Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrell Türkiyənin namizəd ölkə olduğunu vurğulayıb. O, xarici işlər naziri Hakan Fidanın Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirakının ikitərəfli münasibətlərdə çətin məsələlərin aradan qaldırılmasına kömək edəcəyinə ümid etdiyini bildirib. Məlumatı “Anadolu” verib.
Hakan Fidanla görüşdə yaxın bölgədə və onun hüdudlarından kənarda geosiyasi vəziyyətin ətraflı müzakirə edildiyini bildirən Borrell deyib: “Münasibətlərimizi çətinləşdirən məsələlərə, xüsusilə Kiprdəki vəziyyətə və bəzi məsələlərə baxdıq. Yaxın Şərqdəki vəziyyət, xüsusən də bir çox üzv ölkələrin istinad etdiyi Kiprdəki vəziyyət müzakirə olundu”.
Diplomat daha sonra deyib: “Ümid edək ki, Türkiyə xarici işlər nazirini görüşümüzə dəvət etmək bütün problemlərin, xüsusən də Kipr probleminin həlli üçün dialoq prosesinin bərpası istiqamətində ilk addım olacaq”.
Borrell suala cavab olaraq Türkiyənin Aİ-yə üzvlük prosesinin təqviminin müzakirə edilmədiyini deyib və əlavə edib: “Türkiyə namizəd ölkədir və belə qalacaq”.
Görüşdən sonra çıxış edən nazir Fidan Türkiyənin müsbət gündəmdə Aİ ilə irəliləməyə sadiq olduğunu qeyd edib və Kipr məsələsi ilə bağlı olmayan müsbət Aİ yanaşmasının ümumi maraqlara xidmət edəcəyini vurğulayıb.
P.ƏMİRCANOV
XQ