40 turbin ildə ölkəyə 1 milyard kilovat-saat enerji verəcək
Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin Azərbaycanda inşa etdiyi 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası (KES) üçün turbinlər artıq Bakıya çatdırılıb.
Qeyd edək ki, “Xızı-Abşeron” KES-də layihə çərçivəsində hər biri 6 MVt gücündə 40 külək turbin işə salınacaq. Belə ki, Abşeron rayonunun Pirəkəşkül kəndində 17, Xızı rayonunun Sitalçay yaşayış məntəqəsində isə 23 turbin quraşdırılacaq. Ümumi dəyəri 300 milyon ABŞ dolları olan layihə “build - own – operate” (tik – sahib ol – idarə et) prinsipi əsasında həyata keçiriləcək.
Elektrik stansiyasında illik 1 milyard kilovat-saat elektrik enerjisi istehsal olunacaq, eyni zamanda, 220 milyon kubmetrədək qaza qənaət ediləcək, habelə ətraf mühitə atılan tullantıların həcmi ildə 400 min tonadək azaldılacaq. Layihənin reallaşdırılması müasir istehsal və xidmət sahələrinin yaranmasına, yeni iş yerlərinin açılmasına da töhfə verəcək. Enerji infrastrukturu 2025-ci ildə istismara buraxılacaq.
Xatırladaq ki, 2022-ci il yanvarın 13-də Gülüstan sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin hazırda Azərbaycanda inşa edilən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməli qoyulub. Prezident İlham Əliyev bu münasibətlə keçirilən mərasimdə çıxış edərək deyib: “Bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcək. Belə bir mühüm enerji infrastrukturunun yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir. Təxminən bir il bundan əvvəl Azərbaycan Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında icra müqaviləsi imzalanıb. Faktiki olaraq stansiyanın tikintisi ilə bağlı qərar verilib və son bir il ərzində fəal iş aparılaraq hazırda artıq biz bu tarixi günü birlikdə qeyd edirik”.
Dövlətimizin başçısı nitqində təməli qoyulan stansiyanın Azərbaycanın bərpaolunan enerji sektorunda ən böyük elektrik infrastrukturu olacağını bildirib. Ölkə rəhbəri bu obyektin reallaşması ilə həm də respublikamızın enerji təhlükəsizliyinin daha da möhkəmlənəcəyini, çoxlu iş yerinin yaradılacağını vurğulayıb. Həmçinin stansiyanın işə düşməsi ilə təbii qaza qənaətdə növbəti addımın atılacağını, eyni zamanda, bununla ətraf mühitə mənfi təsirin azalacağını da diqqətə çatdırıb.
Prezident İlham Əliyev həmin çıxışında bərpaolunan bu böyük enerji layihəsinin icraçısı və investorunun qardaş Səudiyyə Ərəbistanının şirkəti olduğunu, bu ölkə ilə Azərbaycan arasında çox sıx dostluq və qardaşlıq münasibətlərinin mövcudluğunu da xatırladıb: “Biz müstəqillik dövründə bu əlaqələrin inkişaf etdirilməsində fəal çalışmışıq. Mən Səudiyyə Ərəbistanı Krallığına səfərlərimi böyük məmnuniyyətlə xatırlayıram. Kral həzrətləri, Vəliəhd həzrətləri ilə keçirdiyim görüşlər bir daha bizim aramızdakı dostluq və qardaşlığın təzahürüdür. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik. Təbii ki, xalqımız Səudiyyə Ərəbistanının Azərbaycana işğal dövründə göstərdiyi siyasi dəstəkdən xəbərdardır. Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla, ümumiyyətlə, diplomatik əlaqələr qurmamışdır və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstəkdir və qardaşlığın göstəricisidir. Xalqımız bunu yüksək qiymətləndirir”.
