Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərçivəsində Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova və Efiopiya Federal Şurasının spikeri Aqeqnehu Teşager ilə görüşlər keçirib.
Respublika Şurasının sədri Natalya Koçanova ilə görüşdə Azərbaycan və Belarus arasında dostluq prinsiplərinə əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. Tərəflər ölkələrimiz arasında münasibətlərin hazırkı inkişafında iki ölkənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlərin mühüm rolu qeyd edilib. Bu görüşlərin, həmçinin son dövrlərdə Azərbaycan və Belarus arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdiyi, imzalanan sənədlərin əlaqələrin daha da dərinləşməsini təmin etdiyi diqqətə çatdırılıb.
Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə daha da inkişafının əhəmiyyəti vurğulanıb və bu istiqamətlərdə mövcud imkanlarla bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan və Belarus parlamentlərinin əlaqələrin həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığından məmnunluq ifadə edilib. S.Qafarova özünün ötən ay Belarus Respublikasına rəsmi səfərini və keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.
Efiopiya Federal Şurasının spikeri Aqeqnehu Teşager ilə görüşdə də iki ölkə arasındakı əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb, bir sıra sahələrdə əməkdaşlıq imkanlarının olduğu bildirilib.Eyni zamanda, iki ölkənin parlamentlərinin müxtəlif beynəlxalq təşkilatlarda birgə fəaliyyət göstərdiyi vurğulanıb.
Spiker Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti barədə məlumat verib və Efiopiyanın təşkilatın konfransında iştirakını xatırladılıb. Bununla yanaşı, qanunverici orqanlarda dostluq qruplarının fəaliyyət göstərdiyi, qruplar arasında qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyəti bildirilib.
Efiopiya Federal Şurasının sədri Azərbaycanın Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində fəaliyyətini yüksək qiymətləndirərək, ölkəmizin hərəkata sədrliyi dövründə irəli sürdüyü təşəbbüsləri təqdir edib.
Görüşlərdə bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 haqqında da söhbət açılıb. S. Qafarova COP29 çərçivəsində Milli Məclisin Parlamentlərarası İttifaq ilə birlikdə təşkil edəcəyi Parlament konfransı haqqında da məlumat verib.
Ə.BƏDƏLOV
XQ