Yaxud Azərbaycana qarşı total hücumun görünməyən tərəfi
“Kollektiv Qərb” qarşıdurmanı o həddə çatdırıb ki, Azərbaycana qarşı ağıla sığan və sığmayan bütün vasitələri dövriyyəyə buraxıb. Bu “siyasi kart” ermənipərəst Qərb tərəfindən müsəlman ölkələrinə, son vaxtlar isə Azərbaycana qarşı mütəmadi olaraq istifadə edilir. Söhbət hadisə və faktlara ikili standartın, qərəzli yanaşmanın kriteriyasına çevrilmiş İslamofobiyadan gedir.
Hər şey keçən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən sonra başladı. ABŞ və Qərbi Avropa postsovet coğrafiyasında yaranan müstəqil respublikalara, xüsusilə, İslam dininə etiqad edən xalqların yeni, suveren dövlətlərinə təzyiq vasitəsi kimi məhz İslamofobiyanı arsenalına daxil etdi. Bundan hamıdan çox əziyyət çəkən müsəlman ölkəsi Azərbaycandır. Bu barədə əvvəllər yazmışdıq.
Mövzuya qayıtmağımızın səbəbi xaricdəki erməni lobbisinin və diasporunun maliyyə dəstəyi göstərdiyi və İslamofobiyanı əllərinə bayrağa çevirmiş anti-Azərbayvan “çete”nin son vaxtlar bütün “qırmızı xətləri” keçməsidir. 30 il bundan əvvəl dünyanın aparıcı xristian dövlətləri Ermənistanın Azərbaycana qarşı işğalçı-xəyanətkar siyasətini nəinki sükutla qarşıladılar, əksinə, ona hərtərəfli yardım göstərdilər. Əvvəlcə bu məkrli siyasətin “səlibçi” zehniyyətin məhsulu olduğuna inanmaq istəmədik. Amma ötən müddət ərzində nə ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya, ABŞ və Fransanın, nə də Qərbin digər xristian dövlətlərinin dilindən işğalçını qınayan sözlər eşitdik. Bəs, bunun əvəzində nə gördük? Həmin xristian düşərgə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal çıxarılmasını tələb edən dörd qətnaməsindən, heç olmasa, birinin yerinə yetirilməsini tələb etmədi. İndi nə dəyişib ki? Dəyişən odur ki, ABŞ və Fransa başda olmaqla “kollektiv Qərb” Azərbaycana qarşı “səlib yürüşü”nü gizli deyil, açıq müstəvidə davam etdirir. Avropanın sağçıların ağalıq etdiyi bəzi ölkələrində bu “yürüş”ə dezinformasiya ilə beyinləri kirlənmiş kütləni də qoşurlar...
ABŞ Dövlət Departamenti, Fransa Senatı və Avropa Parlamenti bir-birinin ardınca Azərbaycan əleyhinə beynəlxalq hüquq və siyasi məntiqlə bir araya sığmayan qətnamə və bəyanatlar qəbul edirlər. Digər cəbhədə erməni diasporunun səxavətli maliyyə yardımları sayəsində ictimai təşkilatlar, satılmış ekspert və hüquqşünaslar üstümüzə ayaq açırlar. Total hücumun iştirakçıları əllərindəki özlərinin qondardıqları silahdan – İslamofobiyadan məharətlə yararlanırlar. Əsl niyyətləri nə imiş? Azərbaycan ABŞ və Fransanın razılığı olmadan öz ərazilərinin işğalına son qoyub, suverenliyini tam bərpa edib. Onlardan ötrü bu reallığı həzm etməyə mane olan “kal armuda” çevrilib.
Görünən odur ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra regionda yaranmış yeni qüvvələr balansı ölkəmizdə daxili siyasi sabitliyi pozmaq cəhdlərini davam etdirən Qərbin planlarını alt-üst edib. USAID, NED, NDİ bu sahədə xüsusilə fərqləniblər. Xüsusilə, ABŞ kəşfiyyat orqanları tərəfindən yaradılan NED-in əsas məqsədi “demokratiya”nı təşviq etmək bəhanəsi ilə müsəlman dövlətlərində idarə olunan xaos yaratmaq idi.
