Səngəçal terminalı: yeni neft strategiyasının baş qovşağı

post-img

Ötən müddətdə buradan 700 milyon ton neft və 450 milyard kubmetr qaz ixrac olunub

Ümumilli lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının təntənəsi olan Səngəçal terminalı uzun illərdir ki, ölkənin mədən sənayesinə sanballı xidmət göstərir. Xəzərin Azərbaycan sektorunda quraşdırılmış nəhəng qurğuların, ən müasir texnologiyaların imkanları və fədakar neftçilərin gərgin əməyi sayəsində hasil edilən karbohidrogenlər sualtı boru kəmərləri vasitəsilə məhz bura nəql olunur. 

Hazırda Azərbaycan özünün karbohid­rogen ehtiyatlarını şaxələndirilmiş boru nəqliyyatı ilə dünya bazarına çıxarır. Xam neft və qaz məhz Səngəçal terminalında yaradılmış ən müasir qurğularda ilkin tex­noloji emal prosesindən sonra ixrac siste­minə vurularaq son ünvanlara çatdırılır. Heydər Əliyev adına Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri, Qərb ixrac boru kəməri (Bakı–Supsa), Şimal ixrac boru kəməri (Bakı–Novorossiysk), Cənubi Qafqaz boru kəməri (CQBK), Cənub Qaz Dəhlizi, eləcə də SOCAR-a məxsus qaz kəməri öz başlanğıcını məhz Səngəçal ter­minalından götürür. 

Səngəçal terminalı “Əsrin müqavilə­si” çərçivəsində inşa olunmuş ilk mühüm infrastruktur obyektlərindəndir. İntensiv tikinti-quraşdırma işləri nəticəsində termi­nal “Çıraq” yatağında hasilatın başlanması ilə eyni vaxtda istismara hazır vəziyyətə gətirilib. 1997-ci il noyabr ayının 12-də ulu öndər Heydər Əliyevin iştirakı ilə Sənga­çal terminalının təntənəli açılış mərasimi keçirilib. Bununla da, Azərbaycan neftinin Bakı–Novorossiysk ixrac boru kəməri ilə Şimal istiqamətinə ixracına başlanılıb.

Xatırladaq ki, ilk vaxtlar yalnız “Çı­raq” neftini ixrac etmək üçün layihələn­dirilmiş Səngəçal terminalının ərazisi və texniki imkanları sonralar xeyli genişlən­dirilərək indiki səviyyəyə çatdırılıb. Belə ki, 2001-ci ilin sentyabr ayından etibarən “Əsrin müqaviləsi”nin yataqların tammiq­yaslı işlənməsi layihəsi çərçivəsində quru­da və dənizdə nəhəng tikinti-quraşdırma işlərinin aparılmasına start verilib. “Azəri” və “Dərin sulu Günəşli” yataqlarının istis­mara verilməsi ilə başlanacaq böyük neft hasilatı terminalın da genişləndirilməsinə zərurət yaradıb. Bu məqsədlə 2002-ci il fevralın 20-də Səngəçal terminalının ge­nişləndirilməsi proqramının icrasına baş­lanılıb. 

Təməlqoyma mərasimində layihənin əməliyyatçısı BP və konsorsium iştirak­çıları, podratçı şirkətlərin nümayəndələri, eləcə də media təmsilçiləri iştirak ediblər. Həmin gün torpağa basdırılmış “Zaman kapsulu”nda bu sözlər yazılıb: “İndi başla­dığımız bu layihə Azərbaycanın Şərq–Qərb dəhlizində aparıcı rolunun təsdiqlənməsinə əsas verəcək, onun beynəlxalq nüfuzunu gücləndirəcəkdir... Biz ümidvarıq ki, üç ildən sonra Səngəçal neftin və qazın nəqli üzrə bir neçə nəhəng boru kəmərini birləş­dirən, enerji daşıyıcılarının nəqli sistemi­nin dünya miqyaslı regional mərkəzi və Xəzərlə dünya bazarı arasında körpü olan bir obyektə çevriləcək”. Gələcək nəsillərə ünvanlanmış ümid dolu bu fikirlər cəmi bir neçə ilə reallığa çevrilib. Dəniz sahilinin qumsal, bomboz çölündə dünyanın ən bö­yük neft-qaz infrasturukturu yaradılıb. 

