Moskvanın ikibaşlı oyunu

post-img

Rusiya Baş nazirinin müavini Aleksey Overçukun başçılıq etdiyi nü­mayəndə heyəti ötən həftə, daha doğrusu, sentyabrın 13-14-də Ermənis­tanda işgüzar səfərdə olub. Rusiya Xarici işlər nazirinin müavini Mixail Qaluzinin, “Rusiya Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti direktoru­nun müavini Vyaçeslav Pavlovskinin, onun törəmə müəssisəsi olan “Cə­nubi Qafqaz Dəmir Yolları” QSC-nin baş direktoru Aleksey Melnikovun daxil olduğu və Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin mü­şayiət etdiyi nümayəndə heyətinin üzvləri səfərin ilk günü baş nazir Nikol Paşinyanla görüşüblər. Görüşlə bağlı Ermənistan hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, N.Paşinyan və A.Overçuk Er­mənistanla Rusiya arasında ikitərəfli münasibətlərin gündəliyi ilə bağlı məsələləri müzakirə ediblər. Görüşdə N.Paşinyan və A.Overçuk Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıqla bağlı mövzulara da toxunublar.

Elə həmin gün Rusiya baş naziri­nin müavini ermənistanlı həmkarı Mher Qriqoryanla bir araya gəlib. Onların gö­rüşü 5 saat davam edib və bu görüşdə ikitərəfli gündəm ətraflı müzakirə olunub.

Səfərin sonuncu günü – sentyabrın 14-də nümayəndə heyəti 2024-cü ilin may ayında daşqınlardan zərər çəkmiş Lori vilayətinə yollanıb. A.Overçuk Axtala stansiyasında Cənubi Qafqaz dəmir yolu­nun təbii fəlakətdən sonra bərpa edilmiş hissələrinə baxış keçirib. Yeri gəlmişkən, qeyd edək ki, may ayının sonunda yağan güclü yağışlar nəticəsində Lori vilayətin­də Debed və Aqstev çayları məcrasından çıxıb. Nəticədə 3 nəfər ölüb, yüzlərlə saki­nin evi su altında qalıb, həmçinin Gürcüs­tana gedən dövlətlərarası yol bağlanıb. Bu, Ermənistanı şimal dövlətləri ilə birləşdirən yeganə dəmir yoludur. Cənubi Qafqaz də­mir yolunun Ayrum-Sanain hissəsində də relslərin zədələnməsi səbəbindən qatarla­rın hərəkəti dayandırılıb.

Burada jurnalistlərə açıqlama verən A.Overçuk əvvəlcə ermənistanlı həmkarı ilə görüşünün yekunlarını qiymətləndirib. Onun sözlərinə görə, M.Qriqoryanla gö­rüşün müddəti, yəni 5 saat davam etmə­si göstərir ki, tərəflərin birgə işi çoxdur: “Nəqliyyat kommunikasiyaları və qarşı­lıqlı ticarət, humanitar əməkdaşlıq, turizm, aviasiya məsələləri nəzərdən keçirildi”.

Rusiya hökuməti sədrinin müavini xatırladıb ki, 2023-cü ildə Ermənistana 1 milyona yaxın rusiyalı turist gəlib və bu is­tiqamətə ruslar arasında tələbat böyükdür: “Bizim insanlarımız bura gəlməyi sevir, burada həmişə erməni xalqının dostluğu­nu və hörmətini hiss edir, ona görə də biz ölkələrimiz arasında bu əlaqələri güclən­dirmək üçün mümkün olan hər şeyi edə­cəyik”.

O, baş nazir N.Paşinyanla görüşünü əhatəli adlandırıb və söhbətdən məmnun qaldığını bildirib: “Biz Ermənistan iqti­sadiyyatının necə böyüdüyünü və inkişaf etdiyini (?), Avrasiya İqtisadi İttifaqında ən yaxşı ümumi daxili məhsul göstəricilə­ri nümayiş etdirdiyini görürük. Hamımız başa düşürük ki, bu cür iqtisadi uğurlar (?) ilk növbədə Avrasiya İqtisadi İttifaqında ilə inteqrasiya əlaqələri sayəsində əldə edilir”.

Rusiya baş nazirinin müavini onu da bildirib ki, Ermənistan ittifaq çərçivəsində fəal pozitiv rol oynayır. Paşinyanla görüş­də Ermənistanın Avrasiya inteqrasiyasında iştirakı məsələsi də müzakirə olunub.

