Biləsuvarda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa ediləcək 445 MVt gücündə Günəş Elektrik Stansiyasının tikintisinə hazırlıq işlərinin vəziyyətinin qiymətləndirilməsi və gələcəkdə bu istiqamətdə görüləcək işlərin müzakirəsi ilə bağlı ilk görüş keçirilib.
Görüş Biləsuvar Rayon İcra Hakimiyyətində “Masdar” şirkəti, WSP təşkilatı, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mütəxəssislərinin iştirakı ilə təşkil olunub. Günəş Elektrik Stansiyasının Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan 1454 hektar torpaq sahəsində tikilməsi nəzərdə tutulub.
Qeyd edək ki, adıçəkilən şirkət tərəfindən MDB-də ən böyük və Xəzər dənizi regionunda ilk sənaye miqyaslı günəş elektrik stansiyası–230 MVt-lıq Qaradağ Günəş Elektrik Stansiyası (GES) istismara verilib. Eyni zamanda, həmin stansiyanın açılışı zamanı digər yeni layihələrin də əsası qoyulub: “Masdar” şirkəti ilə Neftçalanın Bankə qəsəbəsində 315 MVt-lıq, Biləsuvarda isə 445 MVt-lıq GES və Abşeron-Qaradağ rayonları ərazisində 240 MVt-lıq külək elektrik stansiyasının (KES) tikintisi ilə bağlı, ümumilikdə, 1 qiqavat bərpaolunan enerji mənbəyinin istismara buraxılmasını özündə ehtiva edən üç yeni layihə imzalanıb. Bərpaolunan enerjinin payı isə hazırda 17 faizə yüksəlib.
Bu stansiyaların təməlinin qoyulması ölkə iqtisadiyyatının və enerji istehsalının şaxələndirilməsi, müstəqil enerji istehsalının artırılması, sosial inkişafın dəstəklənməsi və ətraf mühitin mühafizəsi baxımından əhəmiyyətli hadisə kimi diqqət çəkir. Təqribən 1 milyard dollara yaxın həcmdə investisiya hesabına reallaşdırılacaq layihələr ekspertlər tərəfindən respublikamızda iqtisadi sabitliyə və əlverişli investisiya mühitinə olan inamın göstəricisi kimi dəyərləndirilir.
Məlum olduğu kimi, artıq bir neçə ildir ki, ölkəmizdə bərpaolunan enerji potensialının hərəkətə gətirilməsi istiqamətində konkret layihələrin həyata keçirilməsinə başlanılıb. Bu baxımdan ölkəmizin əsas investorları sayılan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətləri xüsusi fəallıqları ilə seçilir.
Hazırda “Masdar” şirkıtinin layihəsi olan Qaradağ Günəş Elektrik Stansiyası real fəaliyyət sahəsinə çevrilib. Ötən ilin oktyabr ayında istismara verilmiş 230 meqavatlıq stansiyadan təmiz enerji alınır. Bununla yanaşı, hazırda “ACWA Power” şirkəti tərəfindən 240 meqavatlıq “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının tikintisi davam edir. Bütün bunlarla yanaşı, ötən müddətdə imzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən, Azərbaycan 2030-cu ilədək 5 min meqavata qədər günəş və külək enerjisi istehsal etməyi hədəfləyir.
Azərbaycanda yaradılmış əlverişli investisiya iqlimi, bütün sahələrə, o cümlədən bərpaolunan enerji sektoruna xarici sərmayələrin cəlbinə münbit şərait yaradır. Bu meqa layihə Azərbaycanın “yaşıl artım”a və ekoloji təhlükəsizliyin möhkəmləndirilməsinə verdiyi önəmin göstəricisidir. 2026-cı ildə istismara verilməsi planlaşdırılan həmin stansiyalar hesabına 2030-cu ilədək bərpaolunan enerji mənbələri üzrə qoyuluş gücünün, təqribən, 30 faizə çatdırılacağı gözlənilir. Mütəxəssislərin fikrincə, Azərbaycan enerji keçidinin hazırkı tempi ilə 2027-ci ilə qədər bu göstəricini 33 faizə çatdıra bilər. Sözügedən meqa layihələr qlobal iqlim hədəflərinə, həmçinin ölkəmizin 2050-ci ilədək karbon emissiyalarının miqdarının 40 faiz azaldılmasına dair hədəfinə nail olunması istiqamətində atılmış mühüm addımlardan biridir.
Ümumiyyətlə, Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, hesablamalara əsasən, respublikamızın “yaşıl enerji” mənbələrinin texniki potensialı quruda 135 qiqavat, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavat, dağ çaylarının potensialı 520 meqavat həcmindədir.
Azərbaycan enerji mənbələrini şaxələndirmək istiqamətində mühüm addımlar atır. 2020-ci ildə Səudiyyə Ərəbistanın “ACWA Power” və BƏƏ-nin “Masdar” şirkətləri ilə 240 meqavat gücündə külək və 230 meqavat gücündə günəş enerjisi üzrə pilot layihələrlə başlayan “yaşıl enerji” tərəfdaşlığının miqyası qısa müddətdə genişlənib. Qısa bir vaxtda “Masdar”, “ACWA Power”, BP, “Fortescue Future Industries”, “China Gezhouba Group Overseas Investment”, “Total Energies”, “Nobel Energy” və “A-Z Czech Engineering” şirkətləri ilə ümumi gücü 28 qiqavatdan çox layihələrə dair əməkdaşlıq sənədləri imzalanıb. Bütün bunlar dövlətimizin başçısının “yaşıl enerji” strategiyasına beynəlxalq marağın, ölkəmizin “yaşıl gələcəy”inə olan inamın göstəricisidir.
Xatırladaq ki, “Masdar” bərpaolunan enerjinin istehsalı, külək və günəş elektrik stansiyalarının, geotermal, tullantıdan-enerjiyə və “yaşıl” hidrogen layihələrinin idarə edilməsi sahələrində fəaliyyət göstərən BƏƏ-nin nüfuzlu şirkətidir. Qurum son illər ərzində təmiz enerji tutumunu və CO2-nin yerdəyişməsini, təxminən, iki dəfə artırıb. Bununla da, 2030-cu ilə qədər dünyanın ən böyük bərpaolunan enerji şirkətlərindən biri olmaq ambisiyasını yerinə yetirmək yolunda uğurlu addımlar atıb.