Prezident İlham Əliyevin Pakistana dövlət səfəri dünya mediasında

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri bu ölkənin nüfuzlu media orqanlarının diqqət mərkəzindədir. 

İngilis dilində nəşr olunan “The Express Tri­bune” qəzeti “Pakistanla Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsinə dair 15 sənəd imzalanıb” sərlövhəli məqaləsində İslamabadda Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin Azərbaycan Respublikasının Prezi­denti İlham Əliyevin və Pakistan İslam Respub­likasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi barədə məlumat verilib. Oxucuların diqqətinə çatdırılıb ki, iki ölkə­nin Xarici İşlər nazirlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu, tranzit və prefe­rensial ticarət, mineral ehtiyatlar və geologiya, informasiya texnologiyaları və kommunikasiyalar, elm və texnologiya, kiçik və orta sahibkarlıq və digər sahələr üzrə sazişlər imzalanıb, həmçinin 2024–2029-cu illər üzrə mədəni mübadilə proqra­mının mübadiləsi olub. 

“Whenewsenenglish” nəşrinin “Azərbaycan Prezidenti İlham Əliyev İslamabada iqtisadi əmək­daşlıq gündəliyi ilə gəlib” və “The İnternational News” qəzetinin “Azərbaycan Prezidenti Pakis­tanda iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edir” sərlövhəli məqalələrində vurğulanır ki, iki ölkə energetika, infrastruktur, nəqliyyat daşımala­rı və bir sıra digər sahələrdə, o cümlədən müdafiə sənayesində bir sıra layihələri nəzərdən keçirib. Prezident İlham Əliyev qeyd edib ki, iqtisadiyyat, ticarət və sərmayələr sahələrində güclü əlaqələr qurulacaq, qarşılıqlı ticarətin həcmi artırılacaq. Bu məqsədlə ilkin mərhələdə güzəştli ticarət for­matına aid 9 maddə müəyyən edilib və bu, yalnız başlanğıcdır. 

Pakistan dövlət radiosunun və “Associated Press of Pakistan” agentliyini saytlarında dərc olu­nan “Prezident İlham Əliyev Pakistan milli abidə­sinə əklil qoyub” sərlövhəli xəbərlərdə qeyd edilib ki, Azərbaycanın dövlət başçısı İslamabadda Pa­kistan xalqının milli birliyini təcəssüm etdirən mo­numentin önünə əklil qoyaraq qardaş xalqa dərin ehtiramını ifadə edib. 

“Radio Pakistan”ın və “Associated Press of Pakistan” agentliyinin saytında, habelə “News of Pakistan” portalında Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərifin iştirakı ilə iki ölkə arasında sənədlərin imzalanması, həmçinin geniş tərkibdə keçirilən görüş haqqında məlumat verilib. 

Materiallarda qeyd olunub ki, Baş nazir Şah­baz Şərif Pakistan xalqının Azərbaycan Preziden­tinə olan ehtiramını ifadə edib, iki xalq arasında qarşılıqlı sevgi və qardaşlıq hisslərinin olduğunu bildirib. O, İslamabadın Qarabağ məsələsində Bakıya, Azərbaycanın isə Kəşmir probleminin ni­zamlanmasında Pakistana güclü dəstəyini xatırla­dıb. Prezident İlham Əliyev isə Pakistan və Azər­baycan xalqlarının çətin zamanlarda bir-birinin yanında olduğunu, 2020-ci ildə Vətən müharibəsi zamanı İslamabadın öz bəyanatları ilə Azərbayca­na açıq şəkildə siyasi dəstək verdiyini qeyd edib, eyni zamanda, Bakının Cəmmu və Kəşmir əha­lisinin hüquqlarını qətiyyətlə dəstəklədiyini deyib. 

“Minute Mirror” nəşrində dərc olunmuş “Şah­baz Şərif Azərbaycanla müxtəlif sahələrdə əmək­daşlığı gücləndirir” sərlövhəli məqalədə qeyd edilib ki, Pakistanın Baş naziri qarşılıqlı mənfəətli layihələrə ilkin olaraq 2 milyard dollar dəyərində investisiyalarla bağlı müzakirə aparıldığını, no­yabrda onun Azərbaycana səfəri zamanı bu sər­mayəyə dair razılaşmaların imzalanmağa hazır olacağını deyib. Diqqətə çatdırılıb ki, tərəflər qar­şıdakı illərdə bu rəqəmi daha da artırmağı plan­laşdırır. 