Qeyd edək ki, son vaxtlar Ermənistanla Rusiya arasında münasibətlər nəzərəçarpa­caq dərəcədə soyuyub. Rəsmi İrəvan Kol­lektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə tərəfdaşlarını respublika qarşısında öhdəliklərini yerinə yetirməməkdə suçla­yır. Moskva isə bu iddiaları əsassız hesab edir. Ekspertlər də bir müddətdir Ermənis­tan–Rusiya münasibətlərində nəzərəçarpa­caq soyuqlaşmadan danışırlar. Ancaq Ru­siya baş nazirinin müavini real vəziyyətlə media resurslarının tətbiq etdikləri infor­masiya gündəmi arasında fərq qoymağa çağırıb.

“Sputnik Ermənistan” agentliyinin Ermənistan–Rusiya münasibətlərindəki çətinliklərlə bağlı sualını cavablandıran A.Overçukun sözlərinə görə, media fonu çox vaxt neqativ, real mənzərə isə fərq­li olur. “Real dünya var. Necə ki, biz bu gün yenicə təmir olunmuş əsl dəmir yolu ilə getdik və real işi gördük. İki ölkə ara­sında ticarət dövriyyəsində real artım var ki, bu da ölkələrimizin əlaqələrinin möh­kəmlənməsindən xəbər verir. Ermənistan Avrasiya İqtisadi İttifaqında fəal iştirakını davam etdirir. Bir sözlə, reallıqla media­da yayımlananları ayırd etməyi bacarmaq lazımdır, çünki informasiya gündəmi çox vaxt reallığı əks etdirmir” – deyə A.Over­çuk vurğulayıb.

Qeyd edək ki, A.Overçuk Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 2021-ci il yanvarın 11-də 44 günlük Vətən müharibəsindən sonra Moskvada ilk dəfə keçirilən görüşdən sonra qəbul edilmiş üçtərəfli bəyanat əsasında yaradılan işçi qrupunun Rusiya tərəfdən həmsədridir. A.Overçuk 2020-ci il noyabrın 10-da im­zalanmış üçtərəfli Bəyanatın 9-cu bəndi­nin, yəni regionda bütün iqtisadi və nəqliy­yat əlaqələrinin bərpasının reallaşdırılması məqsədilə Rusiya tez-tez həm Bakıya, həm də İrəvana səfərlər edir. Amma son zaman­lar işçi qrupunun fəaliyyətində durğunluq yaranıb. Xeyli vaxtdır ki, onun iclasları keçirilmir.

Bu baxımdan A.Overçuk jurnalistlər­lə söhbətində Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələsini də şərh edib. O, açıq şəkildə bildirib ki, yolların açılması yalnız üç dövlətin (Azər­baycan, Rusiya və Ermənistan) liderlərinin əldə etdiyi və 2020-ci il 10 noyabr tarixli Bəyanatda öz əksini tapmış razılaşmalar çərçivəsində mümkündür. Onun sözlərinə görə, Rusiya hər zaman bu prosesə qoşul­mağa və Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası prinsipləridən çıxış edərək burada kömək etməyə hazır­dır.

Yeri gəlmişkən, Overçuk Rusiya və Er­mənistan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın sent­yabrın 14-də İrəvanda keçirilən iclasında bildirib ki, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 14-16 milyard dollara çata bilər. Yəni, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2022-ci ildəki 2,6 milyard dollara müqayisədə 6 dəfə ar­tacaq. İxrac əməliyyatları isə 2023-cü ildə 841 milyon dollardan 3,4 milyard dollara yüksəlib. Onun sözlərinə görə, ölkələr ara­sında iqtisadi əməkdaşlıq dinamik inkişaf edir və bütün sahələri əhatə edir: “2023-cü ildə Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 55,8 faiz artaraq 7,4 milyard dollara çatıb. 2024-cü ilin ilk altı ayında bu rəqəm artıq 8,4 milyard dolları keçib. Müqayisə üçün qeyd etmək istərdim ki, 2020-ci ildə ticarət dövriyyəsi cəmi 2,3 milyard dollar təşkil edib. Hazırkı rəqəm­lər qarşılıqlı ticarətin sürətli artımını göstə­rir”.

Ancaq Rusiya hökuməti sədrinin müa­vini nədənsə, qarşılıqlı ticarət dövriyyəsin­də qeydə alınan artımın haradan qaynaq­landığını açıqlamayıb. Biz A.Overçukun tez-tez yararlandığı “real” sözünü burada istifadə edərək qeyd etmək istərdik ki, Ru­siya Federasiyasının real iqtisadiyyatdan məhrum bir ölkə ilə ticarət dövriyyəsinin Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik Azərbaycanla ticarət dövriyyəsindən az qala üç dəfə çox olmasına təəccüblən­məyə dəyməz. Bu rəqəmlər Ermənistanın beynəlxalq sanksiyalardan yan keçərək Rusiya ilə təkrar ixrac (reeksport) əməliy­yatlarını davam etdirdiyini əyani şəkildə göstərir. Amma İrəvan üzərində nəzarəti Moskvadan alaraq öz əlində cəmləşdirmək istəyən kollektiv Qərb onun qadağalarına qətiyyən əhəmiyyət verməyən əlaltısının bu cür iqtisadi “zarafatlarına” israrla göz yumur.

