İqtisadiyyata ötən ildən 9 faiz çox sərmayə qoyulub
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar–iyun aylarında ölkəmizdə əsas kapitala 7 milyard 984,8 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz çox investisiya yönəldilib.
Hesabat dövründə istifadə olunan investisiyanın 4 milyard 373 milyon manatı və yaxud 54,8 faizi məhsul istehsalı sahələrinə, 2 milyard 747 milyon manatı və yaxud 34,4 faizi xidmət sahələrinə, 864,3 milyon manatı və yaxud 10,8 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilən investisiyaların 6 milyard 452 milyon manatını və yaxud 80,8 faizini daxili investisiyalar təşkil edib, 5 milyard 513,4 milyon manatı və yaxud 69 faizi isə bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 4,5 faiz, qeyri-neft-qaz sektoruna investisiyalar isə 12,6 faiz yüksəlib. Yuxarıda qeyd edilən rəqəmlərdən də göründüyü kimi, ölkəmizdə yaradılan əlverişli biznes və investisiya mühiti iqtisadiyyatın bir çox sahələrində önəmli layihələrin icrasını şərtləndirir. Son bir neçə ildir ki, respublikamızda milli iqtisadiyyatın investisiya cəlbediciliyi baxımından uğurlu islahatlar həyata keçirilir. Dünyanın aparıcı təşkilatlarının hesabatlarında iqtisadiyyatımızın sürətlə inkişaf etdiyi, iqtisadi göstəricilərə görə lider ölkələr sırasına çıxdığı göstərilir. Azərbaycanın yüksək investisiya cəlbediciliyinə malik olması, təbii ki, aparılan islahatlarla bağlıdır.
Azərbaycanın investisiya mühiti investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması, Appelyasiya Şuralarının təşkili, “İnvestisiya fəaliyyəti haqqında”, “Xarici investisiyaların qorunması haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunları və bir sıra normativ sənədlərlə tənzimlənir.
Azərbaycan Prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” 19 oktyabr 2015-ci il tarixli Fərmanına əsasən, 2015-ci il noyabrın 2-dən İqtisadiyyat Nazirliyi tərəfindən dövlət təhlükəsizliyi ilə bağlı hallar istisna olmaqla lisenziyaların “ASAN xidmət” mərkəzləri vasitəsilə verilməsinə başlanılıb. Həmçinin dövlət başçısının “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli Fərmanına əsasən, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, indiyə kimi verilən qüvvədə olan müddətli lisenziyalar, eləcə də yeni verilən lisenziyalar müddətsiz elan edilib. Lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə (regional televiziya və radio yayımı istisna olmaqla) azaldılıb, lisenziya verən dövlət orqanların sayı 23-dən 4-ə, lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə endirilib, lisenziya verilməsi üçün tələb olunan prosedurlar isə sadələşdirilib.
Ölkədə elektron xidmətlərin, müasir texnologiyaların və mütərəqqi beynəlxalq təcrübənin tətbiqi nəticəsində Azərbaycanda sahibkarlıq subyektlərinin “bir pəncərə” sistemi tətbiq edilməklə qeydiyyatı sadələşdirilib. Elektron xidmətlərin tətbiqi nəticəsində fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinin onlayn rejimində qeydiyyatına, vergi bəyannamələrin elektron qəbuluna başlanılıb. Nazirlər Kabinetin 8 sentyabr 2014-cü il tarixli Qərarına əsasən, elektron imzanın alınması müddəti 2 gündən 1 günə endirilib. Həmçinin “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nın tələbinə uyğun olaraq, tikinti layihələrinin ekspertizasının “bir pəncərə” prinsipi ilə həyata keçirilməsinə başlanılıb. Aparılan islahatların davamı olaraq 2015-ci ilin oktyabrında Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb, Şuranın Əsasnaməsi və tərkibi təsdiqlənib.
Azərbaycan Respublikasının ərazisindən dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipinin tətbiq olunması nəzərdə tutulub və “bir pəncərə” prinsipinin tətbiqi üzrə vahid dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi Kordinasiya Şurasına həvalə edilib.
Yuxarıda sadalananlarla yanaşı, Azərbaycan Prezidentinin 2016-cı il 18 yanvar tarixli Fərmanı ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiq edilib ki, həmin sənəd Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda müəyyənləşdirilən güzəştləri əldə etməyə əsas verir. Müvafiq olaraq Vergi Məcəlləsinə 2016-cı il 19 yanvar tarixində edilən dəyişikliklərə əsasən, investisiya təşviqi sənədini alan hüquqi şəxslər və fərdi sahibkarlar mənfəət və gəlirin 50 faizinin vergisini, əmlaka görə əmlak vergisini və mülkiyyətində və ya istifadəsindəki torpaqlara görə torpaq vergisini, həmçinin idxala yönəldilən texnika, texnoloji avadanlıqlar və qurğular üzrə əlavə dəyər vergisini ödəməkdən 7 il müddətinə azad edilib. Eyni zamanda, “Gömrük tarifi haqqında” Qanunda 2016-cı il 19 yanvar tarixində edilən dəyişikliklərə əsasən, investisiya təşviqi sənədini alan hüquqi şəxslər və fərdi sahibkarlar, habelə sənaye, yaxud texnologiyalar parklarının rezidentləri tərəfindən texnika, texnoloji avadanlıq və qurğuların idxalı 7 il müddətinə, sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən texnika, texnoloji avadanlıq və qurğuların idxalı isə idxal rüsumlarından azad olunub.
“Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 4 mart 2016-cı il tarixli Sərəncamına əsasən, elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi, gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi, gömrük orqanlarına əvvəlcədən elektron formada qısa idxal bəyannaməsini təqdim etmək yolu ilə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sisteminin yaradılması və s. kompleks məsələlərin həlli ilə bağlı tapşırıqlar müəyyənləşdirilib.
Azərbaycana investisiya qoyuluşuna marağın getdikcə artması həm də ölkəmizin siyasi cəhətdən sabit olması, milli, dini və irqi tolerantlığı baxımından seçilməsi ilə bağlıdır. Bununla bərabər, respublika hökuməti tərəfindən həyata keçirilən iqtisadi siyasət, aparılan islahatlar nəticəsində ölkədə güclü iqtisadi potensial mövcuddur. Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
“Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” də ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılmasına müsbət təsir göstərir. Adı çəkilən Yol Xəritəsinin müvafiq hədəflərini reallaşdırmaqla biznes mühitinin səmərəliliyinin artırılması istiqamətində orta müddətli xərclər strategiyası çərçivəsində yeni siyasətin tətbiqini, maliyyə-bank sisteminin sağlamlaşdırılması və monetar siyasətin üzən məzənnə rejimi üzərində təkmilləşdirilməsini, habelə xarici bazarlara çıxış imkanlarının genişləndirilməsini gerçəkləşdirir.
Sözügedən Strateji Yol Xəritəsinin 5-ci bölməsində göstərilir ki, 2025-ci ilə qədər Azərbaycanda hər il ÜDM istehsalı 3 faizdən çox artacaq və əlavə olaraq 450 mindən çox yeni iş yeri yaradılacaq. İqtisadiyyatın sektorları üzrə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində isə qeyri-rəsmi məşğulluğun payı azalacaq.
Göründüyü kimi, hökumət ölkədə investisiya fəaliyyətinin genişləndirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına, sənaye istehsalının artırılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə ciddi önəm verir. Bu istiqamətdə qarşıya qoyulan əsas hədəflər sərmayə qoyuluşlarının artırılması, sahibkarların ixrac potensialının gücləndirilməsi, investisiya imkanlarının genişləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsidir.