradılıb. Hazırda auditin artan əhəmiyyətinin dünyada müxtəlif platformalarda qeyd olunduğunu vurğulayan natiq bildirib ki, bugünkü konfransın timsalında belə tədbirlərin keçirilməsi audit institutun rolunun daha da artırılmasında, bu sahədə davamlı islahatların keçirilməsində və bununla da, maliyyə sektorunda nizam-intizamın möhkəmlərdirilməsində önəmli rol oynaya bilər.
Diqqətə çatdırılıb ki, ümumbəşəri problem olan iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və bu təsirlərə uyğunlaşma üçün fəaliyyətlərə əhəmiyyətli dövlət resurslarının cəlb olunması, prosesə milli hökumət əsaslı yanaşmanın tələb olunması bu sahəni Ali Audit Orqanı obyektinə çevirir. Son 5 ildə dünyada iqlim fəaliyyətinin qiymətləndirilməsi üzrə 50-dən çox auditin aparıldığını vurğulayan natiq bildirib ki, ətraf mühitlə bağlı məsələlər uyğunluq və maliyyə auditləri ilə əhatə edilə bilsə də, iqlim dəyişikliyi ilə əlaqədar audit mövzularında səmərəlilik auditi ön plana çıxır.
Tədbirdə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Beynəlxalq Mühasiblər Federasiyasının prezidenti Asma Resmouki, Avropa Mühasiblər və Auditorlar Federasiyasının prezidenti Salvador Marin və digər qonaqlar təbrik nitqləri ilə çıxış ediblər.
“Yaşıl iqtisadiyyat zəminində hesabatlılıq və şəffaflıq” adlı beynəlxalq elmi-praktik konfrans iqlim fəaliyyətinin qiymətləndirilməsinə ali audit orqanlarının cəlb edilməsi, dayanıqlı inkişaf sahəsində məlumatların açıqlanması üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiq edilməsi, dayanıqlı inkişaf barədə hesabatlılıq, Avropa İttifaqında davamlılıq hesabatı və audit üçün hüquqi baza, “yaşıl” iqtisadiyyat şəraitində mühasiblər və auditorlar üçün əsas çağırışlara dair məruzələr dinlənilib. Tədbirdə, həmçinin bu sahələrdə beynəlxalq əlaqələrin genişləndirilməsi zərurəti və onun reallaşdırılması şərh edilib, “yaşıl” iqtisadiyyat, sosial məsuliyyət və ekoloji tarazlığın təmin edilməsi sahəsində 19 məruzə dinlənilib, faydalı fikir mübadiləsi aparılıb.
Beynəlxalq elmi-praktik konfrans çərçivəsində İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası və Auditorlar Palatası arasında Anlaşma Memorandumu imzalanıb.
Konfransın yekununda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul edilib.
Sonda konfrans iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb. Eyni zamanda, təqdim edilən materialların toplu şəklində nəşr etdirilməsi və tövsiyələrin hazırlanması qərara alınıb.
Sentyabrın 17-də konfrans iştirakçılarının Qobustan Palçıq Vulkanları Turizm Kompleksi və Qobustan Milli Tarix-Bədii Qoruğu ilə tanışlığı, xarici ölkələrin audit və mühasibat qurumlarının nümayəndələri ilə auditin normativ hüquqi bazasına, metodiki təminatına, təşkili və tənzimlənməsinə dair təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.