Özbəkistan şirkəti ölkəmizdə pambıq yetişdirəcək, parça toxuyacaq...

post-img

Özbəkistanın “TST Textile Group” MMC tərə­findən İmişli Aqroparkın ərazisində pambıq sahəsi salınacaq. Bu da ölkəmizdə pambıqçılığın inkişafında mühüm rol oynayacaq. Öz­bək şirkəti ilkin mərhələdə pambıq sahəsinin yaradıl­masına 28,7 milyon manat investisiya yatıracaq. Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyindən mə­lumat verilib. 

Bildirilib ki, 2025-2029-cu illər ərzində şirkət tərəfindən pambıq emalı, iplik, toxuculuq və tikiş fabriklərinin, həmçinin pambıq yağı zavodunun qu­rulması nəzərdə tutulur. Pam­bıq emalı və yağ zavodları İmişli rayonu ərazisində yer­ləşən 5 min 826 hektar torpaq sahəsində, iplik, toxuculuq və tikiş fabrikləri isə Mingəçevir Sənaye Parkının ərazisində yaradılacaq. Layihə çərçivə­sində xammaldan son məh­sul istehsalına kimi proseslər həyata keçiriləcək ki, bu da klasterləşmənin qurulmasına təkan verəcək.

Qeyd edək ki, ümumi investisiya həcmi 92,5 mil­yon manat təşkil edən layihə çərçivəsində 1130 nəfərlik iş yerinin yaradılması planlaşdı­rılır. Layihənin həyata keçiril­məsinə şəxsi vəsaitlə yana­şı, Azərbaycan–Özbəkistan İnvestisiya Fondu tərəfindən də maliyyə ayrılması nəzər­də tutulur. Beləliklə, layihənin həyata keçirilməsi ölkəmiz­də pambıqçılıq sahəsində ilk dəfə olaraq Özbəkistan təc­rübəsi əsasında klasterləş­mənin formalaşmasına gətirib çıxaracaq.

Bütövlükdə, Özbəkistana məxsus “Tukımachı Sanoat Tekstıl” MMC Azərbaycanda yaradacağı 5 müəssisənin hesabına 10 il ərzində (2025-2034-cü illərdə) 648 milyon manat satış gəlirləri, 222 mil­yon manat isə vergiyəqədərki mənfəət əldə edəcəyini proq­nozlaşdırır. Şirkətin həmtə­sisçisi Abduvoris Yuldaşovun sözlərinə görə, investisiyanın geri qayıtması müddəti 5,5 il, layihədə xalis mənfəət mar­jası isə 34 faiz təşkil edir. “Bu layihənin hesabına regionlar­da məşğulluq təmin ediləcək, əlava dəyər yükü olan iplik, qumaş, tikiş məhsulları ixrac olunacaq”, – deyə o əlavə edib.

İqtisadiyyat