“Bir kəmər, bir yol” – Şərqdən Qərbə əsrin körpüsü

post-img

Çin 6 ayda bu marşruta 15,46 milyard dollar yatırıb

Çinin Ticarət Nazirliyinin açıqlamasına görə, bu ilin birinci yarısında bu ölkənin  xaricə birbaşa qeyri-maliyyə investisiyaları illik müqayisədə 16,6 faiz artaraq 72,62 milyard dollara yüksəlib.

Məlumata görə, Çinin ən böyük layihəsi olan “Bir kəmər, bir yol” boyunca yerləşən ölkələrə investisiyaların həcmi 9,2 faiz artaraq 15,46 milyard dollara çatıb.

Azərbaycan da hər zaman öz tərəfdaşları ilə birlikdə Orta Dəhlizin inkişafında fəal iştirakı ilə diqqət çəkib.  Ölkəmiz Çin ilə nəqliyyat–logistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq qurub. Hər iki dövlət “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb.

Prezident İlham Əliyev hələ ötən il iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibəsində  müxbirin “Azərbaycanın “Bir kəmər, bir yol” kimi nəhəng infrastruktur layihəsini qısa müddətdə –307 günə icra etməsinə necə nail olub” sualına cavabında da bu barədə ətraflı danışıb. Dövlətimizin başçısı belə bir təşəbbüsün inkişafımızın sürətlənməsində mühüm rol oynadığını xatırladaraq Azərbaycanın bu cür nəhəg regional bağlantının mərkəzində dayanmasının önəmli üstünlüklərini diqqətə çatdırıb. Ölkə rəhbəri daha sonra deyib: “Xəritəyə baxsanız, Azərbaycanın coğrafi üstünlüklərini görərsiniz. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşir. Lakin nəqliyyat infrastrukturunun olmaması elə bir vəziyyət yaratmışdı ki, bizim coğrafiyadan istifadə edilmirdi. Mən tam əmin idim ki, biz bu vəziyyəti yaxşılaşdıra bilərik. Biz nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başladıq…”

Ötən müddətdə Prezident İlham Əliyevin vurğuladığı kimi, ilk olaraq yerli infrastrukturu inkişaf etdirmək üçün bu sahəyə geniş həcmdə investisiya qoyuldu,     qonşularla bağlantı körpülərinin qurulması diqqətdə saxlanıldı. Beləliklə, “Bir kəmər, bir yol” layihəsi ilə bağlı ölkədaxili infrastruktur sistemi qısa zamanda gerçəkləşdi. Bununla da, sözügedən istiqamətdə sonrakı proseslərin sürətlə aparılmasına əlverişli zəmin yarandı.  

Bu məqamda xatırlatmaq yerinə düşər ki, “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək yolu iqtisadi kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”  və “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Çin Xalq Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” kimi mühüm sənədlərin imzalanması  da ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin davamlı genişlənməsini  və Çinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) marağının  artmasını şərtləndirib. 

Bu gün Çin “İnternet ipək yolu”nun yaradılması, “İpək yolu” elektron ticarətinin inkişafı məqsədilə respublikamızla əməkdaşlığı dərinləşdirir. Buna  uyğun olaraq hər iki dövlət nəqliyyat və tranzit sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsini daim diqqətdə saxlayır.   

Çinin Avropa ilə ticarət əlaqələrini Azərbaycan üzərindən həyata keçirməyə çalışması təkcə ölkəmizin coğrafi mövqeyindən ibarət deyil. Azərbaycan 15 milyon ton yükaşırma imkanı olan beynəlxalq dəniz limanına və ildə 5 milyon ton yükdaşıma imkanı olan Bakı-Tbilisi–Qars (BTQ) dəmir yoluna malikdir. Bu infrastrukturlar Orta Dəhlizin əsasını təşkil edir. Bu il BTQ dəmir yolunda   genişləndirmə işlərinin başa çatacağı nəzərdə tutulur. Dəmir yolunun Gürcüstandan keçən hissəsində genişləndirmə işləri yekunlaşandan sonra yolun yükdaşıma imkanının10 milyon tona çatacağı da gözlənilir. 

Yeri gəlmişkən, bu ilin yanvar-iyul aylarında  Orta Dəhliz ilə 2,5 milyon ton yük daşınıb. Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 62 faiz çoxdur. Nazirlik, eyni zamanda,  bu il Orta Dəhliz  vasitəsilə 4,2 milyon ton yük daşınacağını proqnozlaşdırır.