Mövzu üzrə fikirlərini öyrəndiyimiz “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri, iqtisadiyyat üzrə fəlsəfə dokto­ru, siyasi şərhçi İlqar Vəlizadə bildirdi ki, əslində, Rusiya–Ermənistan münasi­bətlərində gərginlik var və bu, açıq şəkildə sezilir. Onun sözlərinə görə, iki ölkənin rəsmi şəxslərinin açıqlamalarında bunu aydın görmək olar. Yəni, münasibətlərin hər halda siyasi səviyyədə gərgin olduğu heç kəs üçün sirr deyil: “Bu, təkcə media resurslarının, belə deyək, məhsulu deyil. Hər iki tərəfdən rəsmi şəxslərin verdikləri açıqlamalar nəticəsində bu qənaətə gəlmək olur”.

İki ölkənin iqtisadi əlaqələrinə gəldik­də isə İ.Vəlizadə qeyd etdi ki, bu əlaqələr həqiqətən də inkişaf edir. Rusiya və Ermə­nistan arasında ticarət dövriyyəsinin həcmi artır. Eyni zamanda, Ermənistanın Rusiya iqtisadiyyatına bağlılığı da möhkəmlənir: “Baxmayaraq ki, Ermənistan rəsmiləri Qərb ölkələri ilə əlaqələri daha sıxlaşdır­maq niyyətində olduqlarını bəyan edirlər. Bu istiqamətdə əməli addımlar da atılır. Amma biz reallıqda əks mənzərə görürük. Məhz elə Rusiya ilə iqtisadi əməkdaşlıq sürətlə genişlənir, artan templə davam edir. Bu gün Rusiya ilə ticarət dövriyyəsinin həcmi Ermənistanın ümumi ticarət dövriy­yəsinin təxminən yarısını təşkil edir. İxra­cının əsas hissəsi Rusiyaya gedir və sair. Bu məsələdə Overçukun sözləri ilə razılaş­maq olar. Ermənistan mediasına baxdıqda düşünmək olar ki, rəsmi İrəvan bütün iq­tisadi əməkdaşlıq, investisiya layihələri­ni sanki Qərblə həyata keçirir. Amma in­vestisiyaların həcminə, onun mahiyyətinə baxdıqda görə bilərik ki, heç də böyük əhəmiyyətə malik layihələr deyil. Onların reallaşması istiqamətində də hələlik real addımlar atılmayıb”.

Müsahibimiz qeyd etdi ki, regionda nəqliyyat kommunikasiyalarının açılması həm ikitərəfli, həm də regional gündəmin əsas məsələlərdən biridir. Bu məsələ hər iki tərəf üçün çox böyük əhəmiyyət kəsb edir: “Əlbəttə, Rusiya çox çalışır ki, Azər­baycan və Ermənistan ərazisində nəqliyyat kommunikasiyaları açılsın və iki ölkədən keçməklə Türkiyə ilə birbaşa əlaqə ya­radılsın. Hazırda Ermənistanda fəaliyyət göstərən “Rusiya Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi olan “Cənubi Qafqaz Dəmir Yolları” kommunikasiyaların açıl­masından bəhrələnən əsas tərəf olsun”.

İ.Vəlizadə onu da bildirdi ki, Rusiya bu məsələdə Ermənistanın üçtərəfli bəyanat­dan fərqli mövqeyini rədd edir. Moskva re­gionda kommunikasiyaların məhz üçtərəfli bəyanatda göstərildiyi şəkildə açılmasında israrlıdır. Bu zaman nəinki “Rusiya Də­mir Yolları” QSC kommunikasiyaların istismarında fəal şəkildə iştirak edəcək, eyni zamanda, yolun Ermənistan hissəsin­də təhlükəsizliyin təminatçısı da Rusiya sərhədçiləri olacaqlar. Beləliklə, Rusiya kommunikasiyaların açılmasında əhəmiy­yətli rol oynamağa çalışır. Əks yanaşma­lar şimal qonşumuzu qane etmir. Moskva başqa cür yanaşmaları öz maraqlarına zidd sayır. Overçukun səfərində əsas məqsəd də kommunikasiyaların açılmasına, üçtərəfli komissiyanın işinin bərpasına nail olmaq idi. Biz bir neçə gündən, yaxud həftədən sonra səfərin nə qədər səmərəli olduğunu görə biləcəyik.

Səxavət HƏMİD
XQ



Siyasət