Azərbaycanda milli intibahın başlanğıcı

post-img

İyulun 14-də ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə haki­miyyətə gəlişinin 55 illiyi tamam olur. Sovet İttifaqı tərkibində xalqımızın milli intibahına başlanğıc olmuş bu tarixi gün sonrakı möhtəşəm gedişatla ölkə­mizi 22 il sonrakı dövlət müstəqilliyinin bərpasına yönləndirib və suverenlik epoxasının zəruri əsaslarını hazırlayıb. Bugünlərdə şəhər və rayonlarımızda, ayrı-ayrı qurumlarda keçirilən çoxsaylı toplantılarda Ulu öndəri Azərbaycanın siyasi hakimiyyət sükanı arxasına gətirmiş günün tarixi önəmi və taleyüklü uğurların qazanmasına başlanğıc olması qədirbilənliklə qeyd olunur.

Naxçıvan

Dünən ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəl­məsinin 55-ci ildönümü münasibətilə Naxçıvanda “14 iyul 1969-cu il: Azər­baycanda milli intibahın başlanğıcı” adlı konfrans keçirilib.

Əvvəlcə Heydər Əliyev Sarayının fo­yesində təşkil olunan sərgiyə baxış olub. Ekspozisiyada Ümummilli liderin Naxçı­van səfərlərinin yaddaqalan məqamları­nı, muxtar respublika sakinləri ilə səmimi görüşlərini və mətbuatda çıxışlarını əks etdirən fotolar nümayiş etdirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəf­li konfransda çıxış edərək qeyd edib ki, dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyev öz xalqını zamanın mürək­kəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zə­kasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. 

Səlahiyyətli nümayəndə bildirib ki, ötən əsrin 60-cı illərində Azərbaycanda durğunluq hökm sürürdü, respublika iq­tisadi göstəricilərinə görə, ittifaq miqya­sında sonuncu yerlərdən birində idi. Bu acınacaqlı vəziyyətə 1969-cu il iyulun 14-də keçirilmiş plenumda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkə­zi Komitəsinin birinci katibi seçildikdən sonra son qoyulub. Beləliklə, 1969-1982-ci illər Azərbaycan tarixinə intibah dövrü kimi daxil olub.

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri Arif Rəhimzadə ümum­milli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq dövrü res­publikamızın inkişaf və tərəqqi illəri kimi səciyyələndirib. AMEA Naxçıvan Bölmə­sinin sədri, akademik İsmayıl Hacıyev diqqətə çatdırıb ki, Ulu öndərin hakimiy­yətinin birinci mərhələsində Azərbaycanı geridə qalmış aqrar ölkədən inkişaf etmiş aqrar-sənaye ölkəsinə çevirib. Heydər Əliyev siyasətinin fəlsəfi kökündə milli təfəkkür, milli şüur, milli düşüncə, azər­baycançılıq məfkurəsi dayanıb.

Konfrans Naxçıvan Televiziyasının təqdim etdiyi “14 iyul Zirvəsi” adlı sənədli filmin nümayişi ilə başa çatıb. 

Ağstafa

“14 iyul 1969-cu il: Tərəqqi yolu­nun başlanğıcı, müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qo­yulduğu gün” mövzusunda rayonda keçirilən toplantıda ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bi­rinci dövrünə geniş nəzər salınıb, bu tarixi hadisənin önəmi vurğulanıb.

Mərasimi giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Seymur Oru­cov bildirib ki, Azərbaycanın bugünkü uğurlarının başlanğıc nöqtəsi olan 14 iyul 1969-cu ildə Ulu öndərin Azərbay­canda birinci dəfə siyasi hakimiyyətə gə­lişi ölkəmizdə hərtərəfli tərəqqinin birinci mərhələsi, xalqın özünəqayıdış tarixidir. Azərbaycançılıq ideologiyasının təbliği, inkişaf etdirilməsi məhz o dövrdən baş­lanıb və ölkəmizin bu gününün möhkəm təməli qoyulub.

Bildirilib ki, Heydər Əliyev irsinin layiq­li davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bugünkü qüdrətli Azərbaycanı yaradaraq Ümummilli liderin bütün arzularını reallığa çevirdi. Bu gün Ümummilli liderin ruhu şaddır. 

Çıxış edənlər Ulu öndərin zəngin və mənalı həyatından, Vətən, xalq qarşısın­da misilsiz xidmətlərindən bəhs ediblər. Nümayiş etdirilən videoxronikada tarixi intibahın mənzərəsi əks olunub.

Beyləqan

İyulun 12-də Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ulu ön­dər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 55-ci ildönümü münasibətilə “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbay­canın təməlinin qoyulduğu gün” adlı tədbir keçirilib.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, 1969-cu il 14 iyul tarixinin Azərbaycanın yeni tarixin­də müstəsna özəlliyi var. Məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürət­li inkişaf yoluna qədəm qoyub. Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik et­diyi illərdə gələcək müstəqil dövlətin iqti­sadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqya­sında öncül sıralara çıxıb.

Şəhid anası Kəmalə xanım, Vətən müharibəsi qazisi Qiyas Məmmədli və Ağ­saqqallar Şurasının sədri Etibar İmanov da çıxış edərək bildiriblər ki, Ulu öndər siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə yaşayıb, hər zaman milli dəyərlərə bağlı olub.

XQ





Siyasət