2002-ci ilin iyul ayında terminalın ge­nişləndirilməsi layihəsinin bir hissəsi olan ilkin mülki tikinti işləri tamamlanıb. 2007-ci ilədək olan dövrü əhatə edən sonrakı mərhələdə isə burada möhtəşəm tikinti-qu­raşdırma işləri həyata keçirilib. “Azəri” yatağınında və “Günəşli” yatağının dərin­likdə yerləşən hissəsində quraşdırılacaq 4 hasilat platformasından çıxarılacaq xam neftin qəbulu üçün nəhəng çənlər və Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin baş nasos stansiyası, neft boruları, eləcə də “Şahdəniz” qazı üçün iri texnoloji emal qurğuları tikilib. Bunun da nəticəsində “Azəri”, “Dərin sulu Günəşli” və “Şahdə­niz” yataqlarından hasil edilən xam neft və təbii qazı qəbul etmək üçün tələb olunan qurğuları vaxtında istifadəyə verilib. 

Ötən illərdə Səngəçal terminalı bir çox əlamətdar hadisələrə şahidlik edib. Belə ki, 2002-ci il sentyabrın 18-də ulu ön­dər Heydər Əliyevin, eləcə də Türkiyə və Gürcüstanın dövlət başçılarının iştirakı ilə burada üçüncü minilliyin nəhəng mühən­dis qurğusu olan BTC-nin təməli qoyulub. 2005-ci ilin mayın 25-də isə Azərbaycan Prezidenti İlham Əliyevin, həmçinin Gür­cüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə terminaldan xam neftin BTC-yə vurulmasına başlanılıb. Xəzərin Azər­baycan sahilindən başlayaraq Avropanın dərinliklərinədək uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizinin də təməli 2014-cü il sentyabrın 20-də məhz Səngəçal termina­lında qoyulub. 2018-ci il mayın 29-da isə terminal bu nəhəng layihənin rəsmi açılış mərasiminə evsahibliyi edib. Hər iki təd­birdə Azərbaycan Prezidenti İlham Əliyev və Avropanın energetika sahəsinə rəhbərlik edən şəxslər iştirak ediblər.

Müasir sənaye şəhərciyini xatırladan Səngəçal terminalında xam neftin qəbulu üçün nəhəng çənlər, baş nasos stansiyası, separatorlar, emal qurğuları və idarəetmə məntəqəsi fəaliyyət göstərir. Eyni zaman­da, bura fiber-optik rabitə kabelləri, sahil­dən 187 kilometr məsafədə yerləşən dəniz yataqlarından neft və qaz kəmərləri çəkilib. Ümumilikdə dənizdəki qurğulardan termi­nala səkkiz müxtəlif boru kəməri daxil olur və buradan da eyni sayda xətt çıxır. Onlar müxtəlif marşrutlara istiqamətlənməklə Azərbaycanın yüksək keyfiyyətli xam nef­tini və qazını dünya bazarlarına nəql edir. Bundan əlavə, terminal Qazaxıstan, Türk­mənistan və Rusiyadan daxil olan üçüncü tərəfə aid nefti də qəbul edir.

Hazırda terminalın texniki emal sis­temlərinin gündəlik gücü 1,2 milyon barel neft və kondensat, eləcə də “Şahdəniz” qazı üçün, təqribən, 81 milyon kubmetr “mavi yanacaq” təşkil edir. Bundan əlavə, “Azəri–Çıraq–Günəşli” yataqlar blokun­dan neftlə bərabər çıxarılan səmt qazı da terminalda qəbul olunaraq Azərbaycanın qazpaylama sisteminə təhvil verilir. Bü­tövlükdə isə, Səngəçal terminalının ümumi qaz emalı və ixrac gücü (AÇG səmt qazı da daxil olmaqla) gündəlik, təqribən, 100 milyon kubmetrdir. Ötən müddətdə Sən­gəçal terminalından şaxələndirilmiş ixrac marşrutları vasitəsilə dünya bazarına 700 milyon ton neft və 450 milyard kubmetr qaz ixrac olunub.

İqtisadiyyat