7 ayda 17 milyon ton neft, 30 milyard kubmetr qaz

post-img

Energetika Nazirliyinin məlumatına görə,  cari ilin yanvar-iyul aylarında Azərbaycanda, təxminən, 16,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bunun 9,7 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlarının, 2,5 milyon tonu (kondensat) “Şahdəniz” yatağının, 0,3 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 4,4 milyon ton təşkil edib.

Hesabat dövründə, təxminən, 14,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 12,2 milyon tonu konsorsiumun, 1,9 milyon tonu isə SOCAR-ın payına düşüb. 2024-cü ilin iyul ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 80 min 589 ton olub. Bunun 65 min 681 tonunu xam neft, 14 min 908 tonunu kondensat təşkil edib.

Yanvar–iyul aylarında ölkədə ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 milyard kubmetr və yaxud 4,6 faiz çox, təxminən, 29,5 milyard kubmetr təbii qaz hasil edilib. Bunun 7,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından, 16,5 milyard kubmetri  “Şahdəniz” yatağından 0,9 milyard kubmetri “Abşeron” yatağından, 4,4 milyard kubmetri isə SOCAR üzrə hasil olunub.

Hesabat dövründə xaricə qaz satışı, təxminən, 14,7 milyard kubmetr təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 5,7 faiz çoxdur. 7 ay ərzində Türkiyəyə 5,8 milyard kubmetr, Avropaya 7,5 milyard kubmetr, Gürcüstana isə 1,4 milyard kubmetr qaz satılıb. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 3,3 milyard kubmetr qaz nəql olunub.

AÇG və “Şahdəniz” yataqları istismara veriləndən indiyədək 641,4 milyon ton neft (kondensatla birlikdə), 449,5 milyard kubmetr qaz hasil edilib. AÇG-dən 594,4 milyon ton neft, 224 milyard kubmetr qaz hasil olunub. “Şahdəniz”dən isə 225,5 milyard kubmetr qaz, 47 milyon tona yaxın kondensat çıxarılıb. Bu yataqlardan indiyə kimi, təqribən, 639,5 milyon ton neft (kondensatla birlikdə), təxminən, 160,7 milyard kubmetrə yaxın qaz ixraca yönəldilib.

İqtisadiyyat