Palma yağı barədə oxucularımızın sorğusuna cavab olaraq mənbələrin və mütəxəssislərin köməyilə cari bir araşdırma apardıq. Məlum oldu ki, palma ağacının bir növü olan “Elaeis guineensis”in meyvələrindən istehsal olunan yağ ucuz olması səbəbindən müasir dövrün ən çox istifadə olunan bitki yağlarından biridir. Beynəlxalq ətraf mühit təşkilatı “Greenpeace” market rəflərində satılan qablaşdırılmış məhsulların tərkibinin yarısının palma yağı olduğunu açıqlayıb. Bildirilib ki, şokoladlardan “çips”lərə qədər bir çox işlənmiş qidanın tərkibində palma yağı var.
Dünyada yağ istehsalı üçün ən səmərəli bitki olduğu qeyd edilən bu palma növünün 90 faizi İndoneziya və Malayziyadakı əkin sahələrində yetişdirilir. Palma ağacları, kökləri Qərbi Afrikaya aid olsa da, yağıntının miqdarı və temperaturun yüksək olduğu Asiya, Şimali və Cənubi Amerikanın müxtəlif bölgələrində də becərilir. Palma yağının istehsalı, istehlakı və zərərləri barədə Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsinin baş müəllimi, Dünya Tibbi Hüquq Assosasiyasının üzvü Aida Bəndəliyeva bu açıqlamasının davamında bildirdi ki, Birləşmiş Millətlər Dünya Təbiəti Qoruma Fonduna görə, bu yağ qidalar, təmizləyicilər və sənaye məhsullarının əksəriyyətində istifadə olunur. Eyni zamanda, yemək yağları, marqarinlər, dondurma, hazır yeməklər və şirniyyatlara palma yağı qatılır. Şokolad, pizza xəmiri, peçenye və keks, paketlənmiş çörək bu məhsullardan bəziləridir. Ayrıca, yuyucu vasitələr, maye və adi sabun və şampunların əksəriyyəti, dodaq boyası, ağardıcılar, sənaye yağlayıcıları və bioloji yanacaqların tərkibində də bu yağ mövcuddur.
– Sağlam qidalanmanın tələbləri baxımından palma yağının insan üçün zərərləri barədə nə deyərdiniz?
– Palma yağı ilə bağlı çoxlu mənfi fikirlər mövcuddur və bu yağ məhsulu, eyni zamanda “palmiye yağı” olaraq da tanınır. Palma yağı zərərləri ilə diqqət çəkən bir qidadır. Mütəxəssislər bununla bağlı həmişə xəbərdarlıq edirlər. Bu, xüsusilə, sağlam qidalanmağa diqqət edən fərdlərin çəkinməyə çalışdığı bir yağdır. Palma yağı yüksək kalorili və doymuş yağ xüsusiyyəti ilə seçilir.
Palma yağının zərərləri ilə bağlı bir çox məqama toxunmaq mümkündür. Qızartma və sadə bişirmə yağı olaraq istifadə olunan bu məhsul yüksək temperaturda rafinə edilir. Çünki yağın qırmızı rəngindən ayrılması və qoxusunun azalması üçün yüksək istilikdə rafinə edilməlidir. Lakin bu üsulla istehsal olunan yağlar insan sağlamlığı üçün uyğun deyil. Bu səbəbdən onun sağlamlığa zərər verməsi ehtimalı böyükdür. Palma yağının zərərli xüsusiyyətləri bunlardır:
– Yüksək istilikdə istehsal edildiyindən ürək tutmalarına və infarkta səbəb ola bilər;
– İnsanda qan təzyiqi və xolesterol balansının pozulmasını yaratması ehtimal olunur;
– İstehsal üçün bir çox ağacın kəsilməsinə səbəb olaraq ekosistem balansını da pozur;
– Kalori və yağ miqdarı yüksək olduğu üçün insanda çəki problemləri yaradır;
– Çətin həzm olunduğundan bağırsaq xəstəlikləri yaratması ehtimalı da böyükdür.
– Yağ süni yollarla yox, canlı mənbədən alınır. Təbii məhsul hesab edilən yağ niyə bu qədər zərərlidir?
– Palma yağının zərərləri araşdırmalar nəticəsində müəyyən edilmişdir. Buna baxmayaraq, istehlakçılar bu yağı qızartma və adi yeməklərdə istifadə etməyə davam edir. Palma yağının zərərli olmasının səbəbləri arasında istehsal üsulu ön yerdədir. Adətən hazır qida məhsullarında istifadə edilən bu yağın riskli olmasının ən böyük səbəbi yüksək istilikdə istehsal olunmasıdır. Məhsul birbaşa ürəyə, damar və hüceyrələrə təsir etdiyi üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bu yağ insan sağlamlığına zərər verməklə yanaşı, eyni zamanda, təbii mühitdəki canlıları da təhlükə altına alır.
