Neft cüzi azalıb, qaz xeyli çoxalıb

post-img

Bu ilin ilk yarısında ölkə üzrə 14,4 milyon ton neft və 25 milyard kubmetr qaz hasil edilib

Operativ məlumatlara əsasən, bu ilin birinci yarısında Azərbaycanda, təxminən, 14,4 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Ölkə üzrə neft hasilatının 8,2 milyon tonu “Azəri–Çıraq–Günəşli” yataqlar blokunun, 2,1 milyon tonu (kondensat) “Şahdəniz”, 0,3 milyon tonu (kondensat) isə “Abşeron” yatağının payına düşüb. 

Hesabat dövründə Azərbaycan Res­publikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 3,8 milyon ton neft (konden­satla birlikdə) hasil edilib. Cari ilin iyun ayında ölkə üzrə gündəlik neft (konden­satla birlikdə) hasilatı 80 min 585 ton olub. Ümumi hasilatın 65 min 597 tonunu xam neft, 14 min 988 tonunu isə konden­sat təşkil edib. 

Bu arada, Neft İxrac Edən Ölkələr Təş­kilatı (OPEC) aylıq hesabatını açıqlayıb. Sənəddə Azərbaycanın neft hasilatının mövcud mənzərəsi də əksini tapıb. He­sabatda qeyd olunur ki, 2024-cü ilin iyun ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 479 min barel səviyyə­sində olub. Bu da may ayı ilə müqayisədə 13 min barel çoxdur. OPEC-in hesabatına əsasən, bu ilin mayında Azərbaycanda neft hasilatı 466 min barel təşkil edib. 

Qurumun hesabatında qeyd olunur ki, 2024-cü ilin birinci rübündə Azərbay­canda ortalama gündəlik neft hasilatı 477 min barel, ikinci rübündə isə 475 min barel səviyyəsində olub, bu da cüzi azal­ma deməkdir. Yeri gəlmişkən, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələ­ri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) əməkdaşlığı çərçivəsində 2024-cü il üçün Azərbaycanın gündəlik xam neft hasilatı üzrə kvotası 551 min bareldir. Beləliklə, Azərbaycan iyun ayın­da “OPEC+” çərçivəsində kvotasından 72 min barel geridə qalıb.

2024-cü ilin yanvar–iyun aylarında ölkə üzrə, təxminən, 11,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun da 10,3 milyon tonu konsorsiu­mun, 1,6 milyon tonu isə SOCAR-ın pa­yına düşür. 

İlin ilk 6 ayında ölkənin emal komp­leksinin ahəngdar fəaliyyəti də uğurla davam edib. Energetika Nazirliyinin açıq­ladığı operativ məlumatlara əsasən, he­sabat dövründə Heydər Əliyev adına Neft Emalı Zavodunda 3,2 milyon ton xam neft emal olunub. 

Birinci yarımildə ölkədə 25,1 milyard kubmetr təbii qaz hasil edilib. “Mavi yana­cağ”ın 6,5 milyard kubmetri (səmt qazı) “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan (AÇG), 14 milyard kubmetri “Şahdəniz”, 0,8 milyard kubmetri “Abşeron” yataqla­rından çıxarılıb. Yerdə qalan 3,8 milyard kubmetr qaz isə SOCAR üzrə hasil olu­nub. Qaz hasilatında ötən ilin müvafiq dövrünə nisbətən, təqribən, 1 milyard kubmetr, yəni 4,3 faiz artım qeydə alınıb.

Cari ilin yanvar–iyun aylarında xa­ricə qaz satışı, təxminən, 12,7 milyard kubmetr təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə, təqribən, 6 faiz artım deməkdir. Hesabat dövründə Türkiyəyə, 5 milyard kubmetr, Gürcüsta­na isə 1,3 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 2,8 milyard kubmetr qaz nəql olunub. Birin­ci yarımildə Azərbaycandan Avropaya 6,4 milyard kubmetr “mavi yanacaq” ix­rac olunub. Yeri gəlmişkən, ölkəmizdən “köhnə qitə”yə qaz tədarükü 2020-ci il dekabrın 31-də Trans–Adriatik Qaz Boru Kəmərinin istismara verilməsi ilə başla­nıb. Bununla da, Azərbaycanın Avropa İt­tifaqının təbbi qaz idxalındakı payı sürət­lə artmağa başlayıb. Belə ki, 2021-ci ildə ölkəmizdən Avropanın qaz bazarlarına 8 milyard kubmetr “mavi yanacaq” ixrac edilib ki, bu da ümumi idxalın 3 faizinə bərabər olub. Hazırda isə bu göstərici 7 faizə yüksəlib.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2024- cü il iyulun 1-dək 639,6 milyon tona yaxın neft (kondensatla birlikdə), 445,9 milyard kubmetr qaz hasil edilib. 1997-ci ilin no­yabr ayında “Çıraq” yatağından ilkin nef­tin hasilatına başlanıldığı vaxtdan ötən müddtdə “Əsrin müqaviləsi” çərçivəsində 593 milyon ton neft və 222,9 milyard ku­bmetr səmt qazı hasil olunub. “Şahdəniz” yatağından hasilata başlanıldığı 2006-cı ilin sonlarından indiyədək, təqribən, 223 milyard kubmetr qaz və 46,6 milyon tona yaxın kondensat çıxarılıb. Ötən müddət­də bu yataqlardan çıxarılan neft (konden­satla birlikdə) və qazın müvafiq olaraq 637,6 milyon tonu və 158,8 milyard kub­metrə yaxın hissəsi ixraca nəql edilib. 

Qeyd edək ki, hazırda Azərbaycan­dan Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri ilə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və “Şahdə­niz” yatağından çıxarılan kondensat nəql olunur. Bundan əlavə, sözügedən boru kəməri ilə Türkmənistan və Qazaxıstan nefti də ixrac edilir. Azərbaycanın təbii qaz həcmləri isə Cənubi Qafqaz Boru Kəməri (Bakı–Tbilisi–Ərzurum) və Trans-Anado­lu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı–Tbili­si–Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başla­nıb. Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur.

İqtisadiyyat