Azərbaycan Orta Dəhlizin qovuşdurucu və hərəkətverici ölkəsidir

post-img

Ərazimizdən ildə 80 min konteyner daşınır

Orta Dəhlizin inkişaf perspektivləri və əsas layihələri ilə bağlı “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikərimov ölkə mediasına müsahibəsində bildirib ki, hazırda Mərkəzi Asiya və Qafqaz ölkələri üçün adıçəkilən marşrut mühüm önəm daşıyır. 

Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan “dənizə çıxışı olmayan ölkələr” statusuna malikdir və Gürcüstan vasitəsilə aparılan tranzit Azərbaycana kömək edir, lakin Mərkəzi Asiya ölkələri üçün bu amil əlavə problemlər yaradır. Bütün bu amillər Orta Dəhlizin inkişafında öz izini qoyur. Buna görə də “Transxəzər Beynəlxalq Nəqliyyat Mar­şrutu” Beynəlxalq Assosiasiyası, həqiqətən,  bu marşrutun inkişaf etdirilməsinə ehtiyac olduğunu görür. Marşrut çox unikal, tamamilə multimodaldır. Orta Dəhlizi daim böyüyən və inkişaf edən canlı orqanizm hesab etmək olar ki, bu da beynəlxalq nəqliyyat marşrutunun uğurundan xəbər verir.

Baş katibin sözlərinə görə, Mərkəzi Asiya ölkələrinin istehsal və ya istehlak etdiyi malların ixrac-idxal imkanları çox böyükdür. CAREC Proqramı Orta Dəhliz Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri, o cümlədən Azərbaycan vasitəsilə Çindən Avropaya nəqliyyat və tranzit marşrutlarını şaxələndirmək imkanı yaradır. 

Marşrutların şaxələndirilməsi ilə yanaşı, Orta Dəhliz Mərkəzi Asiya ölkələri, o cümlədən Qırğızıstan üçün də öz məhsullarını ixrac edə biləcək bir kanal kimi vacibdir. Dəhlizin ötürmə qabiliyyəti hazırda ildə, təxminən, 80 min konteyner təşkil edir, lakin ötürmə qabiliyyətini 111 min konteynerə, gələcəkdə isə 300 min TEU-ya çatdırmaq imkanı var.

Q.Abdikərimov müsahibədə  Orta Dəhlizin yüklənməsi ilə bağlı fikirlərini də diqqətə çatdırıb. Bildirib ki, cari ilin birinci yarısının yekunlarına görə, dəhliz,  təxminən, 50 faiz yüklənib, yük axını hələ tam dolmayıb və ehtiyatlar var. Bununla bağlı tədbirlər həyata keçirilir və infrastruktur yaxşılaşdırılır. Gələcəkdə yeni çağırışlarla üzləşmək üçün nəqliyyat dəhlizinin imkanlarının təkmilləşdirilməsi istiqamətində birgə işi gücləndirmək lazımdır. Bir sözlə, Orta Dəhliz  unikaldır, çünki 2 nəqliyyat hüququ- dəmir yolu və dəniz marşrutları birləşdirilib. 

“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının baş katibi müsahibədə marşrutu təkmilləşdirmək üçün həm “sərt”, həm də “yumşaq” infrastruktura investisiya qoymağın zəruriliyini də diqqətə çatdırıb: “Rəqəmsallaşma və tərəflər arasında təkmilləşdirilmiş kommunikasiya kimi “yumşaq” infra­struktura, eləcə də dəmir yolları, limanlar və terminallar kimi “sərt” infrastruktura investisiyalar 2027-ci ilə qədər Orta Dəhliz potensialının maksimum dərəcədə artırılması məqsədlərinə nail olmağa kömək edə bilər”.  

Müxbirin “Azərbaycan Orta Dəhlizin inkişafına necə töhfə verə bilər” sualına Q.Abdikərimov cavabında qeyd edib ki, Prezident İlham Əliyev ölkənin tranzit-nəqliyyat potensialının inkişafına xüsusi diqqət yetirir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanını tikib, Bakı-Tbilisi-Qars dəmir yolunu inşa edib, bütün beynəlxalq istiqamətlərdə nəqliyyat infrastrukturunu yeniləyib. 

Respublika Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası rəsmi Bakının dəstəyini, həqiqətən, hiss edir. Azərbaycan regionun tamhüquqlu tranzit mərkəzinə çevrilir, Orta Dəhlizdə isə əsas dövlətlərdən biridir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Azərbaycanın qarşısına qoyduğu iqtisadi məqsədlərə nail olmağa xidmət edir. Azərbaycanda həyata keçirilən həmin infrastruktur layihələrindən fəal şəkildə istifadə olunacaq.

Orta Dəhlizin inkişafının diqqətdə saxlanılması bu marşrutun səmərəli fəaliyyətini şərtləndirib. Bu, müvafiq rəsmi göstəricidən də aydın görünür. Belə ki, Çindən Orta Dəhliz ilə cari ilin əvvəlindən iyun ayının sonuna kimi, ümumilikdə, 105 blok qatarı yola salınıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına əsasən, son 15 il ərzində ölkəmizdə dəmir yolları ilə yükdaşımaların həcmində böyük artım qeydə alınıb. Bu artımı davamlı etmək üçün mövcud dəmir yolu xətləri yenilənib, eyni zamanda, yeni yollar salınıb.

