Foreign Policy: Avropa ABŞ-dan “səssiz şəkildə uzaqlaşır”

post-img

ABŞ Prezidenti Donald Trampın yenidən hakimiyyətə qayıtmasından sonra Avropa ölkələri tədricən Vaşinqtondan uzaqlaşmağa başlayırlar. “Foreign Policy” nəşri yazır ki, Avropada artıq ABŞ-dən asılılığın azaldılması və daha müstəqil siyasət aparılması barədə daha çox danışılır.

Əvvəlcə Avropa liderləri Trampın siyasətinə uyğunlaşmağa çalışıblar. Böyük Britaniyanın Baş naziri Kir Starmer Ağ Evə səfər edib, NATO-nun Baş katibi Mark Rütte isə Trampa dəstək nümayiş etdirib.

Lakin sonradan ABŞ-a etimad zəifləməyə başlayıb. Buna səbəb Vaşinqtonun Almaniyadakı hərbi qüvvələrini azaltmaq planı, Avropa mallarına tarif tətbiq etməsi və Trampın Avropa liderlərini tez-tez tənqid etməsi olub.

Buna baxmayaraq, Avropa ölkələri müdafiə xərclərini artırıb, Ukraynaya yardımı davam etdirib və ABŞ-ın Yaxın Şərqdəki əməliyyatlarına dəstək veriblər.

Eyni zamanda, Avropa dövlətləri ABŞ-dan asılılığı azaltmaq üçün konkret addımlar atmağa başlayıblar. Məsələn, Niderland Mərkəzi Bankı Amerikanın “Amazon” xidmətlərindən imtina edərək Almaniyanın “Lidl” provayderini seçib. Danimarka isə ABŞ istehsalı olan “Patriot” hava müdafiə sistemi əvəzinə Fransa-İtaliya istehsalı “SAMP/T” sisteminə üstünlük verib.

Məqalədə bu proses Avropanın ABŞ-dan “səssiz şəkildə uzaqlaşması” kimi qiymətləndirilir.

Yazıda Ukraynaya da diqqət ayrılır. Bildirilir ki, Ukrayna artıq yalnız yardım alan ölkə deyil, həm də müasir müharibə təcrübəsinə malik mühüm siyasi və hərbi gücə çevrilir. Xüsusilə pilotsuz texnologiyalar sahəsində topladığı təcrübə vurğulanır.

Məqalədə qeyd olunur ki, Ukrayna Prezidenti Volodimir Zelenski Yaxın Şərq ölkələri ilə təhlükəsizlik və İran təhlükəsinə qarşı əməkdaşlıq məsələlərini müzakirə edib. Müəlliflər hesab edirlər ki, Ukrayna ordusu hazırda dünyanın ən təcrübəli ordularından biridir.

Həmçinin ABŞ-ın əsas rol oynamadığı yeni beynəlxalq əməkdaşlıq formatlarının yarandığı bildirilir. Buna misal olaraq Ukraynanı dəstəkləyən, tərkibində Kanada, Yaponiya və Avstraliyanın da olduğu 35-dən çox ölkənin daxil olduğu “istəklilər koalisiyası” göstərilir.

Kanadanın Baş naziri Mark Karni bildirib ki, gələcək beynəlxalq sistem yenidən qurulacaq və bu dəyişiklik Avropadan başlayacaq.

“Politico” və “The Washington Post” nəşrlərinin məlumatına görə, NATO ölkələri də Trampın siyasəti səbəbindən Alyans daxilində mümkün problemlərə hazırlaşırlar. ABŞ qoşunlarının Avropada azaldılması ehtimalı narahatlıq yaradır. Müzakirələrdə Almaniyadan çıxarıla biləcək Amerika hərbçilərinin bir hissəsinin Polşaya göndərilməsi məsələsi də gündəmə gəlib.

S.ELAY

XQ

Dünya