Qeyd edək ki, “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının inşasını reallaşdıran və bu sahədə böyük təcrübəsi olan, eləcə də səmərəli fəaliyyəti ilə dünyada tanınan “ACWA Power” şirkəti tərəfindən indiyədək tikintisi gerçəkləşdirilən stansiyaların enerji istehsalı gücü 42 min meqavatdan çoxdur. Şirkətin ölkəmizdə fəaliyyət göstərməkdə maraqlı olması da təsadüfi deyil. Çünki bu məsələdə Azərbaycanla ikitərəfli dövlətlərarası əlaqələr böyük əhəmiyyətə malikdir.
Digər tərəfdən, son illər respublikamızda, o cümlədən energetika sahəsində aparılan islahatlar, əlverişli investisiya iqlimi, xarici investisiyaların qorunması, ölkəmizin uğurlu inkişafı və sabitliyi də hər bir investor üçün önəmli rol oynayır. Beləliklə, böyük nüfuza malik “ACWA Power”nin Azərbaycanda fəaliyyətə başlaması–Xızı rayonunda 240 meqavat gücündə külək elektrik stansiyasının tikilməsi qərarını verməsi də məhz qeyd edilən sabitlik və cəlbedici investisiya amili ilə bağlıdır.
Azərbaycanın isə belə bir enerji layihəsinə xüsusi önəm verməsi təsadüfi deyil. Çünki respublikamız müstəqillik dövründə uzun illər ərzində enerji təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb, bu istiqamətdə bir sıra layihələri uğurla gerçəkləşdirib. Azərbaycan, eyni zamanda, dünya miqyasında nadir ölkələrdəndir ki, elektrik enerjisi ilə bərabər, həm də xam neft, təbii qaz, neft məhsulları ilə daxili tələbatı tam ödəmək üçün istehsalı gücləndirib və paralel olaraq bu məhsulların dünya bazarlarına ixracını həyata keçirib. Azərbaycanın bərpaolunan enerji mənbələri sahəsinə xarici və yerli investorların marağı getdikcə artır. Çünki respublikamız alternativ enerji mənbələri ilə zəngin resurslara malik ölkələrdən biridir.
Yeri gəlmişkən, ölkəmizin alternativ və bərpaolunan enerji potensialı ilə zəngin olması artıq öz təsdiqini tapıb. Belə ki, son tədqiqatlar Azərbaycanın quru ərazisində 27,5 min meqavat həcmində bərpaolunan enerji potensialının mövcudluğunu təsdiqləyib. Bunun isə 3 min meqavatı külək enerjisinin, 23 min meqavatı günəş enerjisinin, 380 meqavatı bioenerjinin, 520 meqavatı dağ çaylarının payına düşür. Xəzər dənizinin Azərbaycan sektorunda isə 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bütövlükdə isə, ölkəmizin bərpaolunan enerji sahəsində potensialı 200 qiqavata yaxın qiymətləndirilir.
“Yaşıl enerji” zonası layihəsinin Qarabağ və ətraf rayonlarda reallaşdırılmasını potensial imkanlarla bərabər, digər amillər də şərtləndirir. Belə ki, bu gün dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəldildiyindən, Qarabağın bərpa-yenidənqurma məsələlərində də bu istiqamət əsas götürülür. Başqa sözlə, “yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağın dünyanın ən müasir yaşayış məskənlərindən biri olaraq yenidən qurulmasına xüsusi əhəmiyyət verilir.
Günəş və külək enerjisi potensialının səmərəli istifadəsini təmin etmək üçün 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması mühüm vəzifə olaraq müəyyənləşdirilib. Həmçinin 2030-cu ilədək təqribən 1500 meqavat həcmində yeni gücün istifadəyə verilməsi nəzərdə tutulub. Bu vəzifənin məhz özəl investisiyalar hesabına reallaşdırılması planlaşdırılıb.
Hazırda həmin potensialın hərəkətə gətirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir, “yaşıl enerji” istehsalı ilə əlaqədar cəlb olunan sərmayələr nəticəsində ölkəmizin ayrı-ayrı yerlərində günəş, külək və su elektrik stansiyaları tikilir. Artıq Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin Bakının Qaradağ rayonunda reallaşdırdığı layihə– “Qaradağ” Günəş Elektrik Stansiyası real fəaliyyət sahəsinə çevrilib.