Diqqətli oxucular xatırlaya bilərlər: vaxtilə mətbuatda NED-in Azərbaycana qarşı təxribat xarakterli fəaliyyətini maliyyələşdirməkdən ötrü xüsusi proqram hazırladığı barədə məlumatlar dərc edilmişdi. Daha sonra bunun təsdiqi kimi, “WikiLeaks” çap elədiyi hesabatında NED-in Qərbin yönəltdiyi, Azərbaycanın bir çox QHT-sinin hansı istiqamətlərdə hərəkət etməli olduqları göstərilirdi. Hesabatda qeyd olunurdu ki fond Azərbaycanda, guya, “korrupsiya və insan hüquqlarının pozulması ilə bağlı” məlumat və hesabatların hazırlanması və yayılmasına 75 min dollardan çox vəsait ayırıb. “Beşinci kolon” öz işində idi. Amma Qərbin agentura şəbəkəsi funksiyasını yerinə yetirən QHT-lərin ölkədən çıxarılması, eləcə də şübhəli qrantların alınmasına nəzarətin xeyli güclənməsi Qərbin Azərbaycandakı “beşinci kolon”unu oyundankənar vəziyyətdə qoydu. İntəhası, Qərb Azərbaycanın daxili işlərinə qarışmaq üçün yeni imkanlar, qurumlar və şəxslər axtarışını dayandırmaq fikrində deyil.
Burada qeyd etmək yerinə düşər ki, 2022-ci ilin fevralında Azərbaycan Prezident İlham Əliyev gənclərlə görüşündə rəngli inqilablar, iğtişaşlar, dövlət çevrilişləri təşkil etmək cəhdləri ilə bağlı potensial təhlükə və çağırışlardan, xaosdan, Azərbaycan gənclərinin bu işə cəlb olunması təhlükəsindən ətraflı danışmışdı. Dövlətimizin başçısı dağıdıcı, inqilabi proseslərin yaranması üçün heç bir ilkin şərt olmadığını bəyan edərək, xarici qüvvələrin Azərbaycana müdaxilə cəhdlərinin hələ də davam etdiyini bildirmişdi.
Daha bir vacib nüansı qeyd etməmək mümkün deyil. AŞPA-nın destruktiv siyasəti də Qərbin Azərbaycana qarşı ikiüzlü siyasətinin məntiqinə tam uyğundur. Eyni mərkəzdən idarə olunan AŞPA-da formalaşan dözülməz dini və irqi ayrı-seçkilik, Azərbaycanofobiya, Türkiyəfobiya və İslamofobiya atmosferinə görə, rəsmi Bakı bu ilin yanvarında bu qurumla əməkdaşlığı dondurub.
Bu təhlükəli tendensiya AŞPA-nın Azərbaycana qarşı ikili standartlarında özünü aşkar surətdə büruzə verdi. Saxta və qondarma iddiaların yer aldığı bəyanatlarında AŞPA bu çərçivədə əməkdaşlığa və dialoqa mühüm töhfələr verən Azərbaycana qapısını bağlamaq yolunu tutub. Nəticədə Bakı AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməmək qərarına sərt cavab verdi: “Əgər bizi orada görmək istəmirsinizsə, onda siz bizə dünəndən lazım deyilsiniz!”.
Əslində, AŞPA-ya başucalığı gətirməyəcək bu qərar Avropanın “demokratik təsisatları” deyilən “səlibçi” qurumun Qərbdən asılı olmayaraq müstəqil siyasət yürüdən müsəlman Azərbaycanın daxili işlərinə qarışmağın təzahürüdür.
İslamofobiyaya qarşı ən effektli mübarizəni İslam dünyasının birliyi qoya bilər. Məhz bunun sayəsində son nəticədə qondarma silah bumeranq effekti ilə Qərbin özünə qayıdacaq və zərənini də onun özü çəkməli olacaq.
İ.HƏSƏNQALA
XQ