“Əsrin müqaviləsi”nin ilkin addımı –“Faza-1” layihəsi

post-img

Ötən müddətdə “Mərkəzi Azəri” platformasından 150 milyon ton neft çıxarılıb

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri–Çıraq–Günəşli” yataqlar blokunun işlənməsi müqavilə sahəsinin geniş bir ərazini əhatə etməsi, eləcə də buradakı zənginlik səbəbindən bir neçə mərhələyə bölünüb. Bu barədə qərar Azərbaycan hökuməti ilə beynəlxalq konsorsiumun iştirakçıları arasında əldə olunmuş razılaşmaya əsasən verilib. 

Belə bir qərarın qəbul edilməsinin di­gər mühüm səbəbi isə “Əsrin müqaviləsi” çərçivəsində nəzərdə tutulmuş böyük neft hasilatına başlananadək zəruri ixrac siste­minin yaradılması ilə bağlı olub. “Əsrin müqaviləsi”nin uğurla reallaşdırıldığı “İl­kin neft” layihəsi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin balansında olan bir sıra infrastruktur obyektlərində modernləş­dirmə işləri həyata keçirilib. Bu mərhələ­də “Dədə Qorqud” qazma qurğusu əsaslı şəkildə yenidən qurulub, 24 quyunun qa­zılması üçün nəzərdə tutulmuş “Çıraq” platforması istismara verilib. Buradan sahilədək 176 kilometr uzunluğunda su­altı neft kəməri çəkilib, Səngəçalda dünya səviyyəli terminal inşa olunaraq ilk neftin qəbulu və onu ixrac siteminə yönəltmək üçün hazır vəziyyətə gətirilib. 

AÇG-nin işlənilməsi dövründə ən mürəkkəb və məsuliyyətli mərhələ sayı­lan “İlkin neft” layihəsi üzrə əldə olunmuş zəngin təcrübə sonralar “Azəri” yatağının və “Günəşli”nin dərinlikdə yerləşən hissə­sinin də işlənməyə cəlb edilməsi üçün yol açıb. Beləliklə, 2001-ci il avqustun 30-da ABƏŞ-in Rəhbər Komitəsi “Azəri–Çıraq–Günəşli dəniz yataqlarının tammiqyaslı işlənilməsinin Faza-1” layihəsini təsdiqlə­yib. Bununla bağlı müvafiq sənədi Azər­baycanın dövlət başçısı Heydər Əliyevin iştirakı ilə ARDNŞ prezidenti Natiq Əliyev və ABƏŞ-in rəhbəri Devid Vudvord imza­layıblar.

“Azəri” yatağının mərkəzi hissəsi­nin işlənilməsini nəzərdə tutan “Faza-1” layihəsi çərçivəsində, ilkin proqnozlara əsasən, 1 milyard 425 milyon barel və ya 193 milyon ton neftin hasilatı nəzərdə tu­tulub. Layihənin ümumi dəyəri 3,4 milyard dollar təşkil edib ki, bunun da 2,74 milyard dolları tikinti işlərinə, qalan hissəsi isə qu­yuların qazılmasına sərf olunub. Bununla yanaşı, xaricdən Bakıya gətirilən material və avadanlıqların daşınmasına, təqribən, 700 milyon dollar xərclənib. 

Xatırladaq ki, “Faza-1” layihəsi çərçi­vəsində AÇG-dən gündəlik neft hasilatının 133 min bareldən 375 min barelə çatdı­rılması nəzərdə tutulurdu. Bu isə dənizdə və quruda nəhəng tikinti-quraşdırma işlə­rinin həyata keçirilməsini tələb edirdi. Bu məqsədlə 2001-ci il noyabrın 30-da Bakı­da “Faza-1” layihəsinin həyata keçirilməsi çərçivəsində 5 xarici şirkətlə ümumi dəyəri 750 milyon dollar olan 6 böyük müqavilə imzalanıb. “Mərkəzi Azəri” platforması­nın üst modullarının tikintisi, eləcə də su­altı neft kəmərlərinin çəkilməsi ABŞ-nin “McDermott Caspian Constractors” şirkəti tərəfindən həyata keçirilib. Platformanın dayaq blokunun, svayların və qazma əmə­liyyatları üçün qurğunun dayaq plitəsinin tikintisi; dənizdə nəqletmə və quraşdırma işləri; qazma avadanlığı ilə təminat; yaşa­yış bloklarının inşası isə müvafiq olaraq Fransanın “Boygues Offshore”, İtaliyanın “Saipem”, Fransanın “Eiffel” və İsveçin “Emtunqa İnternational” şirkətləri tərəfin­dən reallaşdırılıb. 

“Faza-1” layihəsi çərçivəsində “Mərkəzi Azəri” platformasının dayaq bloklarının tikintisi və platformanın mo­dullarının montaj edilməsi Azərbaycan Dövlət Neft Şirkətinin “Şelflayihətikinti” İstehsalat Birliyinin (indiki Heydər Əliyev adına Dərin Özüllər Zavodu) meydança­sında həyata keçirilib. Bununla yanaşı, la­yihə çərçivəsində dənizdə həyata keçirilən bir sıra əməliyyatlar zamanı ARDNŞ-nin neft donanmasına aid olan borudüzən gə­milərdən, kran və barjalardan, həmçinin xidməti gəmilərdən istifadə edilib.

Qeyd edək ki, “Mərkəzi Azəri” Bakı­dan 100 kilometr şərqdə, Xəzərin 128 metr dərinliyində yerləşən dəniz hasilat, qazma və yaşayış platformasıdır. 2005-ci ilin fev­ralından istismarda olan platforma “Azəri” yatağının mərkəzi hissəsindən neft hasil etmək üçün tikilib. Bundan əlavə, müqa­vilə sahəsində yaşayış, qazma, hasilat, tex­noloji emal, kompressiya və laya qaz, su, şlam vurulması obyektlərini əhatə edən iri bir dəniz kompleksi yaratmaq məqsədilə kompressor və suvurma platforması inşa olunub. Hər iki platforma isə körpü vasitə­silə bir-birinə birləşdirilib. Ümumilkdə isə, “Faza-1” layihəsinin obyektlərinə 48 quyu gövdəsinə malik hasilat, qazma və yaşayış platforması, buradan Səngəçal terminalına qədər 30 düymlük neft və 28 düymlük su­altı qaz boru kəmərləri, adı çəkilən termi­nalın genişləndirilməsi işləri daxildir.

“Azəri–Çıraq–Günəşli” yataqlar blo­kunun tammiqyaslı işlənmə layihəsinin birinci mərhələsi çərçivəsində tikinti-quraşdırma işləri 2004-cü ilin sonlarında başa çatdırılıb. 2005-ci il fevralın 14-də isə “Mərkəzi Azəri” platforması istismara verilib. Bununla da, “Əsrin müqaviləsi” çərçivəsində böyük neft hasilatına baş­lanılıb. Ötən müddətdə “Mərkəzi Azəri” platformasından 1,1 milyard barel və ya 150 milyon ton neft çıxarılıb. Burada illik maksimal neft hasilatı isə 2007-ci ildə qey­də alınıb. Həmin il platformadan gündəlik orta hasilat 244 min barel və ya illik 12 milyon ton olub. Sonrakı illərdə müqavilə sahəsində hasilatın aşağı düşməsi fonunda bu göstərici xeyli azalıb. “BP–Azərbay­can” şirkətinin məlumatına görə, cari ilin birinci yarısında “Mərkəzi Azəri” platfor­masında gündəlik neft hasilatı 96 min barel təşkil edib.

İqtisadiyyat