Xatırladaq ki, 2024-cü ilin mayında Bakı–Tbilisi–Qars dəmir yolunun modern­ləşdirilməsi başa çatdırılaraq bu marşrutla yükdaşımalara start verilib. Ötürücülük qabiliyyəti 1 milyon tondan 5 milyon tona qədər artırılıb.  Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı üzrə may ayında  Azərbaycanın Astara rayonunda yük terminalı yenilənərək istifadəyə verilib, yükaşırma potensialının ilin sonuna qədər 1 milyon tona qədər artırılması planlaşdırılıb.

Ümumilikdə, cari ilin yanvar–iyun aylarında 9,3 milyon tondan çox yük daşınıb ki, bunun da 3,9 milyon tona yaxını konteyner yükləri də daxil olmaqla tranzit yükü olub. Tranzit yükdaşımalar ötən illə müqayisədə 8 faizdən çox artıb. Orta Dəhlizin səmərəliliyinin bundan sonra da artmasını şərtləndirən amillər var. Bununla bağlı Dünya Bankının (DB) yaydığı məlumata əsasən, bu maliyyə qurumu Orta Dəhlizin  səmərəliliyini  yüksəltmək üçün Azərbaycan, Qazaxıstan və Gürcüstana bütün nəqliyyat şəbəkəsi üzrə yüklərin izlənilməsi imkanının təminini tövsiyə edib. Bunun üçün həm dəmir yolu, həm də Xəzər dənizi ilə daşımaları əhatə edən vahid elektron sənəd dövriyyəsinə keçidin gerçəkləşdirilməsi zəruriliyi diqqətə çatdırılıb. Eyni zamanda, logistik qovşaqların yaradılması hesabına yüklərin konsolidasiyası, dəmir yolu nəqliyyatına keçidə yardım göstərilməsi və Şərqlə Qərb arasında yük axınlarının balansının yaxşılaşdırması əhəmiyyəti vurğulanıb. Bundan başqa, yekun nəqliyyat tariflərinin şəffaflığı və bu məsələdə proqnozlaşdırmaya üstünlük verilməsi də önə çəkilib.  

DB Azərbaycan və Qazaxıstana dəniz limanında yüklərin daşınma müddətini azaltmağı, Bakı–Aktau və əks istiqamətdə marşrutlar üzrə konteynerlərin həcmlərini artırmağı, konteynerlər üçün yük və liman tariflərini aşağı salmağı da zəruri sayır. Bildirilir ki, Azərbaycan yüklərin gəmilərdən sahilə daşınmasının səmərəliliyini artırmalı, Qazaxıstan isə limanların bağlanması parametrlərini nəzərdən keçirməli və bütün bazar iştirakçıları üçün ayrı-seçkilik olmadan liman xidmətlərinə çıxışı təmin etməlidir. Beynəlxalq maliyyə qurumu, həmçinin Gürcüstanın liman-dəmir yolu və avtomobil daşımalarının səmərəliliyinin artırılacağı, naviqasiya kanalının vəziyyətinin yaxşılaşdırılacağı və konteynerlər üçün liman tariflərinin azaldılacağı təqdirdə Orta Dəhlizin səmərəliliyinin yüksələcəyi əminliyini vurğulayır.   

Dəmir yolları və sərhəd-keçid məntəqələrinə gəlincə, DB Qazaxıstan tərəfindən vaqonların sayınının və manevr əməliyyatlarının səmərəliliyinin artırılmasını,  Azərbaycan və Gürcüstanın isə bu prosesi əsasən, sərhəd-keçid  məntəqələrində həyata keçirmələrini təklif edir. Beynəlxalq maliyyə qurumunun ekspertləri bildirirlər ki, belə addımlar məhdud investisiya nəticəsində də əhəmiyyətli nəticələr verə bilər. Bunlar prioritet, dərhal diqqət tələb olunduğu məsələ kimi nəzərdən keçirilməlidir. 

Bank 2030-cu ilə qədər Orta Dəhliz boyunca daşımaların həcminin 2021-ci illə müqayisədə 3 dəfə artacağını və yüklərin daşıma müddətini 2 dəfə azalacağını proqnozlaşdırır. Eyni zamanda, bildirir ki, investisiya və əməliyyat təkmilləşdirmələrinin düzgün kombinasiyası vasitəsilə bu dəhliz transkontinental ticarətin iqtisadi və siyasi davamlılığına əhəmiyyətli töhfə verə bilər. Bundan başqa, sözügedən layihə dəniz limanlarına çıxış vasitəsilə Çinə, Avropaya və dünyanın digər regionlarına etibarlı marşrutu gerçəkləşdirməklə Mərkəzi Asiya və Cənubi Qafqazın potensialının inkişafını şərtləndirir.  

Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. 

Hazırda marşrut Çin–Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

İqtisadiyyat