Azərbaycan–Pakistan iqtisadi tərəfdaşlığı yüksəliş yolunda

post-img

Prezident İlham Əliyevin iyulun 11-də Pakistan İslam Respublikasına dövlət səfəri çərçivəsində keçirdiyi görüşlərdə bu ölkə ilə bir sıra sahələrdə, eləcə də iqtisadi sektorda əməkdaşlığın daha da genişləndirilməsi diqqət mərkəzində olub, ikitərəfli ticarətin daha da genişləndirilməsi zəruriliyi xüsusi vurğulanıb. Yatırılacaq sərmayələrin ilkin həcminin, təxminən, 2 milyard dollara yüksələcəyinə əminlik ifadə edilib, energetika, infrastruktur, daşımalar və digər sahələrdə bir sıra layihələrin həyata keçiriləcəyi diqqətə çatdırılıb. 

Azərbaycan – Pakistan iqtisadi tərəf­daşlığından bəhs edərkən, ilk növbədə, bir məqamı qeyd edək. Belə ki, 1995-ci ilin oktyabrında Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azər­baycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol” imzalanıb, 2000-ci ildə isə Birgə Komissiyanın ilk ic­lası keçirilib. Bununla da iki ölkə arasında iqtisadi münasibətlərin əsası qoyulub. 

Yeri gəlmişkən, 2017-ci ilin fevralında Azərbaycandan ixrac missiyası Pakistan­da işgüzar səfərdə olub. Həmin ilin iyu­lunda isə Bakıda Azərbaycan ilə Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun 1-ci iclası keçi­rilib və “Azərbaycanda İxracın və İnves­tisiyaların Təşviqi Fondu ilə Pakistanın Ticarətin İnkişafı Qurumu arasında əmək­daşlığa dair Anlaşma Memorandumu” imzalanıb. 2019-cu ilin aprelində Bakıda Azərbaycan, Türkiyə və Pakistanın üç­tərəfli sərgisi keçirilib. Pakistan Pavilyo­nunda 10 şirkət təmsil olunub.

Həmin ilin sentyabrında keçirilən Azər­baycan-Pakistan biznes forumunda kənd təsərrüfatı, enerji, əczaçılıq, ticarət, tikinti və digər sahələrdə fəaliyyət göstərən 150-dən artıq iş adamı iştirak edib, Azərbaycan Ticarət və Sənaye Palatası ilə Pakistanın Sərhəd Ticarət və Sənaye Palatası ara­sında Anlaşma Memorandumu imzala­nıb. Bundan əlavə, həmin ilin oktyabrında Bakıda Pakistan malları, dekabrında isə əczaçılıq məhsulları sərgisi təşkil olunub. Bundan sonra iki ölkədən nazirlər və biz­nes dairələri səviyyəsində çoxsaylı səfər­lər reallaşdırılıb. 2023-cü ilin iyulunda Pa­kistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Lahorda “Azərbaycan Respublikasının “SOCAR Trading” şirkəti ilə Pakistan “LNG Limited” şirkəti arasında LNG yüklərinin alqı-satqısı haqqında Çər­çivə Müqaviləsi”nin imzalanma mərasimi keçirilib.

Buna baxmayaraq, Azərbaycan ilə Pakistan arasında iqtisadi və ticarət sahələrində aktivlik ikitərəfli münasibətlə­rin səviyyəsinə uyğun deyil. Bununla belə bu sahədə də əməkdaşlığın inkişaf etdiril­məsi üçün böyük potensial vardır. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyə­sinin həcmi 27 milyon ABŞ dolları təşkil edib. Pakistan tərəfi Azərbaycan şirkətlə­rinin bu ölkəyə sərmayə qoymasında çox maraqlıdır.

Hazırda Azərbaycanda 3600-dən çox Pakistan şirkəti qeydiyyata alınıb və onlar sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəa­liyyət göstərir. Pakistan şirkətləri işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərində iştirak üçün də müraciət ediblər. Azərbaycan Pakistan ilə iqtisa­di-ticarət əlaqələrinin genişləndirilməsini vacib hesab edir. Prezident İlham Əliye­vin tapşırığı ilə, Pakistandan idxal olunan düyü məhsullarının idxal rüsumu birtərəfli güzəşt tətbiq edilməklə 2027-ci il dekab­rın 31-dək 15 faizdən 0 faizə endirilib.

