Naxçıvanda ekoloji müzakirə

post-img

İqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində ölkəmizdə həyata keçirilən ardıcıl tədbirlər və yerlərdə bu sahədə görülən işlər və COP29-a hazırlıqlar Naxçıvan şəhərində təşkil olunan konfransda geniş müzakirə edilib.

Tədbirdə  muxtar respublikada Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev çıxış ediblər.

“İqlim dəyişikliyi ilə mübarizədə görülən tədbirlər və iqlim dəyişikliklərinin ətraf mühitə təsirləri, alternativ enerjidən istifadə” mövzusuna həsr edilən kon­fransda COP29 gündəliyindən irəli gələn məqsədlər və onların muxtar respublikada yerinə yetirilməsi ilə bağlı hesabatlar dinlənilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli konfransda çıxış edərək bildirib ki, muxtar respublikanın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramının 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planında meşə fondunun açıq sahələrində yeni meşəliklərin salınması və mövcud meşə sahələrinin bərpa edilməsi, yaşıllıqların mühafizəsi və artırılması əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirilib. Bu da muxtar respublikada iqlim dəyişikliklərinin ətraf mühit komponentlərinə təsirlərinin minimuma endirilməsi işinə mühüm töhfə verəcək. 

Səlahiyyətli nümayəndə qeyd edib ki,  meşə örtüyünün artırılması, yeni meşə zolaqlarının və yaşıllıqların salınması, meşəsalma və ağacəkmə aksiyalarının, “yaşıl” nəqliyyata keçid və metan emissiyalarının azaldılması 2024-cü ildə diqqətdə saxlanılıb. Belə ki, bu il muxtar respublikanın 550 hektar ərazisini əhatə edən yaşıllaşdırma proqramı hazırlanıb, yaz əkin mövsümündə 431 hektar sahədə əkin işləri aparılıb. Həmçinin Dövlət Proqramında mərkəzləşdirilmiş tullantı poliqonunun və bərk-məişət tullantılarının emalı müəssisəsinin yaradılması və bu sahədə maddi-texniki bazanın gücləndirilməsi nəzərdə tutulub ki, bu da gələcəkdə tullantı sektoru üzrə emissiyaların azaldılması baxımından mühüm addım olacaq.

Bildirilib ki, hazırda muxtar respublikanın xüsusi mühafizə olunan təbiət əraziləri bu bölgənin 27 faizini əhatə edir. Bu səbəbdən də muxtar respublikada ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi prioritet məsələlər sırasındadır.

Bu gün muxtar respublikada iqlim dəyişiklikləri və qlobal istilik effekti ilə mübarizədə atmosferə təsir göstərən müəssisələrdə filtirlərin, qaztutucu, toztutucu və digər qurğuların quraşdırılması, tullantıların norma daxilində saxlanılması, alternativ enerji mənbələrindən istifadənin geniş tətbiqi, yaşıllıq sahələrinin artırılması, bərk məişət və təhlükəli tullantıların düzgün idarə olunması istiqamətində sistemli iş aparılır.

Səbuhi HƏSƏNOV 
XQ

Naxçıvan

 



Ekologiya