“İslamad Post”, “Pakistan Today” qəzetləri” və “The İnternational News”, “Mettis Qlobal” portalları da “Pakistan və Azərbaycan sərmayələrin həcmi­ni 2 milyard dolara çatdırmaq barədə razılıq əldə ediblər” sərlövhəsi altında materiallar dərc ediblər. 

Geniş oxucu auditoriyasına malik olan “Nati­on” qəzetində isə Azərbaycan Prezidenti İlham Əliyevin səfəri ilə bağlı analitik məqalə dərc olu­nub. Tanınmış pakistanlı siyasi icmalçı Tazin Ax­tarın müəllifi olduğu məqalədə qeyd olunur ki, Şərqlə Qərbin qovuşduğu və Avropaya qapı açan Cənubi Qafqazın inkişaf edən iqtisadi gücü olan Azərbaycan Respublikasının Prezidenti Pakistan­da ikigünlük səfərdədir. O, ikitərəfli münasibətlərin əsl qurucusu olan atası, ümummilli lider Heydər Əliyevdən hərarətli hissləri və qardaşlıq qurmaq həvəsini miras almış lider, Pakistanın böyük dos­tudur.

Müəllif yazır ki, tarixən hər iki ölkə bir-biri ilə sıx bağlı olub. Qədimlərdə Multani tacirləri Bakıya səfər edirdilər. Bakının köhnə şəhərindəki Multan Saray onların bu gözəl küləklər şəhərinə ticarət səfərlərinin xatirəsidir. Pakistanın Qızılbaş icması Azərbaycandan köçərək torpaqları öz yurdlarına çevirib, sonralar burada Pakistan dövləti yaranıb. 

Məqalədə diqqətə çatdırılıb ki, son bir neçə ildə liderlərin müxtəlif beynəlxalq forumlarda, xü­susən də cari ayın əvvəlində Astanada keçirilən ŞƏT-in Zirvə toplantısında görüşləri nəticəsində Azərbaycan ilə Pakistan arasında əlaqələr sürət­lə inkişaf edir. Prezident İlham Əliyevin Pakistana səfəri bu təmasların kulminasiya nöqtəsidir. Hər iki ölkə demək olar ki, bütün istiqamətlər üzrə, o cümlədən ticarət, enerji və müdafiə sahələrində sıx, səmimi və inamlı əməkdaşlıq edir. Ona görə də Prezidentin səfəri ikitərəfli əməkdaşlıqda yeni səhifə açır. 

Müəllif diqqətə çatdırır ki, Azərbaycan karbo­hidrogen ehtiyatları ilə zəngindir və hazırda Rusi­ya enerjisinin Avropaya nəqlinin qadağan olundu­ğu bir vaxtda Avropa İttifaqı ölkələrinin tələbatını ödəyir. 

Məqalənin sonunda deyilir: “Pakistan-Azər­baycan qardaşlığı təkcə onillikləri əhatə etmir, onun kökləri əsrlərə gedib çıxır. İndi iki dövlət arasında münasibətlər ideal olduğundan, hər iki ölkənin liderləri bu nəhəng potensialı onların rifahı naminə əməkdaşlığa yönəldirlər”. 

Pakistanın urdu dilində nəşr olunan “Urdu.po­int”, “Urdu. Dunya News” qəzetlərində və “Urdu.Dunya TV” telekanalının saytında da Prezident İlham Əliyevin dövlət səfəri çərçivəsində Pakistan Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görü­şü, Məhəmməd Şahbaz Şəriflə apardığı danışıq­lar və liderlərin bəyanatları, həmçinin imzalanan sənədlər haqqında müfəssəl məlumatlar yer alıb. 

Dövlətimizin başçısının Pakistana dövlət səfə­ri bu ölkənin mediası ilə yanaşı, dünyanın bir çox nüfuzlu mətbuat orqanları tərəfindən də geniş işıqlandırılıb. Səudiyyə Ərəbistanın “Arab News”, “Əl Mədinə” qəzetləri, Küveytin KUNA rəsmi agentliyi, Bəhreynin BNA rəsmi xəbər agentliyi, Qətərin QNA informasiya agentliyi, Çinin “China.org.cn” portalı, Türkiyənin “Yeni Akit”, “Akşam” qə­zetləri, “24”, “Haber Türk”, EkolTV” telekanalları, Rusiyanın TASS agentliyi, “Vestikavkaza” portalı da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri, bu çərçivədə aparılan danışıqlar və imza­lanan sənədlər, Azərbaycanın qardaş ölkənin iqti­sadiyyatına investisiya qoyacağı haqqında geniş materiallar yayıb.

XQ









Son xəbərlər