Azərbaycanla Pakistanın iqtisadi əməkdaşlığı üçün digər sahə isə nəqliy­yat bağlantılarıdır. Belə ki, iki ölkə həm Orta Dəhliz, həm Şimal-Cənub, həm də Şərq–Qərb dəhlizlərində əməkdaşlıq im­kanlarına malikdir. Ötən ilin sentyabrın­da AZAL Bakıdan Lahora, noyabrda isə İslamabada və əks istiqamətdə birbaşa uçuşlara başlayıb. Ötən il iki ölkə ara­sında avtomobil yolları ilə tranzit karqo daşımalarının həcmi 33 min ton olub və bu rəqəm əvvəlki dövr ilə müqayisədə 53 faiz artım deməkdir.

Ölkə rəhbərinin Pakistana dövlət səfə­rinə dair yuxarıda vurğulanan mühüm məqamları şərh edən İqtisadi İslahatla­rın Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri Vüsalə Cəfərova bildirib ki, Azər­baycanla dost ölkə arasında imzalanmış sənədlər ticarət, investisiya, tranzit, kiçik və orta biznesin inkişafı, turizm və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın yeni səviyyəsinə çatmaq üçün əlverişli zəmin yaradır.

Hökumətlər arasında imzalanan tran­zit ticarət və preferensial ticarət haqında sazişlər bu sahədə tarifləri azaltmağı, vergi və gömrük imtiyazlarının tətbiqini hədəfləyir. Prezident İlham Əliyev və Pa­kistanın Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarında da qarşı­lıqlı ticarətin həcminin birmənalı olaraq artırılacağını vurğulayıblar. Artıq ilkin mərhələdə güzəştli ticarət formatına aid 9 maddə müəyyən olunub. 

V.Cəfərova Pakistan iqtisadiyyatının aparıcı sahələrini təhlil edərkən bildirib ki, bu ölkənin kənd təsərrüfatı cari ilin yanvar–aprel aylarında 6,25 faiz artıb. Azərbaycanın Pakistandan idxal edilən düyünü 2027-ci ilədək gömrük rüsumun­dan azad etməsi bu ölkənin kənd təsər­rüfatı məhsullarının ixracını artırmaq və ikitərəfli ticarət əlaqələrini gücləndirmək üçün mühüm jestdir. Bununla yanaşı, Pa­kistan son dövrlər xarici birbaşa investi­siyaların cəlb edilməsində artım nümayiş etdirir. Belə ki, 2024-cü ilin aprel ayında (2023-cü ilin eyni dövrü ilə müqayisədə) xarici birbaşa investisiyalar 39,1 faiz ar­taraq 359 milyon dollar təşkil edib. Bu və digər göstəricilər Azərbaycanın güclənən və iqtisadiyyatını şaxələndirən bir dövlət­lə əməkdaşlığını artırdığını göstərir. 

Türk Dünyası Araşdırmalar Mərkəzi­nin rəhbərinin sözlərinə görə, səfər çərçi­vəsində enerji, infrastruktur və digər sek­torlarda 2 milyard dollar məbləğində ilkin investisiyalara dair aparılan müzakirələr hər iki ölkədə iqtisadi inkişafı stimullaş­dırmaq və birgə müəssisələr yaratmaq məqsədi daşıyır. Mineral resurslar və geologiya sahəsində əməkdaşlıq haqqın­da imzalanan Anlaşma Memorandumu enerji resurslarının araşdırılması və inki­şaf etdirilməsi baxımından əhəmiyyətlidir. Rəqəmsal inkişaf və nəqliyyat sahələrin­dəki razılaşmalar isə infrastrukturun mo­dernləşdirilməsi və texnoloji əməkdaşlığı gücləndirməyi hədəfləyir.

V.Cəfərova qeyd edib ki, 2024-2029-cu illər üçün mədəni mübadilə proqramı xalqlar arasında əlaqələri möhkəmlən­dirmək məqsədi daşıyır ki, bu da iqtisadi əlaqələri dəstəkləyə bilər. Elmi və texno­loji əməkdaşlıq haqqında razılaşmalar isə innovasiya və tədqiqat sahəsini inkişaf etdirərək yeni iqtisadi imkanlar yarat­mağı hədəfləyir. Azərbaycan–Pakistan arasında əməkdaşlığın şaxələndirilməsi respublikamızın regional iqtisadi inteqra­siyada rolunu gücləndirir. Bu əlaqələr türk dövlətləri üçün də sabitlik və iqtisadi inki­şafı təşviq etmək baxımından önəmlidir. Çünki Pakistan hər zaman türk dövlətləri ilə qardaşlıq və həmrəylik nümayiş etdirir.

İqtisadiyyat