Qardaşlığın enerji dəhlizi

post-img

Azərbaycan, Qazaxıstan və Özbəkistan birgə “yaşıl” müəssisə yaradır 

Astana şəhərində keçirilən Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin birinci iclasında  Azərbaycan, Qazaxıstan və Özbəkistan  arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş layihəsinin razılaşdırılması, layihənin ilkin texniki-iqtisadi əsaslandırılması üçün texniki tapşırığın təsdiq olunması, texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün İtaliyanın CESI şirkətinin seçilməsi və tərəflərin milli enerji şirkətlərinin iştirakı ilə birgə müəssisənin yaradılması barədə məlumat verilib. 

Toplantıda iştirak edən Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalovun sözlərinə görə, Mərkəzi Asiyadan Azərbaycana və daha sonra Avropaya “yaşıl enerji” ixracı məqsədi ilə Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi layihəsinin icrası çərçivəsində yaxşı dinamika və irəliləyiş var. 

Nazir müavini qeyd edib ki, sənədin yüksək səviyyədə tezliklə imzalanmasının layihənin uğurla həyata keçirilməsinə töhfə verəcəyinə inanır: “Azərbaycandan keçən bu və digər ixrac dəhlizləri “yaşıl enerji”nin Mərkəzi Asiya ölkələrindən Avropaya ötürülməsi üçün geniş perspektivlər açır”.

O.Zeynalov bildirib ki, BMT-nin noyabr ayında Bakıda keçiriləcək COP29 iqlim konfransı çərçivəsində “yaşıl enerji”yə keçidin inkişafı üçün yüksək səviyyəli silsilə tədbirlər nəzərdə tutulub. O cümlədən, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə birgə dövlət başçıları səviyyəsində Mərkəzi Asiya-Azərbaycan Enerji İnvestisiya Forumunun keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, mayın 1-də Azərbaycan, Özbəkistan və Qazaxıstan tərəfindən üç ölkənin enerji sistemlərinin inteqrasiyasına dair əməkdaşlıq memorandumu imzalanıb.  

Memorandumda nəzərdə tutulur ki, iştirakçılar Xəzər dənizinin dibi boyunca və digər ölkələrin ərazisində yüksək gərginlikli kabel çəkərək, texniki-iqtisadi baxımdan ən optimalını həyata keçirməklə enerji sistemlərinin birləşdirilməsi imkanlarını araşdırmaq niyyətindədirlər. Sənəd, həmçinin Avropa İttifaqı ölkələrinə “yaşıl enerji” satmağı hədəfləyir.

XQ

 

Ekologiya