Monolit “üçlük”, məsud qardaşlıq

post-img

Dünya Azərbaycan, Türkiyə və Pakistanın hilallı-ulduzlu birliyinə heyran qalıb 

İki gün bundan əvvəl İslamabadın küçələri Azərbaycan Bayrağının rənglərində işıqlandırılmışdı. Bundan başqa, Pakistan paytaxtı başdan-başa bu ölkəyə döv­lət səfərinə gələn Azərbaycan Prezidenti İlham Əliyevin fotoları ilə bəzədilmişdi. Burada gözlənilməz, təsadüfi nəsə axtarmağa dəyməz. Azərbaycan lideri özünə doğma bildiyi Pakistan torpağına qədəm qoyurdu. Protokol qaydalarına görə, adətən, yüksək qonağı yerli hökumətin böyük çinli məmuru da qarşılaya bilərdi. Amma bu qayda bayraqlarında hilal və ulduzun bərq vurduğu ölkə başçılarının məsud qardaşlıq münasibətlərindən xeyli aşağıdadır. Bu dəfə qardaşının pişva­zına qardaş özü çıxdı. Axı o gün Baş nazir Məhəmməd Şahbaz Şərif öz evində qalib xalqın müzəffər sərkərdəsini qarşlayırdı!

Fatehlərə yaraşan qarşılanma

Prezident İlham Əliyevin İslamabadda qarşılanma mərasimi özünün qeyri-adiliyi ilə hamının diqqətini çəkib. Həmin məra­simin möhtəşəmliyini iki kəlmə ilə ifadə etməli olsaq, belə yaza bilərik: Qürur və iftixar! Doğrudan da, iki gün bundan əvvəl biz qardaş xalqları qürurlandıran, onlara ən səmimi hissləri yaşadan, fəxarət bəxş edən qarşılanmaya şahidlik etdik. 

İlham Əliyevin təyyarəsini İslamabad səmasında müşayiət etməkdən ötrü eyni vaxtda 6 qırıcının səmaya qaldırılması Pakistan rəhbərliyinin dövlət başçımıza olan, sadəcə, hörmət və ehtiram əlamə­ti, qardaşın qardaşa iltifatı deyildi. Dövlət səfərlərində nadir hallarda müşahidə olu­nan bu jest həm də qədim Şərq ənənə­sinin XXI əsrdə nümayişi idi. Bu jestin sıradan bir ölkənin deyil, nüvə dövlətinin başçısı tərəfindən edilməsi isə hadisəyə xüsusi rəng və siyasi çalar qatırdı. 

Tarix kitablarından oxuduğumuz həqiqətdir ki, toplardan yaylım atəşi ilə qarşılanma yalnız hərbi yürüşlərdə və Vətən uğrunda döyüşlərdə zəfər qazan­dıqdan sonra yurduna dönən fatehlərin şərəfinə icra edilib. Bizimlə bərabər bey­nəlxalq ictimaiyyət İslamabadda bunun da şahidi oldu. Əlbəttə ki, belə möhtəşəm qarşılanma törəni Pakistanın Azərbayca­na verdiyi önəmlə yanaşı, dünyaya birlik, qardaşlıq mesajının çatdırılmasına xid­mət edirdi.

Dəyərin görünməyən miqyası 

Hər şey qarşılıqlıdır. Vətən mühari­bəsində mənəvi-siyasi baxımdan qardaş Türkiyə ilə bərabər yanımızda duran Pa­kistan Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə daim dəstək vermiş, tor­paqlarımızı işğaldan azad etməyimizə bizim qədər sevinmişdi. Bu, sözlə ifadəsi mümkün olmayan misilsiz dəyərdir! “Bi­zim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır”. Azər­baycan Prezidenti İlham Əliyev bu söz­ləri iyulun 11-də İslamabadda mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı Azərbaycan və Pakistan arasında əmək­daşlığın, demək olar ki, bütün sahələrini əhatə edən 15 sənədin imzalandığı gö­rüşdən sonra mətbuat üçün verdiyi açıq­lamada bu tərəfdaşlığın bünövrəsində iki xalqın bir-birinə qarşı qardaşlıq münasi­bətlərinin dayandığını bildirib. “Bizim qar­daşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb. Pakistandan gələn insanlar İçə­rişəhəri ziyarət edəndə və Karvansaranı görəndə onu “Multan” adlandırırlar. Biz qardaşıq və dostuq. 2020-ci ilin noyab­rında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakis­tan və Türkiyənin bayraqları var idi”. Bəli, Zəfər günü paytaxt Bakının küçələrində, avtomobillərin aynalarında, insanların əl­lərinə üç bayraq dalğalanırdı. Pakistanlı gənclərin bizimkilərlə qol-qola “yallı” get­məsi səhnələri hələ də gözümüzün qaba­ğındadır. 

Azərbaycanla Pakistanın əlaqələri­nin dərin tarixi köklərə, hər iki xalqın eyni dəyərlərə malik olması birlik və həmrəyliyi daha da möhkəmləndirir. Yeri gəlmişkən, bu iki xalqın çətin günlərdə bir-birnə da­yaq durmasına aid konkret misal. Üstün­dən yüz ildən çox ötmüş həmin hadisə böyük xeyriyyəçi Hacı Zeynalabdin Ta­ğıyevin adı ilə bağlıdır. XX əsrin əvvəl­lərində, Pakistan ərazisi hələ Böyük Bri­taniyanın yurisdiksiyasında olanda yerli əhali arasında yoluxucu xəstəlik, virus yayılmışdı. Pakistanlılar bu xəstəlikdən kütləvi şəkildə dünyasını dəyişirdilər. O vaxt H.Z.Tağıyev şəxsi vəsaiti hesabına 300 min peyvənd alıb Pakistana göndərir. Bununla da pandemiyanın qarşısı alınır. Qədirbilən Pakistan xalqı həmin yaxşılığı bu gün də unutmur. 