Hazırda bir çox ölkələrdə palma yağının zərərləri müxtəlif mütəxəssislər tərəfindən araşdırılmaqda davam edir. Avropa Qida Təhlükəsizliyi Təşkilatının araşdırmalarında bu trans yağ məhsulunun kanserogen təsirinin olduğu bildirilir. Eyni zamanda, tərkibində olan bəzi maddələrin sağlamlığa zərərli təsirləri aşkarlandığı üçün onu istehlak etməkdən çəkinməyin zəruriliyi qeyd edilir.
Palma yağının zərərləri yalnız kanserogen olması ilə məhdudlaşmır. Bu yağın istehsalı və ondan istifadə həqiqətən də bəzi ölkələrdə qadağan edilmişdir. Məhsulun təhlükəli nəticələrindən biri də çəki riskini artırmasıdır. Tərkibində çəki artımına səbəb olan palmitrik asid var.
“Clinical Nutrition American Journal”ının bu mövzu ilə bağlı dərc etdiyi araşdırmada bildirilir ki, sağlam insanlar üzərində palmitrik asid baxımından zəngin qidalanma proqramı sınanmışdır. Nəticədə palma yağının tərkibindəki palmitrik asidin çəki və insulin müqavimətini artıra biləcəyi müəyyən edilmişdir.
Palma yağının diqqət çəkən zərərlərindən biri də ürək xəstəliyi riskini artırmasıdır. Palma nüvəsi hər nə qədər xolesterol ehtiva etməsə də, tərkibindəki doymuş yağ damarları tıxayır. Damarlar arasında toplanan çöküntü, bir müddət sonra ürək tutmaları və ya xronik ürək xəstəliklərinə səbəb olur. Bu səbəbdən işlənmiş qidalar və hətta süd məhsulları istehlak edilərkən diqqətli olmaq lazımdır. Doymuş yağ və yüksək kalorili olması səbəbi ilə xolesterol səviyyəsini artırır və bu da kardiyovaskulyar xəstəliklərin yaranmasına səbəb olur. Buna görə də, mütəxəssislərin fikrincə, palma yağının orqanizmdə təsir etdiyi ilk orqan və toxumalar ürək və damarlardır. Yağ, həmçinin iflic riskinə də səbəb ola bilər. Bunun da öz növbəsində, sinir sistemi üzərində də ciddi təsirlərə yol açması mümkündür. Həmçinin həzm sisteminə təsir etdiyi üçün mədə və bağırsaq kimi vacib orqanlara da zərər verə bilər. Buna görə də, sağlam orqan funksiyasına sahib olmaq istəyənlərə istehlak edilməsi tövsiyə olunmur.
– Təəssüf ki, palma yağına bəzən uşaq qidalarında da rast gəlinir.
– Ana südünün kifayət etmədiyi hallarda hazırlanan bəzi uşaq yeməklərinin tərkibinə verilən palma yağı körpələr üçün üçün çox zərərlidir. Bu səbəbdən valideynlərin qida alarkən tərkibinə diqqət etmələri lazımdır. Mütəxəssislər körpələrə zərərli olan palma yağı ehtiva edən qidaların verilməməsi barədə xəbərdarlıq edir. Əgər həmin qida və ya südlər körpələrə verilərsə, qəbizlik və köp sancıları meydana gələr və uzun müddətli sağlamlıq problemlərinə səbəb ola bilər. Bu, xüsusilə, valideynlərin diqqət etməsi lazım olan bir mövzudur.
Aparılan nəzəri təhlillər zamanı əldə edilən nəticələr onu deməyə əsas verir ki, palma yağının istifadə edilməməsinin önəmi daim vurğulanmalıdır. Buna görə də zərərlərindən qaçmaq üçün işlətməmək daha önəmlidir.
– Bəs hansı bitki yağları faydalı və zərərsizdir?
– Zərərli olmayan alternativ yağ məhsullarından istifadə etmək olar. Palma yağına alternativ olan ən sağlam məhsul zeytun yağıdır. Təbii və işlənməmiş zeytun yağı yüksək antioksidant xüsusiyyətləri sayəsində keyfiyyətli bir istehlak təklif edir. Eyni zamanda, xolesterol səviyyəsini azaldır və ürək sağlamlığına müsbət təsir göstərir.
Onu da qeyd edək ki, palma yağı insan sağlamlığına zərər verməklə yanaşı, ətraf mühitə də olduqca zərərli bir yağ məhsuludur. İstehsal üçün palma ağaclarının kəsilməsi meşələrin azalmasına yol açır. Bu, ağacların arasında yaşayan canlıların yaşayış sahələrini də təhlükə altına alır.
Palma yağının zərərləri nə qədər çox olsa da, bu yağ günümüzdə istifadə üçün daha çox alınır. Bunun səbəbi palma yağının digər yağ məhsullarına nisbətən iqtisadi cəhətdən daha əlverişli olmasıdır. Lakin bu məhsulun satışının ucuz olmasına baxmayaraq, insan sağlamlığını təhlükəyə atdığı üçün elm adamları tərəfindən onun istifadə edilməməsi tövsiyə olunur.
Müsahibəni hazırladı:
Zərifə HÜSEYNOVA
XQ