Xatırladaq ki, 2023-cü ildə Orta Dəhlizlə yükdaşımalar 2022-ci illə müqayisədə 65 faiz artaraq 2,7 milyon ton təşkil edib.

Qazaxıstan Orta Dəhliz marşrutu üzrə Çin ilə Azərbaycanın arasında yerləşən dövlətdir. Buna görə də Orta Dəhlizin formalaşmasında Qazaxıstan da mühüm rola malikdir. “KTZ Exspress” logistika şirkətinin icraçı direktoru Aybek Kapar bildirib ki, Qazaxıstan ərazisindən, ümumilikdə, 11 nəqliyyat dəhlizi keçir ki, bunların arasında ən əhəmiyyətlisi Çin ilə Avropanı birləşdirən Orta Dəhlizdir. Qazaxıstanın Çin ilə sərhəddə yerləşən Altınkol stansiyasından yük qatarı Orta Dəhlizlə Gürcüstanın dəniz limanlarına 15 gün ərzində çatdırılır. Bu, yüklərin tez çatdırılması ilə yanaşı, nəqliyyat xərcinin də azalması deməkdir.

Beynəlxalq ticarətdəki gərgin vəziyyət fonunda Çin-Avropa yük qatarları hər 2 istiqamət üzrə sabit, sürətli və sərfəli alternativ yaradıb. Bu kontekstdə Orta Dəhlizin əhəmiyyəti getdikcə daha qabarıq formada özünü göstərib. Məsələn, ötən il Orta Dəhliz üzrə yük daşımalarının həcmi 2 dəfə artaraq 3 milyon tona çatıb. Yaxın illərdə bu rəqəmin 10 milyon tona çatacağı proqnozlaşdırılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyin məlumatında da bu barədə ətraflı bəhs edilib, eyni zamanda, uzaq Çini Avropa İttifaqı ilə Mərkəzi Asiya, Qafqaz və Türkiyə vasitəsilə birləşdirən multimodal Orta Dəhliz Azərbaycanın iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq layihələrdən biri kimi dəyərləndirilib.  

Beləliklə, qtisadi və siyasi baxımdan mühüm önəm daşıyan Orta Dəhliz Çinin “Bir kəmər, bir yol” layihəsinin bir parçasıdır, eyni zamanda, tarixi İpək yolunun ən mühüm komponentlərindən biridir. Bu marşrutun sürətli inkişafı istiqamətində Azərbaycan mühüm addımlar atmaqdadır. Belə ki, Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi bu yöndə görülən ən mühüm işlərdəndir.  

Bu məqamda onu da qeyd etmək yerinə düşər ki, son illər ərzində Orta Dəhlizdə yükdaşımaların artımında Azərbaycan önəmli rol oynayıb. Başqa sözlə,  respublikamızda dəniz, dəmir yolu, avtomobil, hava nəqliyyatının inkişafı istiqamətində gerçəkləşdirilən genişmiqyaslı layihələr, habelə Şərqlə Qərb arasında ənənəvi ticarət və alternativ yollar üzərində diqqətçəkən geosiyasi, geoiqtisadi proseslər sözügedən marşrutun cəlbediciliyini  artıraraq ölkəmizlə bərabər regionun da sürətli tərəqqisini şərtləndirib.   

Bu istiqamətdə layihələr hazırda da uğurla reallaşdırılır. Məsələn, 2017-ci ildə istifadəyə verilən və Orta Dəhliz vasitəsilə daşımalarda xüsusi rol oynayan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin daha da artırılması üçün əlavə infrastruktur tədbirləri həyata keçirilir. Eyni zamanda, əsas dəmir  və avtomobil yolları şəbəkələrinin kəsişməsində yerləşən Bakı Beynəlxalq Limanının ötürmə qabiliyyətini artırmaq məqsədi daşıyan tikinti işləri də planlaşdırılır. 

Ümumiyyətlə, son 20 ildə ölkəmizdə bununla bağlı 19 min kilometr avtomobil yolu, 1400 kilometr  dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Azərbaycanın beynəlxalq ticarət bazarında rolunun gücləndirilməsi – yüksək gəlirli istehsal, ixrac fəaliyyəti və innovativ texnologiyalarla investorların cəlb edilməsinə, iqtisadiyyatın dayanıqlı inkişafına və yeni iş yerlərinin yaradılmasına töhfə vermək üçün  Ələt qəsəbəsində azad iqtisadi zona yaradılıb.

İqtisadiyyat