Avrasiyanın “Üçlər ittifaqı” 

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Prezidenti İlham Əliyevə xitabən qardaş səmimiliyi ilə söylədiyi bu sözləri isə dünya medi­asında yer alıb: “Siz öz dəyərli vaxtınızı sərf edərək qardaş ölkəyə səfər edirsi­niz. Buraya eniş etdikdən bəri Pakistan xalqı Sizi televiziya ekranlarında və sosial mediyada görməkdən çox məmnundur. Ona görə məmnundur ki, səmimi dost və həqiqi qardaş öz qardaş ölkəsini ziyarət edir“.

Cari ilin noyabrında Azərbaycanın evsahibliyi edəcəyi beynəlxalq COP29 tədbirinə dəvət olunduğunu məmnunluq­la dilə gətirən cənab Məhəmməd Şahbaz Şərifin Bakıya səfəri zamanı yaşadığı hissləri yada salaq: “Səxavətiniz və çox səmimi qonaqpərvərliynizlə bağlı o xoş anları hələ də xatırlayıram. Nahar zamanı ləziz yeməyiniz hələ də xatirimdədir. Kaş onun dadına bir də baxa bilərdim. Amma bunun üçün Sizin möhtəşəm ölkənizi yenə də ziyarət etməliyəm. İnşallah, no­yabr ayında gələcəyəm”. 

Mətbuata rəsmi bəyanatın protokol sərhədlərini aşan bu açıqlaması ilə Pakis­tan Baş naziri həm də bütün səfər boyu dövlətimizin başçısına içdən gələn səmi­mi münasibətini dəfələrlə nümayiş etdir­di. Azərbaycan, Türkiyə və Pakistan! İndi dünya bizim əsrlər boyu bir-birimizə necə bağlı olduğumuzu anlayır. Həqiqətən, bu bağlantı böyük sərvətdir. Artıq birməna­lı şəkildə deyə bilərik ki, Azərbaycan və Pakistan münasibətləri təkcə iki qardaş ölkənin deyil, bütövlükdə, Avrasiya qitəsi­nin gələcəyi üçün böyük əhəmiyyətə ma­likdir. Çünki hazırda planetin yeni təhlükə­sizlik arxitekturasının qurulması məsələsi məhz Avrasiyada müzakirə edilir. Bu yeni dönəmdə müxtəlif ölkələr arasında rəsmi, eləcə də qeyri-rəsmi ittifaqların yaranması da təsadüfi sayılmamalıdır. Türkiyə–Azər­baycan–Pakistanın timsalında görünən “Üçlər ittifaqı” isə həm hər üç ölkənin milli maraqlarının birgə müdafiəsi, həm də Avrasiyanın təhlükəsizlik sistemində güc mərkəzinə çevrilmək baxımından perspektivli alyans hesab olunur. Ankara, Bakı və İslamabadın bu istiqamətdə qar­şılıqlı faydalı əməkdaşlıq qurmaları üçün heç bir maneə görünmür. Prezident İlham Əliyevin İslamabada dövlət səfəri həm də bu kontekstdə önəm daşıyır.

Pakistanlı Türk dünyasının dirçəliş dövrü 

Bunu bir daha qeyd etməyi vacib sayı­rıq ki, 44 günlük Vətən müharibəsi dönə­mində, eləcə də ondan sonrakı müddətdə qardaş Pakistan xalqı və hakimiyyəti daim Azərbaycanın yanında oldu. İslamabad özünün siyasi və mənəvi dəstəyini Bakı­dan əsirgəmədi. Azərbaycan xalqı Pakis­tan xalqının bu dəstəyini yüksək qiymət­ləndirir və heç zaman unutmayacaq. Qəti şübhə etmirik ki, dərin tarixi köklərə ma­lik, uğurlu gələcəyə hesablanmış Azər­baycan–Türkiyə–Pakistan münasibətləri, dostluğumuz və qardaşlığımız bundan sonra yalnız yüksələn xətt üzrə inkişaf edəcək. Bu, uzaq perspektivin yox, yaxın gələcəyin layihəsidir. Reallıqda həmin layihə “de-fakto” baş verib, qalıb onun “de-yure” kimi sənədləşməsi. Yəni, asiya­lı Pakistanın da avropalı Macarıstan kimi Türk dünyasının bir parçasına çevrilməsi heç də uzaqda deyil. Bu nüvə dövlətinin TDT-yə daxil olandan sonra təşkilatın əhatə edəcəyi coğrafiyanı təsəvvürü­nüzə gətirin. Türk dünyasının, Turanın nə boyda ola biləcəyini düşünün! Ən önəm­lisi isə qardaşların hərbi alyansı nüvə silahına sahib Pakistanın gəlişi ilə daha böyük gücə çevriləcək, fərqli məna kəsb edəcək. Və tezliklə bu birliyin əzəmətinə bütün dünya heyran qalacaq. Bu, artıq ta­mamilə yeni bir tarixi mərhələnin, həm də olduqca şərəfli bir səhifənin başlanması anlamına gəlir. 

İmran BƏDİRXANLI
XQ

Siyasət